“ATƏT-in Minsk Qrupu ilə bağlı konkret qərar verməyin vaxtı çatıb” ÖZƏL-ŞƏRH

15 Avqust 2020 14:52 (UTC+04:00)

"Bütün dünya bilir ki, Ermənistan o cırtdan canı ilə Azərbaycan kimi bir dövlətin nə torpağını işğal edə bilməzdi, nə insanlarını öldürə bilməzdi. Azərbaycan torpaqlarının işğal altında olmasının səbəbi Rusiyadır". Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, Qarabağ münaqişəsinin başlanmasının əsası da elə məhz Moskvada qoyulub, bunun arxasında Rusiya dayanıb və konkret olaraq Qarabağda gedən döyüşlərdə Rusiyaya məxsus hərbi birləşmələr iştirak ediblər: "Bunların ən diqqət çəkənlərindən biri də 1992-ci ilin 26 fevral tarixində baş vermiş Xocalı soyqırımıdır ki, burada erməni silahlı birləşmələri ilə yanaşı Rusiya silahlı qüvvələri də birbaşa iştirak edib. Özü də bu o vaxt baş verib ki, artıq Azərbaycan müstəqil bir dövlət idi. Yəni, Rusiya ilə hər hansı bir bağlılığı yox idi və belə bir şəraitdə ermənilərlə birlikdə ruslar da azərbaycanlıların qanını töküb, torpaqlarını işğal ediblər. Ondan sonrakı dövrdə də bütün mərhələlərdə Ermənistanın ayaqda dura bilməsi üçün məhz Rusiya bütün gücü ilə Ermənistanı dəstəkləyib ki, bu münaqişə həllini tapmasın. Təəssüflər olsun ki, belə bir şəraitdə Rusiya həm də münaqişənin həlli üçün qurulmuş ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Təbiidir ki, belə bir şəraitdə Rusiyanın ədalətinə güvənmək mümkün deyil. Bütün bunların fonunda Cənab Prezidentin bu yaxınlarda Rusiyadan Qazaxıstan, Türkmənistan və İrandan keçməklə, Ermənistana göndərilmiş 400 ton hərbi yüklə bağlı prezident Putinə zəngi əlbəttə xüsusi şərh edilməlidir. Burada bizim diqqətimizi nə çəkir? Diqqətimizi çəkən odur ki, Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyanın qarşısında kiçik qardaş rolunda deyil. Azərbaycan Rusiya ilə müqaisədə kiçik dövlət olsa da bu dövlətin başçısı, Prezidenti özünü liderə yaraşan bir tərzdə aparır, Rusiyanın böyüklüyündən asılı olmayaraq Azərbaycanın müstəqil dövlət mövqeyini qətiyyətlə, cəsarətlə ifadə edir və məhz buna görə də o yüklərin daşınması ilə bağlı Cənab Prezident İlham Əliyev Rusiya prezidenti Putinə zəng edib, ondan izahat istəyib. Yəni bu elə-belə bir şey deyil. Buna, misal üçün, Ermənistan dövlətinin rəhbərləri heç vaxt cürət etməzdilər. Çünki, hamı da bilir ki, Ermənistan Rusiyanın "for-post"udur, əlaltısıdır, Rusiyanın çaldığına oynamasa, başına min cür oyun gələ bilər. Azərbaycan isə belə bir dövlət deyil. Biz müstəqil dövlətik. O baxımdan mən düşünürəm ki, beynəlxalq platformalarda da elə dünyanın hər tərəfində də bizim bölgəmizi izləyən, təhlil edən mərkəzlər Prezident İlham Əliyevin bu yanaşmasını xüsusi olaraq diqqətə alırlar".

A.Həsrət qeyd edib ki, ATƏT-in Minsk Qrupu ilə bağlı konkret qərar verməyin vaxtı çatıb: "Yəni, mövcudluğu dönəmində ATƏT-in Minsk Qrupu hər hansı dəyişikliyə nail ola bilməyib. Ermənistan öz təcavüzkarlığından əl çəkməyib, bir qarış torpağıməzdan belə geri çəkilmək istəməyib. Müəyyən istisnalar var və bu istisnalar da Azərbaycan ordusunun gücünü görəndən sonra çəkilmək məcburiyyətidir. Yəni, Naxçıvandakı torpaqların bir qisminin azad edilməsi, yaxud da, 2016-cı ilin aprel döyüşləri zamanı müəyyən ərazilərin azad edilməsi olub, amma ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə hər hansı addım atılmayıb. Eləcə də qrupun həmsədri olan Amerika Birləşmiş Ştatları, Fransa və Rusiyanın bu prosesdə nə rol oynadığı hələ də bəlli deyil. Yəni, konkret nəticələr yoxdur. Ona görə də mən düşünürəm ki, Azərbaycanın indiki tutduğu yol, mövqe ən doğrusudur. Yəni, bizim Türkiyə ilə münasibətlərimizin, hərbi münasibətlərimizin daha yüksək zirvəyə qaldırılması baxımından atılan addımlar ən doğrusudur və ümumiyyətlə, Rusiyanın oyundan kənarlaşdırılması, mənə elə gəlir ki, bütövlükdə münaqişənin daha tez və ədalətli həllinə səbəb ola bilər”.