Almaniyadan Azərbaycana uzanan yol...

7 May 2011 00:36 (UTC+04:00)

Həm ziyarət, həm ticarət istəyənlər üçün


Ötən yazıda söz verdiyimiz kimi bu dəfə Azərbaycandan Almaniyaya gedib avtomobil gətirmək istəyən oxucularımıza bildiyimiz məsləhətləri verəcəyik. Almaniyada almaq istəyində oldugun, arzuladığın avtomobili tapmaq elə də çətin deyil. Hətta bunu öncədən, Almaniyaya getməmişdən öncə də etmək olar. Hazırda bu ölkədə praktiki olaraq bütün maşınlar internet (www.mobilie.de) vasitəsilə satılır. Bu da imkan verir ki, əvvəlcə istədiyin, qiymətinə görə sizə uyğun gələn maşını seçəsiniz və bundan sonra elə həmin şəhərə gedəsiniz. Bu daha uyğun variantdır. Birincisi, internetdə təklif nə qədər çox olsa da tez bir zamanda seçim etmək asan iş deyil. Necə deyərlər, təklif çox olduqca seçim eləmək də bir o qədər çətin olur. Bunu hələ Azərbaycanda olan zaman rahatlıqla etmək olar ki, səfər zamanı məhdud olan günləriniz hədər getməsin. İkincisi, Almaniya kifayət qədər böyük bir ölkədir və siz avtomobili məhz hansı şəhərdən tapacağınızı öncədən proqnozlaşdıra bilməzsiniz.


Ola bilər ki, siz Berlinə uçmağı planlaşdırırsınız, amma ürəyinizə yatan avtomobili Hamburq və ya Münhendən tapırsınız. Belə halda siz Berlindən həmin şəhərə getmək məcburiyyətindəsiniz ki, bu da əlavə vaxt və xərcdir. Məsələn, Berlindən Münhenə gedib öz maşınınıza qovuşmaq üçün 850 kilometrdən çox bir məsafəni qət eləmək lazımdır və bu bir nəfər üçün azı 100-120 avroya başa gələcək. Və sonuncu, danışığınızdan asılı olaraq avtomobili satan şəxs və ya salonun nümayəndəsi sizi birbaşa aeroportda qarşılaya da bilər. Yeri gəlmişkən, görüş təyin etmək, maşını bir neçə günlüyə bron etmək bir az incə məsələdir. Təəssüflər olsun ki, əsasən keçmiş sovetlər ölkələrindən olan vətəndaşlara inam xeyli azalıb. Buna da səbəb həmin ölkələrdən olan vətəndaşların, xüsusən də avtomobil alverçilərinin özləridir. Onlar zənglə bir neçə maşını bron edirlər, onlardan birini alırlar qalanlarına isə heç zəng edib görüşü təxirə salmaq barədə məlumat da vermirlər. Belə qeyri-ciddi hərəkətlərlə qarşılaşandan sonra alman salonları həmin ölkələrdən olan zənglərə həvəssiz cavab verirlər və görüş təyininə ondan da az həvəs göstərirlər. Yaxşı olar ki, bunu alman dilini yaxşı bilən tanışınız etsin və danışıqda ciddilik hiss olunsun. Bu zaman avtomobil satan maşını bir neçə gün heç kimə təklif etmədən siz gələnə qədər saxlayacaq. Yalnız təyin olunmuş vaxt keçdikdən sonra başqa alıcılar maşına baxa bilərlər. Telefonla avtomobili bron etmək sizi heç bir hüquqi cavabdehlik altında qoymur, bu sadəcə etik normalardır ki, sizin də ona riayət etməyiniz çox yaxşı olardı. Hər hansı bir səbəbdən görüş vaxtı uzanırsa və ya ümumiyyətlə təxirə salınırsa bu barədə mütləq həmin şəxsə bildirməyiniz vacibdir. Bu xırda məsələ ən azı millətimizin imicinə müsbət təsir edir və növbəti soydaşımız üçün problemlər yaratmır.


Avtomobilin pulunu nağd və ya bank kartınızda apara bilərsiniz. Azərbaycanda mövcud qanunvericiliyə əsasən bir şəxs ölkə xaricinə 10.000 ABŞ dolları apara bilər. Bu təxminən 7000 avro edir ki, o da işlənmiş maşın almaq üçün kifayətdir. Əgər alacağınız avtomobil bahalıdırsa və yaxud alış-veriş həvəskarısınızsa onda aparacağınız əlavə məbləğə görə elə aeroportda 1% vergi ödəyəsi olacaqsınız. Yeri gəlmişkən, mütləq bilməyiniz vacibdir ki, Avropa ölkələrində son 3 ildə qüvvədə olan qanuna əsasən bu ölkələrə daxil olan zaman üstünüzdəki nağd pul 10.000 avrodan çox olduqda bu mütləq deklorasiyada göstərilməlidir. Həmin deklorasiya elə endiyiniz hava limanında ZOLL deyilən yerdə doldurulur. Bu çox asandır və sizdən heç bir ödəniş tələb olunmur. Əks halda isə ciddi problemlə üzləşə bilərsiniz. Həmin ölkənin gömrük əməkdaşları deklorasiyada əksini tapmayan 10.000 avrodan çox məbləğin 25%-ni müsadirə edə bilərlər. Pul barədə bu qədər, qayıdaq avtomobilin alınmasına.


Əgər görüş danışılıbsa və sizi qarşılamırlarsa qalır sizin maşının yanına getməyiniz. Bu çox asandır. Gedəcəyiniz ünvanı dəmiryol vağzalında bilet alacağınız kassaya təqdim edirsiniz və həmin əməkdaş sizə ən tez və ən rahat marşrutu göstərməklə ona uyğun bilet satacaq. Biletlə bərabər sizə marşrutu da çap edib verəcəklər. Həmin kağızda hansı nəqliyyatdan istifadə etməli olacağınız (qatar, avtobus və ya hər ikisi) göstəriləcək. Hətta ayaqla getməli olacağınız yol da öz əksini tapacaq. Yetər ki, həmin kağızda göstərilən reqlamentə uyğun hərəkət edəsiniz və tezliklə çox rahat, taksiyə pul sərf eləmədən gedəcəyiniz ünvanda olacaqsınız. Avtomobili satanla görüşüb, maşına ətraflı bir daha baxıb bəyəndikdən sonra qalır qeydiyyat məsələsi. Bu işdə maşını satan adam sizə yardımçı olacaq. Uzaq ölkələr üçün adətən bir aylıq nömrələr verilir. Nömrənin qiyməti(bir aylıq sığorta ilə birlikdə) Almaniyanın müxtəlif yerlərindən asılı olaraq 100 avrodan 230 avroya qədər dəyişir. Məsələn, Hamburqda bu işi 102 avroya gördükləri halda Rostok və yaxud Zoltau şəhərində 220 avro tələb olunur. Bu tamamilə qanunidir, sadəcə olaraq Almaniya 16 inzibati regiona bölünüb və hər region sığorta qiyməti müəyyənləşdirməkdə sərbəstdir. Yeri gəlmişkən, yaxşı olar ki, "bura Almaniyadır, burada heç kim aldatmaz" prinsipindən uzaq olasınız. Aldadılmaqdan heç bir ölkədə heç kim sığortalanmayıb. Özünüzə güvənib diqqətli olmanız lazımdır. Xüsusən aşağıda göstərilən məqamlara diqqət yetirməniz vacibdir.


1.Maşının sənədi (Almaniyada buna BRİF deyirlər) ilə avtomobilin özündəki şassi nömrəsini tutuşdurmaq.

2.BRİF-in Almaniyaya məxsus olub olmadığını yoxlamaq. Almaniyada Polşa, Rumıniya, Latviya və başqa Avropa Birliyinə yeni daxil olmuş ölkələrin
BRİF-lərilə satılan avtomobillər şübhəlidir və ola bilər ki, sizə yolda, ya da Azərbaycanda böyük problemlər yaratmış olsun.

3.Maşın sahibi tərifləyib inandırsa da, avtomobilin qəzaya düşüb düşmədiyini, yağının dəyişdirilib dəyişdirilmədiyini şəxsən yoxlamaq.

4.Nömrə alan zaman sənədlərin düzgünlüyünü və dəqiq sizin adınıza qeydiyyata salındığını yoxlamaq. Adınızda hər hansı xırda orfoqrafik səhv sonradan sizə problem yarada bilər.


Bütün bunlardan sonra maşın artıq sizindir, xeyirli olsun. Çoxdan arzuladığınız avtomobilin sükanı arxasında Almaniya yollarında şütüməyin öz ləzzəti var. Bundan ötrü yaxşı sürücü olmaq və yol hərəkəti qaydalarını yaxşı bilmək lazımdır. Avropa şəhərlərində Bakıdakı kimi maşın sürmək ən yaxşı halda 1 saatdan sonra qəza törətməklə nəticələnə bilər, amma yol hərəkəti qaydalarını bilən sürücü üçün Bakıdan dəfələrlə rahat olur. Əgər sizin planınıza təkcə maşın almaq deyil, həm də gəzmək daxildirsə, Almaniya bunun üçün ideal ölkədir. Sadəcə rahat gəzmək üçün sizə naviqasiya lazımdır. Naviqasiya Avropada ən yaxşı bələdçidir. Hətta taksi sürücüləri işlədikləri şəhərdə naviqasiyadan istifadə edirlər.


Deyəsən artıq Azərbaycana dönmək vaxtıdır? Yenə də heç bir problem yoxdur. Bakıdan alınmış atlas sizin ən yaxşı yol yoldaşınızdır. Atlası qoyun yanınıza və üz tutun vətənə tərəf. Hazırda Azərbaycana ən rahat və ən təhlükəsiz marşrut Almaniya – Avstriya – İtaliya – Yunanıstan – Türkiyə - Gürcüstan – Azərbaycan hesab edilir. Nisbətən ucuz başa gələn marşrut da var. Bunların hər ikisi barədə və yollarda nələrə fikir vermək, haraları gəzmək, sərhədlərdə nələri bilmək barədə isə növbəti yazıda məlumat olacaq.