Rusiyanın bir çox vilayətlərində yanacaq çatışmazlığı və benzinin bahalaşması müşahidə edilir. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aprelin ortalarından Altay vilayətdəki yanacaqdoldurma məntəqələri müştərilərinə 20 litrdən artıq benzin satmır. Daha sonra böhran Tomsk, Murmansk, Novosibirsk vilayətində, Saxalində hətta paytaxt Moskvanın özündə müşahidə edilib.
Problemi həll etmək üçün Rusiya hökuməti ciddi qərarlar qəbul etməyə başlayıb. Mayın əvvəlindən Rusiyadan xaricə benzin ixracına 1 aylıq qadağa qoyulub. Vəziyyət yaxşılığa doğru dəyişməsə qadağanın müddəti uzadılacaq. Rusiya energetika nazirinin müavini Sergey Kudryaşov yaxın gələcəkdə ölkədə benzinin 5 faiz bahalaşacağının proqnoz edildiyini deyib.