Belarus seçkiləri arxada qaldı, amma Minsk küçələri “qaynayır”. Əslində Belarusdakı seçki vaxtı bitsə də, seçki qovğası hələ də davam edir. Avropa ölkəsi olan bu slavyan respublikasında baş verənlər daha çox Rusiya üçün ölüm-dirim məsələsinə çevrilir hər keçən gün. Moskva ikinci Ukrayna şokunu Minskdə yaşamaq istəmir. Seçki ölncəsi Moskvanın Aleksandr Lukaşenkoya “göz ağartması”, Belarus liderinin Rusiyaya qarşı açıq və az qala düşmənsayağı bəyanatlar verməsi Aleksandr Qriqoriyeviçin Moskva tərəfindən “bitirilməsi” məsələsini gündəmə gətirdisə də, son 2-3 gündə baş verənlər qərbdəkilərin Belarus liderinə göz ağartmasına səbəb oldu. Belarus, sözün əsl mənasında tarixinin ən həlledici etapndadır.
Bu seçkilər həm də 26 ildən sonra sakit Belarus üçün yeni təlatüm günlərin başlangıcı oldu. Minsk küçələri etirazçılarla doludur. Aleksandr Lukaşenko seçkidən bir neçə gün əvvəl Minskə muzdli “Vağner” silahlılarını göndərən Moskvanı “yerdən-yerə vururdusa”, Ukrayna TV-lərində Vladimir Putini heç kimin cəsarət etmədiyi şəkldə aşağılayırdısa və ittiham edirdisə, seçkidən sonra isə, Kremlə telefon açıb Rusiya liderini təcili əməkdaşlığa çağırmağa başladı. İndi də A.Lukaşenko bəyanat verib ki, referendumda yeni konstitusiya qəbul olunarsa səkahiyyətlərini təhvil verməyə hazırdır. Nə baş verir, Rusiya seçkidən əvvəl silahlı muzdluları Minskə niyə göndərmişdi, A.Lukaşenko ilə V.Putin arasındakı o sirli və naməlum düşmənçilik bitdimi, V.Putin ona qarşı açıq informasiya müharibəsini seçən Belarus rəhbərini bağışladımı, Minskdəki hazırkı gərginliyin “xaç atası” kimdir, qərb, yoxsa V.Putin?. Suallar aktualdır, amma cavablar müəmmalarla doludur. Artıq Rusiya xüsusi təyinatlılarının Belarus sərhədlərinə üz tutması barədə şəkillər saytlarda ard-arda dərc olunmaqdadır.
Minskdəki hazırkı gərginliyin əsl səbəbkarı, indi ən çox axtarılanlar arasındadır. Bir neçə gün əvvəl şübhəli baxışlar Moskvaya tuşlanmışdısa, indi vəziyyət dəyişib. Sanki ortada qərbin çevriliş havası dolaşır. Bir çoxları Belarus rəhbərinin Ukrayna TV-lərində V.Putin əleyhinə çıxışlarına görə möhkəm “cəzalandırılacağını” iddia edirdilər. Amma sanki vəziyyət bir-neçə gecədə tam dəyişib. A.Likaşenko Minskdə tutduğu “Vagner” silahlılarını artıq Moskvaya təslim edib. İndi də Ukrayna rəsmiləri A.Lukaşenkonu sözünün üstündə durmadığına görə suçlayırlar. Belə görünür ki, cəmi bir neçə gecəyə A.Lukaşenko ilə Moskva arasındakı “buzlar” da əriyib gedib...
Diqqət edin: Cəmi bir neçə gün əvvəl Rusiya mətbuatı A.Lukaşenkonu məlum çıxış və iddialarına görə bir nömrəli düşmən belə elan etmişdi. Amma belə görünür ki, “batka” V.Putinlə razılaşıb artıq. Düzdür, Vladimir Putin neçə gün əvvəl Aleksandr Lukaşenkonu təbrik də edib, xeyir-dua da arzulayıb. Bu təbrik çox hallarda o deməkdir ki, artıq Moskva öz “xeyir-duasını” verib, seçilən namizəd rahat nəfəs ala bilər. Amma cəmi bir neçə gün əvvəl elə belarusluların özləri V.Putinin bu “xeyir duasının” səmimiliyinə qorxu qarışıq şübhə ilə yanaşırdılar. Xüsusilə A.Lukaşenkonun Ukrayna efirlərində Kreml sahibini “yerdən-yerə” vurmasına görə KQB generalının qisas üçün məqam gözlədiyini düşünənlər də yetərincə idi. Amma indi vəziyyət dəyişdi. Çünki ilk əvvəl V.Putinlə açıq informasiya müharibəsinə girən A.Lukaşenko qərb üçün sərfəli fiqur idisə, Moskvaya meyl edən son addımlardan sonra artıq Belarus lideri qərbdəkilərin də qəzəbinə gəlib. Görünür “böyük qardaş” olan V.Putin yeni bir slavyan şoku yaşamamaq və Belarusu qərbdəkilərə “yedirməmək” üçün A.Lukaşenkonun bütün siyasi ərköyünlüklərini həzm etməli oldu. Məncə A.Lukaşenko 26 illik hakimiyyəti ərzində heç vaxt belə dəhşətli duruma düşməmişdi. Əvvəlcə V.Putinlə düşmənçilik, indi də qərblə açıq mübarizə. Gerçəkdən Belarusda siyasi proseslər “əl dəyişir”. Artıq qərbdəkilər bu dəfə Lukaşenkonu hakimiyyətdən uzaqlaşdırmaq eşqinə düşüblər. Kim qalib gələcək, bunu çox yaxın zaman göstərəcək. Hər saniyəsi tarixi dəyişən zaman...
Mətləb Salahov