Müslüm Maqomayev haqqında videoçarx hazırlanıb

17 Avqust 2020 11:41 (UTC+04:00)

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli müğənni, Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 78-ci ildönümü münasibətilə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx hazırlayıb.

Kitabxanadan SİA-ya bildirilib ki, çoxsaylı izləyici tərəfindən baxılan bu videoçarx unudulmaz sənətkarın gənclik dövrünə, sənətdə atdığı ilk addımlara, şöhrətə aparan yolda sərf etdiyi zəhmətə, Azərbaycan adını dünya şöhrətli səhnələrdə tanıtmasına bir səyahətdir. Videoçarxda Müslüm Maqomayevin ilk uğurunu 1962-ci ildə qazanması, sonradan Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanaraq oradan medalla qayıtması və bu münasibətlə populyar “Oqonyok” jurnalında “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqalə ilə dərc edilməsi vurğulanıb. Kitabxananın əməkdaşı tərəfindən hazırlanan videoçarxda müğənninin XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olması, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçməsi də diqqətə çatdırılıb. Videoçarxda dahi sənətkarın çəkildiyi filmələr də yer alıb. Bundan əlavə, dünya şöhrətli müğənninin repertuarında 600-dək əsərin olması və onların içərisində Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yer tutması haqqında məlumat verilir. Eyni zamanda rus, ispan, italyan və s. dillərdə mahnılar ifa edən sənətkarın bir sıra xarici ölkələrdə qastrol səfərlərində olması və Azərbaycanın adını getdiyi hər bir ölkədə uca tutması, ölkəmizi tanıtması haqqında fikirlər yer alıb.