Milli maraqlarımızın qorunması ilə bağlı daha bir qətiyyətli addım

14 Avqust 2020 10:22 (UTC+04:00)

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətindəki hərbi təxribatlarına Azərbaycan Ordusu sərt cavab verməklə işğalçı ölkəni məğlub duruma saldı. Əslində, Ermənistanın indiki avantürist rəhbərliyi burada böyük oyun oynamaq istədi və Azərbaycanı onun da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), xüsusilə də Rusiya ilə qarşı- qarşıya gətirmək istədi. Lakin həm Rusiya, həm də KTMT-nin digər üzvləri Ermənistanın bu oyununa nəinki getmədi, hətti bəzi üzv dövlətlər bizim mövqeyimizi dəstəklədi.

Əslində, Tovuz döyüşləri geosiyasi durumda da bir çalxalanma yaratdı və xüsusilə qardaş Türkiyənin Azərbaycana çox ciddi hərbi və siyasi dəstək verəcəyi ilə bağlı bəyanatları Ermənistanda narahatlıqla qarşılandı. Hətta iki ölkənin hərbi qüvvələrinin birgə təlimləri işğalçı ölkəyə çox sərt təpki oldu. Ancaq bununla belə, Ermənistan Azərbaycana qarşı silahlanmanı bu gün də davam etdirir. Bu həm də çox vaxt qeyri-leqal şəkildə, beynəlxalq konvensiyalara zidd bir tərzdə reallaşır. Ötən həftə həm Serbiyadan, həm də Rusiyadan Ermənistana böyük həcmdə silah daşınıb. Serbiya buna görə Azərbaycana nümayəndə heyəti göndərərək üzrxahlıq etdi.

Avqustun 12-də Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edərək onunla məhz bu və digər narahatedici məqamlardan danışmışdır. Ölkəmizin başçısı iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat vermişdir. Azərbaycan Prezidenti Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizin həlak olduğunu vurğulamışdır. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirmişdir.

Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd etmişdir. Ermənistanı silahlandırmaq həm beynəlxalq hüquq normalarına ziddir, həm də işğalçıya dəstək verməkdir.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır. Ölkəmizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edilməklə bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilmiş və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunmuşdur. Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVID-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik etmişdir.

Cavad Mustafayev, 215 saylı tam orta məktəbin direktoru