Ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyasət

14 Avqust 2020 11:14 (UTC+04:00)

Prezident İlham Əliyev: “Sosial dəstək bundan sonra da davam etdiriləcək”

Bu gün dünyanı cənginə almış COVİD-19 pandemiyasına qarşı hər bir ölkə müxtəlif üsullarla mübarizə aparmaqdadır. Bəzi ölkələrin iqtisadiyyatı tam olaraq ziyana uğrayıb, bəzi ölkələrin əhalisi gözlə görünəcək qədər azalıb, bəzi ölkələr isə bu virusa qarşı vaxtında mübarizəyə başlaya bilib. Azərbaycan da məhz bu sıradakı ölkələrə aiddir.

Prezidentimizin düzgün siyasəti, uzaqgörənliyinin nəticəsidir ki, hazırda 46 xəstəxana koronavirusun müalicəsi üçün istifadəyə verilib. Bu xəstəxanaların hər biri yüksək tibbi avadanlıqlarla təchiz olunub. Virusdan qorunmaq üçün qabaqlayıcı tədbirlər görülüb, Prezidentimizin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi açılıb.

Göründüyü kimi Prezidentimiz öz dəstəyini xalqından əsirgəmir. Xalq da daim öz Prezidentinə dəstək olmaqdadır. Məhz bu həmrəyliyin və birliyin nəticəsidir ki, ölkəmizdə gün ərzində rekord yoluxma sayı 590 nəfər olduğu halda bu rəqəmlər artıq 91 nəfərə qədər azalıb.

"Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır"

"İndi bir daha demək istəyirəm ki, pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermək olar". Bunu Prezident İlham Əliyev avqustun 6-da Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, ancaq yenə də hər bir kəs qaydalara əməl etməlidir: "Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır".

Dövlət başçısı onu da vurğulayıb ki, bütün bu nailiyyətlərdə əsas məqsəd vətəndaşlarımızın təhlükəsizliyinin və sağlamlığının qorunmasıdır.

"Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır"

"Sosial dəstək bundan sonra da davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik",-deyən dövlət başçısı bildirib ki, ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir: "Halbuki heç kim deyə bilməz ki, postpandemiya dövrü nə vaxt başlayacaq. Ümumiyyətlə, hesab edirəm ki, indi proqnoz verməyə heç kim cəsarət etməz. Ancaq hər halda, biz buna da hazır olmalıyıq".

Ölkə Prezidenti, həmçinin pandemiya zamanıda görülən tədbirlərin iqtisadiyyatla bağlı olduğunu bildirdi. Çünki güclü iqtisadiyyat olmadan bu işləri görmək də mümkün deyil. Dövlət başçısı müşavirədə bildirib ki, inkişaf daha yaxşıdır: "İndi bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Hesab edirəm ki, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır".

"Bu sosial dəstək bundan sonra da davam etdirilməlidir"

"Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir". Bunu dövlət başçısı keçirilən müşavirə də bildirib.

Ölkə Prezidenti onu da deyib ki, hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır.

"Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin», deyən dövlət başçısı ölkəmizdə böyük sosial layihələrin də həyata keçirildiyini deyib: "Bu, sadəcə olaraq, görülmüş işlərin bir hissəsidir. Əgər biz nəzərə alsaq ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Qeyd etməliyəm ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir".

Göründüyü kimi, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin uğurlu, düşünülmüş siyasətinin real göstəricisidir. Və aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Qeyd edim ki, dövlət başçımız bütün keçirilən görüşlərdə də, müşavirələrdə də dönə-dönə bildirir ki, azərbaycan vətəndaşının salamlığı və təhlükəsizliyi siasətimizin əsasını təşkil edir və bu prioritetdir. Prezident İlham Əliyev avqustun 6-da Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə də çıxışı zamanı bir daha vurğulayıb ki, bu bizim niyyətimiz, siyasətimizi göstərir: "Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardımı üçün müraciət edib. Biz öz gücümüzə arxalanırıq".

Bir sözlə, Azərbaycan dövlətinin sosial inkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr deməyə əsas verir ki, Azərbaycan uğurlu inkişafdadır. Ən başlıcası isə qazanılan iqtisadi uğurlar sosial siyasətin genişlənməsinə yeni imkanlar yaradır. Çox qürurverici ənənədir ki, həyata keçirilən sosial siyasət tamamilə Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətdə dəyişdirməyə, insanların özlərini güvənli hiss etməyə sövq edir. Və qətiyyətlə bildirmək olar ki, cənab İlham Əliyevin yeritdiyi kurs nəinki böyük hərflərlə qeyd ediləcək İSLAHAT-dır, hətta islahata inqilabi yanaşma nümunəsidir.

Yekun olaraq bir daha bildirmək istərdim ki, ölkə Prezidenti İlham Əliyevin apardığı bütün uğurlu və düşünülmüş siyasətini mərkəzində insan amili dayanır və bir sözlə, bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini