Mərkəzi Bankda “Bank menecmentinin modernləşdirilməsi: son dərslər” mövzusunda seminar-müşavirə keçirilib

6 May 2011 21:59 (UTC+04:00)

Azərbaycan Respublikasının Mərkəzi Bankında Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə kommersiya banklarının Müşahidə Şurası və İdarə Heyətinin sədrləri üçün "Bank menecmentinin modernləşdirilməsi: son dərslər" mövzusunda seminar-müşavirə keçirilib.

Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan banklarında effektiv korporativ idarəetmə mexanizmləri, banklar tərəfindən bu sahədə yeni imkan və çağırışlar, həmçinin cari meyllər və növbəti addımlar müzakirə olunub.

Mərkəzi Bankın sədr müavini Vadim Xubanov tədbirdə çıxış edərək korporativ idarəetmə standartlarının bank sektorunda tətbiq olunmasının əhəmiyyəti və aktuallığı barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Beynəlxalq Maliyyə Korporasiyasının baş məsləhətçisi Erik Rajendra və BMK-nın Azərbaycanda Korporativ İdarəetmə layihəsinin bank sektoru üzrə baş hüquq məsləhətçisi Eldar Adilzadənin banklarda korporativ idarəetməyə dair mövcud qanunvericilik və beynəlxalq təcrübə, korporativ risklərin idarə edilməsi sahəsindəki əvvəlki və cari vəziyyətin müqayisəsi ilə bağlı təqdimatla çıxış ediblər.

Seminarın sonunda sual-cavab sessiyası təşkil olunaraq bankirləri maraqlandıran məsələlər barədə müzakirələr aparılıb.