Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq antikorrupsiya sertifikatının alınması üzrə işlərə başlayıb

14 Avqust 2020 12:02 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən standartlaşdırma üzrə beynəlxalq təşkilat olan İSO təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) anti-korrupsiya siyasəti və korrupsiyaya qarşı fəaliyyət sertifikatının (İSO 37001) alınması üzrə işlərə başlanılıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, növbəti ilin ortalarınadək bu prosesin yekunlaşdırılması nəzərdə tutulur.

Hazırda Xidmətin bir neçə əməkdaşının təlimlərə cəlb olunması prosesi həyata keçirilir.

İSO 37001 standartı anti-korrupsiya idarəetmə sistemini təşkilatlarda tətbiq etmək üçün nəzərdə tutulub. Bu standart korrupsiyanı aşkarlamaq, qarşısını almaq və aradan qaldırmağa kömək etmək üçün tətbiq edilən bir sıra mexanizmləri ehtiva edir. Bu standart qanunun tələblərini praktik tədbirlərə çevirir. Sertifikat beynəlxalq tanınmaya və etibar qazanmağa kömək edir.

Sertifikatın alınmasında məqsəd korrupsiya və vəzifəli şəxslərin korrupsiya riskləri ilə mübarizə aparmaq üçün İSO 37001 sertifikatlaşdırılmış idarəetmə sistemini tətbiq etməklə təşkilatlardan yeni qaydalar və prosedurlar tələb etmək, korrupsiya risklərini idarə etmək üçün doğru təlimat, prosedur və siyasət dəstini təmin etməkdir. Tətbiq kiçik, orta və böyük beynəlxalq və lokal təşkilatlar üçün uyğundur.

Sertifikat qurumun beynəlxalq nüfuzunun gücləndirilməsi, habelə yeni sektorlara giriş imkanı yaradacaq, müştəri, vətəndaş və tərəfdaşların etibarını təmin edəcək.