"Azərbaycan-Türkiyə vəhdəti sözdə deyil, əməldədir" - MÖVQE

14 Avqust 2020 16:15 (UTC+04:00)

"Bir millət, iki dövlət - Azərbaycan və Türkiyə. Bu gün dünyada ikinci bir nümunə, analoq tapmaq olmaz ki, iki dövlət bir-birinə bu qədər yaxın, sıx, bağlı olsun. Çünki bu, təsadüfi deyil. Bu, sırf qan, kök, soy bağlılığıdır. Dilimiz, dinimiz, ruhumuz, qanımız, canımız birdir. Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycanın kədəri Türkiyənin kədəri, sevinci Türkiyənin sevincidir... Bu, keçmişdə də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Kimsənin ötən dönəmlərdə bu birliyi, bu sarsılmazlığı poza bilmədiyi kimi, bundan sonra da heç bir gücün, qüvvənin bu vəhdəti, bu birgəliyi pozması, sarsıtması mümkün olmayacaq. Necə ki, çar Rusiyası, 71 illik sovet boyunduruğu bu birliyi, ruh, kök bağlılığını sarsıda, məhvərindən oynada bilmədi... Ona görə də yenidən buna cəhd edən qüvvələr, minbir fitnə-fəsad ilə öz məkrli niyyətlərinə çata biləcəklərini düşünənlər öz murdar əməllərindən əl çəksələr yaxşı olar. Atalar məsəlimizdə də deyildiyi kimi, dəyirman öz işindədir, çax-çax baş ağrıdır və ağrıdacaq... Üstümüzə, üzərimizə nə qədər çox gələcəklərsə, bizlər bir o qədər güclənəcəyik, bizlər bir millət, iki dövlət olaraq daha da qüvvətlənəcəyik, daha da sıx tellərlə bir-birimizə bağlanacağıq". Bu sözləri açıqlamasında Milli Məclisinin deputata, professor Jalə Əliyeva söyləyib.

O bildirib: “Heç kim üçün də sirr deyil ki, Azərbaycan-Türkiyə qardaşlığı, Azərbaycan-Türkiyə dostluğu, əməkdaşlığı, müttəfiqliyi 1993-cü ilin iyunundan - Ulu Öndərimizin ikinci dəfə hakimiyyətə gəlməsindən, o cümlədən Ümummilli Liderimizin yolunu və siyasətini uğurla, layiqincə davam etdirən Prezident İlham Əliyevin prezident seçilməsinən, eləcə də Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Baş Naziri və Prezidenti seçilməsindən sonra daha da güclənib, yeni səviyyəyə yüksəlmişdir. Həm dövlətlərimiz, xalqlarımız arasında qardaşlıq, dostluq, müttəfiqlik münasibətləri ən yüksək səviyyələrə qalxmış, həm də liderlərimiz arasında dostluq və qardaşlıq münasibətləri hər kəs üçün nümunəyə çevrilmişdir. Bu gözəl, yüksəksəviyyəli münasibətlərin nəticəsidir ki, bu gün həm Azərbaycan, həm də Türkiyə nəinki yerləşdikləri coğrafiyanın, bütövlükdə dünyanın əsas güc mərkəzlərindən, söz-nüfuz sahiblərindən birinə çevrilmişdir. Ölkələrimizin birgə razılığı və iştirakı olmadan bölgədə, bu coğrafiyada heç bir beynəlxalq və regional layihənin həyata keçirilməsi mümkün ola bilməz və olmayacaq. Son illər icra edilən layihələr, o cümlədən TANAP da məhz bu birgə əməkdaşlığın, qardaşlığın təzahürüdür. Hər iki dövlət, eyni zamanda, bütün arenalarda, bütün platformalarda, bütün beynəlxalq və regional təşkilatlarda hər bir məsələdə vahid mövqe sərgiləyir. Azərbaycan terrorizmə qarşı mübarizədə daim Türkiyənin yanındadır, onun bütün addımlarını birmənalı şəkildə dəstəkləyir. Öz növbəsində Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın mövqeyindən çıxış edir, münaqişənin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasını tələb edir. Təsadüfi deyil ki, bu günlərdə Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində növbəti erməni təxribatı nəticəsində yaranan gərginlik zamanı ilk etiraz səsini ucaldan, Azərbaycanı birmənalı dəstəkləyən, bir daha bütün addımlarında onun yanında olduğunu və olacağını bildirən məhz qardaş Türkiyə hökuməti və xalqı oldu. Dünya bununla daha bir mesaj aldı ki, Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə vəhdəti sözdə deyil, əməldədir.

Deputat qeyd edib ki, son bir neçə gündə yaşananlar isə Azərbaycan-Türkiyə qardaşlığında yeni, növbəti parlaq, könül oxşayan, qəlblərə rahatlıq gətirən, gələcəyə inam yaradan addımlardır. Bir gün ərzində Azərbaycan Xarici İşlər və Müdafiə nazirlərinin Türkiyəyə səfər etməsi, yüksəksəviyyəli görüşlər keçirməsi, xüsusilə hər iki nazirin Prezident Ərdoğan tərəfindən qəbul edilməsi, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitlərinin Azərbaycana gəlməsi, növbəti birgə hərbi təlimlərin keçirilməsi, bununla düşmənə və onun havadarlarına gözdağı verməsi, eləcə də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılığı ilə yüksəksəviyyəli hərbi nümayəndə heyətinin ölkəmizə səfər etməsi, Prezident, Ali Baş Komandan İlham Əliyevlə görüşməsi hər birimizi qürurlandırır, hər birimizdə iftixar hissi doğurur. Bunlar sözlə ifadəsi mümkün olmayan hislərdir. Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyevin görüşdə söylədiyi fikirlər deyilənlərin əyani təsdiqi və növbəti təcəssümü oldu. Prezident İlham Əliyev dedi: “Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir...”. Həmçinin belə bir əminlik ifadə edildi ki, bizim qardaşlarımız – Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti bu günlər ərzində Azərbaycanda olarkən burada öz Vətənlərində olduqlarını özləri də gördülər. Onlar Türkiyəyə döndükdən sonra da o xatirələri öz qəlblərində saxlayacaqlar. Eyni zamanda, Hulusi Akar dediyi kimi: “Həqiqətən bir millət, iki dövlətik, bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür. Buradakı dostlarımıza da dedik, Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik".

Bu sözlərlə Hulusi Akarın bir daha Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan birliyinin heç zaman pozulmayacağını qətiyyətlə və birmənalı şəkildə bəyan etdiyini deyən Jalə Əliyeva qeyd edib: “Bütün bunlar hər birimizdə bir daha qəti əminlik yaradır ki, Azərbaycan-Türkiyə həmrəyliyi, birliyi nəticəsində həm terrorun kökü birdəfəlik kəsiləcək, həm də Ermənistanın, onun havadarlarının Qarabağ işğalına birdəfəlik son qoyulacaq. Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyi hələ çox qələbələrə, zəfərlərə öz əbədi imzasını atacaq. Yaşasın, qardaşlığımız! Yaşasın, dostluğumuz! Yaşanın birliyimiz!”