"Məscidlərdə çox insanın toplaşması yoluxmaların sayının artmasına şərait yaradır" ÖZƏL - AÇIQLAMA

14 Avqust 2020 17:48 (UTC+04:00)

"Hz. Peyğəmbər belə buyurub ki, əgər olduğunuz yerdə vəba və ya ona bənzər yoluxucu xəstəlik varsa, olduğunuz yerdən çölə çıxmayın, yəni evdə qalın. İnsanlarımızı belə bir vəziyyətdə səbirli və təmkinli olmağa çağırırıq". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin fətva və moizələr şöbəsinin mütəxəssisi Hacı Ağasəid Yaqubov qarşıdan gələn Məhərrəm ayı münasibətilə məscidlərdə dini ayinlərin və mərasimlərin keçirilməsinin indiki pandemik vəziyyətdə yoluxmaların sayının artmasına səbəb olacağından danışarkən deyib.

Onun sözlərinə görə, məscidlərdə dini mərasimlərin və ayinlərin keçirilməsinin təxirə salınması epidemioloji vəziyyətlə əlaqədardır, çünki, insanların kütləvi şəkildə bir məkana toplaşması yoluxma ehtimalını artırır: "Bütün dünyada pandemiya dövründə yoluxma sayını artıra biləcək ictimai yerlər fəaliyyətini dayandırıb. O cümlədən, məscidlər də ictimai yerlər olduğundan onlar da Operativ Qərargahın qərarlarına əsasən digər ictimai yerlər kimi fəaliyyətlərini məhdudlaşdırıblar. Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaş pandemiya ilə əlaqədar Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməlidir, o cümlədən, indiki dövrdə Qafqaz Müsəlmanları İdarəsi də öz işini bu qaydalara əsasən qurur".

Ağasəid Yaqubov vurğulayıb ki, pandemiya şəraitində bütün ölkələrdə infeksiya ilə bağlı nəzarəti həyata keçirən qurumların qaydalarına əsasən işlər aparılır, həmçinin, bu nöqteyi-nəzərdən Azərbaycanda da böyük ictimai yerər, ticarət obyektləri bu səbəbdən fəaliyyətlərini dayandırıb, eyni zamanda, məscidlər də öz fəaliyyətlərini pandemik vəziyyətə əsasən qurublar: "Məscidlər böyük kütlənin toplaşdığı yerlərdir. Virus təhlükəsi olduğundan məscidlərdə çox insanın toplaşması yoluxmaların sayının artmasına şərait yaradır. Ona görə də, məscidlərdə kütləvi dini ayinlərin icra olunması müəyyən qədər təxirə salınıb. Diqqət yetirsək, Həcc ziyarəti belə çox az insanla həyata keçirildi. Hz. Peyğəmbər belə buyurmuşdur ki, əgər olduğunuz yerdə vəba və ya ona bənzər yoluxucu xəstəlik varsa, olduğunuz yerdən çölə çıxmayın, yəni, evdə qalın. İnsanlarımızı indiki vəziyyətdə səbirli və təmkinli olmağa çağırırıq. Hazırda, heç bir narahatlığa əsas yoxdur, lazımı tədbirlər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən görülməkdədir".