"Türkiyə Azərbaycanla Cənubi Qafqazda sürətlə möhkəmlənir" ÖZƏL-ŞƏRH

14 Avqust 2020 12:40 (UTC+04:00)

"Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı gücləndirmək və çoxsaylı birgə hərbi təlimlər vasitəsilə Cənubi Qaqfazda sürətlə möhkəmlənir. Bununla paralel olaraq Türkiyənin danışıqlar prosesində fəal iştirakı, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına qatılması da müzakirə edilir. Əlbəttə, Azərbaycan işğala dözüm nümayiş etdirən və Ermənistanın nazıyla oynayan ABŞ, Fransa və Rusiyanın əvəzinə həmsədrlikdə Türkiyəni görmək istəyir. Ancaq bunun praktik olaraq reallaşdırılması çətindir. Ermənistanla yanaşı adı çəkilən 3 həmsədrin heç biri Türkiyənin onlara qoşulmasını istəmir. Çünki Vaşinqton, Paris və Moskva Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinin əleyhinədir". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin həmsədrlikdə təmsil olunması uğrunda mübarizə enerjinin boşa xərclənməsidir: "Onsuz da Ermənistanın sərhəddə törətdiyi son təxribatlar fonunda həmsədrlərin fəaliyyətinə ehtiyac qalmayıb, növbəti danışıqlar prosesi işğalın uzanmasına xidmət edəcək. Rəsmi Bakının məzmunsuz danışıqlardan qeyri-rəsmi şəkildə imtinası torpaqları işğaldan azad etmək qətiyyətindən xəbər verir. Digər tərəfdən, Azərbaycan və Türkiyə rəsmiləri, o cümlədən generalları günlərdir açıqlama verirlər ki, iki ölkə işğal altındakı torpaqları birgə azad etməyə hazırdılar. Bu, dünyaya verilən ciddi mesajdır. Danışıqlardansa, bu, strategiyanın davam etdirilməsi zəruridir.

Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığında Rusiyanın Ermənistana hərbi dəstəyini artırmasından narahatlığını bildirdi. İlham Əliyev telefon söhbətində hərbi texnika ilə dolu Rusiya hərbi təyyarələrinin Ermənistana Qazaxıstan, Türkmənistan və İran səmasından daşıdığı söyləməklə iki vacib mesaj da vermiş oldu.

Birinci mesajın mənası odur ki, Azərbaycana dost dövlətlər Bakıya kifayət qədər kəşfiyyat məlumatları veriblər ki, Rusiyanın hansı ölkələrin səması üzərindən Ermənistana hərbi texnikanın daşındığı üzə çıxsın. Bu yolla Rusiya prezidentinin diqqətinə çatdırıldı ki, Azərbaycan Ermənistanla mübarizədə tək deyil.

İkinci mesaj isə dolayısıyla Qazaxıstana, Türkmənistana və İrana ünvanlandı. İşğalçı Ermənistana hərbi yüklərin Qazaxıstan səması üzərindən daşınması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işə yaramadığının göstəricisidir. Əslində bu şuranın nüvəsini elə Türkiyə-Azərbaycan ittifaqı formalaşdırır. Doğrudur, Qazaxıstan Rusiya və Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ancaq əgər Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev şərt irəli sürərək, Dağlıq Qarabağ mallarının ortaq bazara çıxarılmasının əleyhinə olduğunu qətiyyyətlə söyləmişdisə, bu ölkənin hazırki prezidenti Kasım-Jomart Tokayev də ölkəsinin hava səmasından Ermənistana hərbi yüklərin daşınmasına “yox” deməliydi. Rusiyanın Astananın Ermənistana “yox” cavabına görə Qazaxıstana təzyiq edəcəyi az ehtimal olunur. Buna baxmayaraq, Astana Moskva-İrəvan ikilisində yer almağa qərar verdi.

Aşqabad da neytral xarisi siyasətinə və heç bir hərbi blokda yer almamasına rəğmən, Rusiyanın Türkmənistanın səması üzərindən Ermənistana hərbi yükün daşınmasına razılıq verdi.

Sözdə Azərbaycanın ərazi bütövlüyünü vurğulayan Tehran da bu “qrupda” yer aldı. Halbuki, Tehranın Moskvaya “yox” cavabı İran-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Ancaq Tehran fərqli yol seçdi və işğalçı Ermənistanın səması üzərindən silahlandırılmasına üstünlük verdi.

Rəsmi Bakının bu ölkələrə nota verməsi və ya diplomatik kanallarla məsələni aydınlaşdırması zəruridir. Məsələn rəsmi Bakı Ermənistana silah satdığına görə Serbiyaya etirazını bildirdi. Serbiya prezidenti Azərbaycanla münasibətləri təhlükə altına atmamaq üçün təcili Bakıya nazirini göndərdi və belə anlaşıldı ki, Belqrad bir daha Azərbaycanın düşməninə silah satmayacaq. Eyni izahat işinin Qazaxıstan, Türkmənistan və İranla aparılmasına ehtiyac yaranıb".