"Paşinyanın ittihamlara vermək istədiyi cavablar məntiqsiz və əlaqəsiz idi" ÖZƏL-RƏY

15 Avqust 2020 11:17 (UTC+04:00)

"Öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistanı yalanlarla bəzəyib gizlətmək mümkün deyil". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan BBC telekanalının məşhur “HARDtalk” (Çətin söhbət) verilişinin avqustun 14-də yayımlanmış növbəti buraxılışında tanınmış jurnalist Stefen Sakurun çətin sualları qarşısında açınacaqlı duruma düşdü: "Söhbət təkcə onun ingilis dilini pis bilməsindən, hər cümləsində ingilis dilinin elementar qrammatik normalarını gözləməməsindən, bu dildə gülünc danışmasından getmir. Paşinyan həm də kəsərli suallar qarşısında özünün və təmsil etdiyi ölkəsinin əsl simasını nümayiş etdirdi. (https://www.bbc.co.uk/programmes/w3cszbxn)

Xatırlatmaq yerinə düşər ki, Paşinyan qərbpərəst siyasətçi kimi hakimiyyətə gəlmişdi. Ötən zaman bu adamın özünün sələflərindən fərqlənmədiyini və verilən sualların xarakteru də artıq Qərbin də bunu anladığını göstərir.

Danılmaz faktdır ki, Paşinyan ötən zaman kəsiyində yürütdüyü siyasətlə Ermənistanda mürəkkəb və ziddiyyətli daxili prosseslər, anti-demokratiya, həm də Ermənistan - Azərbaycan münaqişəsinin həllində sələflərinin mövqeyini “uğurla” davam etdirdiyini sözün bütün mənalarında sübuta yetirib.

Müsahibədən çıxan digər nəticə isə odur ki, Paşinyan hələ də siyasətçi kimi formalaşmayıb. Təcrübəsiz və səriştəsiz biri olaraq qalıb. Gözlənilirdi ki, Paşinyan ən azı Münxen konfransındakı biabırçılıqdan hansısa nəticə çıxarıb. Amma bu dəfə də həmin biabırçılığı daha kəskin formada təkrarlamaqdan o yana keçə bilmədi. Jurnalist kimi fəaliyyət təcrübəsinin olmasına baxmayaraq, Paşinyan birinci dəfə mikrofon qarşısına çıxan naşı siyasətçi təsiri bağışlamaqla əslində nəyə qadir olduğunu sərgilədi.

Ortaya maraqlı sual çıxır: adi jurnalistin qarşısında belə aciz duruma düşən Paşinyan daha mürəkkəb görüşlərdə nə edir? Görün, belə bir qabiliyyət sahibi dövlət və hökumət başçıları ilə ikitərəfli və çoxtərəfli danışıqlar formatında hansı biabırçı vəziyyətə düşür?

Gəlin, müsahibənin ayrı-ayrı məqamlarına toxunaq.

Birinci diqqəti cəlb edən məqam o oldu ki, “Nikol Paşinyan: Ermənistan və Azərbaycan üçün sülh?” başlıqlı verilişin internet səhifəsindəki təqdimetmə mətninə Paşinyan haqqında belə ifadə işlədildi: “O, hakimiyyəti siyasi islahatlar vədi ilə ələ keçirmişdir, bəs necə oldu ki Ermənistan hələ də köhnə müharibələrə qərq olmuş vəziyyətdədir?”.

Digər tərəfdən, müsahibəni təqdim edən hazırlıqlı və peşəkar S.Sakur Paşinyana münasibətdə kəskin və kinayəli səslənən ifadələr işlətməsi nəzərə çarpdı. Məsələn:

• “Ermənistanda baş vermiş siyasi inqilab onun Dağlıq Qarabağ üzərində Azərbaycanla uzun illər davam edən münaqişəsinə son qoyacağına ümidlər yaratdı, lakin belə olmadı”

• “Münaqişə və Yerevandakı hərbi ritorika ilə yanaşı, Ermənistan digər çağırışdan da əziyyət çəkir: koronavirus pandemiyası ölkəyə ağır zərbə vurmuşdur, iqtisadiyyat dərin böhrandadır, Rusiya, Türkiyə və ABŞ-dan strateji təzyiqlər göstərilir”

• “Ermənistan əhalisinin əhvalına baxanda onların məxməri inqilaba olan böyük ümidlərinin puç olduğunu görmək olar. Səhv nədə idi?”

Paşinyanın jurnalistin sualına cavabını “Mən sizin təəssüratla tamamilə razı deyiləm” cümləsi ilə başlaması onun bu sahədə də diletant olmasından xəbər verdi. Müsahibədə Paşinyan Ermənistanın məxməri inqilabdan sonra guya irəliyə getdiyini, dünya reytinqlərində demokratiya, insan haqları, iqtisadi inkişaf, antikorrupsiya, məhkəmə islahatı sahələrində ən sürətli inkişaf edən ölkə olduğunu iddia edərək, müxtəlif uydurma fikirlər ortaya atdı. Ölkəsindəki mövcud acınacaqlı durumun bütün günahını isə koronavirus pandemiyasının üzərinə atmağa çalışdı.

Fəqət S.Sakir reallığı Paşinyandan yaxşı bildiyi üçün onun sözünü kəsdi və koronavirus mövzusuna köklənməklə müsahibənin mahiyyətindən yayınmaq cəhdinin qarşısı aldı. Belə ki, Paşinyana “Siz hakimiyyətə gələndə Azərbaycanla sülh üçün cığırın tapılacağı vədini vermişdiniz, halbuki ötən ay yeni döyüşlər, yeni münaqişə, hər iki tərəfdən hərbçilərin həlak olmasını gördük. Sanki Ermənistan əvvəlki təcrübəsini davam etdirir və vəd edilən dəyişiklik baş vermir?” sualını verdi.

Təbii ki, bu sual N.Paşinyanda isterik reaksiya doğurmaya bilməzdi. Bunun nəticəsi idi ki, o, beynəlxalq səviyyədə qəbul olunmuş mövcud danışıqlar formatının dəyişdirmək və işğal altındakı Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi münaqişə və danışıqlar tərəfi kimi təqdim etmək istəyini münaqişənin həlli üzrə indiyə qədər görünməyən yeni bir “formula” olduğunu sübut etmək üçün vurnuxmağa çalışdı.

Və nəticə... Onun sözünü bir daha kəsən S.Sakur “Lakin əməllər sözlərdən daha çox danışır” ifadəsi işlətməklə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisini artilleriya atəşinə məruz qoymaqda, bir nəfər 76 yaşlı dinc sakini qətlə yetirməkdə ittiham etdi, “Bir daha deyirəm ki, sizin apardığınız siyasət sülhə nail olmaq məqsədi daşımır” deməklə Paşinyanı çətin vəziyyətə saldı.

Jurnalistin Paşinyanın Azərbaycanın ünvanına səsləndirmək istədiyi cəfəng ittihamları dinləmək istəməməsi bütün veriliş boyu hiss olunurdi. Eyni zamanda, S.Sakur onun üzünə bu fikirləri səsləndirməkdən çəkinmədi:

- Siz özünüz son aylarda gərginliyi artıran bir sıra təxribatçı hərəkətlərə yol vermisiniz. Məsələn, niyə siz keçən ilin avqust ayında “Stepanakert”ə (Xankəndiyə) gedərək “Artsax (Siz Dağlıq Qarabağı belə adlandırırsız) Ermənistandır və nöqtə” bəyanatını etdiyiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı. Bu, Azərbaycana qarşı açıq-aydın bir təxribat idi.

Paşinyan bu suala ənənəvi üsulla- saxta tarixi iddialar səsləndərməklə cavab verməyə çalışdı. Amma onun bu cəhdi də iflasa uğradı. S.Sakur onun üzünə “Sizin iddia etdiyiniz minillik tarixinizə girməyə niyyətimiz yoxdur. Bizim məqsədimiz hazırkı reallıqlara baxmaqdır. BMT-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan silahlı qüvvələri işğalçı ordudur və siz Dağlıq Qarabağa girərək o ərazinin sizin olduğunu iddia etməyə çalışırsız. Siz açıq-aşkar sülhpərvər deyilsiz” ittihamını vurdu.

Bundan başqa, S.Sakur Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeni yolun inşa edilməsini avropalı ekspertlər tərəfindən beynəlxalq hüququn pozulması, qeyri-qanuni işğal faktının möhkəmləndirilməsi kimi dəyərləndirdi: “Ermənistan Dağlıq Qarabağ məsələsində millətçilik mövqeyindən çıxış edir, Ermənistan hakimiyyətinin hazırkı strategiyasında heç bir mənalı sülh elementi sezilmir. Siz sələflərinizdən heç nə ilə fərqlənmirsiz. Ermənistan əhalisi üçün vacib olan bu problemin həlli üçün siz heç bir fərqli yanaşma təqdim etmirsiz”.

S.Sakur bununla kifayətlənməyərək Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı ağır müharibə cinayətləri və insan haqları pozuntuları törədildiyini, bu cinayətlərin əksər müstəqil müşahidəçilər tərəfindən sənədləşdirildiyini Paşinyanın nəzərinə çatdırdı və ardınca keçmiş hüquq müdafiəçisi kimi Azərbaycan və beynəlxalq məhkəmə qarşısında bu cinayətləri etiraf etməsinin vacibliyini bildirdi. Belə ki, Ermənistan silahlı qüvvələrinin 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri xatırlatdı və Paşinyana “bunları etiraf etməyə və Azərbaycan xalqından üzr istəməyə hazırsınızmı” sualını verdi. Sakur dəfələrlə sualı təkrarlasa da, Paşinyandan düz-əməlli bir cavab ala bilmədi: “Mən sadəcə erməni hərbçiləri tərəfindən törədilən cinayətlərə görə məsuliyyəti öz üzərinizə götürməyə və üzr istəməyə hazır olub-olmadığınızı bilmək istəyirəm. Bu, çox sadədir: Bəli və ya xeyr?”. Paşinyan isə “bütün müharibələrdə insan fəlakətləri olur” deməklə bu ittihamı sanki qəbul etmiş vəziyyətinə düşdü.

Müsahibədə koronavirus mövzusuna keçən S.Sakur pandemiya ilə mübarizədə Ermənistan hakimiyyətinin səylərini və strategiyasını ciddi uğursuzluq adlandırdı, yayılma statistikasının qonşu Gürcüstan və Azərbaycanla müqayisədə olduqca acınacaqlı olduğunu bildirdi. Paşinyan bu uğursuzluğu dünyadakı vəziyyətlə əlaqələndirməyə çalışsa da, S.Sakur baş nazirin addımlarının öz əhalisi tərəfindən mühakimə edildiyini vurğuladı: “Siz may ayında Arayik Arutunyanın “inauqurasiyasında” iştirak edəndə maska taxmamışdız, iyunun ortalarında sizin ölkədə ciddi epidemioloji böhran hökm sürürdü və siz öz əhalinizi məsuliyyətsizlikdə ittiham etməyə başladınız. Sizin maskasız insanlar arasında olmağınız liderlik kimi görünmürdü. Sizin ünvanınıza əhali və digər siyasi partiyalar tərəfindən kəskin ittihamlar səsləndirildi”.

S.Sakur açıq formada digər həqiqətləri də dilə gətirdi. Beynəlxalq təşkilatlar tərəfindən Ermənistandakı demokratik vəziyyətin də kəskin hədəf obyektinə çevrildiyini, ölkədə ciddi insan haqları pozuntularının, xüsusilə azlıqlara və zərif təbəqələrə qarşı ayrı-seçkiliyin hökm sürdüyünü, korrupsiyaya qarş mübarizənin yetərli olmadığını, siyasi rəqiblərə qarşı repressiyaların davam etdiyini də vurğuladı.

Paşinyanın bu ittihamlara vermək istədiyi cavablar isə məntiqsiz və əlaqəsiz idi. Və heç bir suala dürüst cavab verilmədi.

Beləliklə, müsahibə isbatladı ki, Paşinyan nəinki ölkə rəhbəri kimi, hətta adi siyasətçi və jurnalist kimi də nə qədər diletant biridir.

İkincisi, dünya əsl həqiqətləri bilir. Öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistanı yalanlarla bəzəyib gizlətmək mümkün deyil.

Üçüncüsü, Ermənistanın yeni rəhbərliyi reallıqları, regional vəziyyəti düzgün dəyərləndirmək imkanlarını əldən verib. Bu isə Ermənistanın artıq köhnələn “yeni hakimiyyətinə” yaxşı heç nə vəd etmir...".