Səudiyyə Ərəbistanı niyə Pakistana qarşı çıxıb? - ANALİZ

14 Avqust 2020 10:56 (UTC+04:00)

"Kəşmir problemi yalnız regional deyil, beynəlxalq mahiyyət kəsb edən bir problemdir. Məlumdur ki, problemin kökündə duran məsələ Pakistan və Hindistanın Kəşmirə olan iddialarıdır. Problemin həlli məqsədilə Hindistan və Pakistanın təklif etdiyi modellər kəskin şəkildə bir-birindən fərqlənir. Əslində Pakistanın təklif etdiyi layihə Kəşmir əhalisi arasında referendumun keçirilməsini özündə ehtiva edirdi ki, Hindistan bilərəkdən buna getmədi. Kəşmirdə əhalinin mütləq çoxluğunun müsəlman olması nəzərə alındıqda referendumun hansı sonluqla bitəcəyi Hindistana bəlli idi. Ona görə də insident hərbi qarşıdurmaya gətirib çıxardı və nəticə etibari ilə 1947-ci ildən başlanan münaqişə 60-70 və 80-ci illərdə hərbi əməliyyatların aparılmasına gətirib çıxardı. İndi isə hər iki dövlət nüvə dövlətləridir və buna görə də Kəşmir problemi təkcə Cənubi-Şərqi Asiya üçün deyil, bütövlükdə dünyanın təhlükəsizliyi üçün ciddi təhdid təşkil edən faktora çevirilib". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Pakistan da Səudiyyə Ərəbistanı ilə yanaşı bir sıra mötəbər təşkilatlarda təmsil olunur: "O cümlədən də İslam Əməkdaşlığı Təşkilatında təmsil olunur. Pakistanın Kəşmir məsələsi ilə bağlı mövqeyi bu təşkilata daxil olan islam dövlətləri tərəfindən hər zaman birmənalı şəkildə dəstəklənib. Amma artıq bir müddətdir ki, Pakistanla Səudiyyə Ərəbistanının arasında problemlər yaşanır. Bu problemlər hər iki dövlətin Yaxın və Orta Şərqdə və bütövlükdə dünyada gedən proseslərə sərgilədikləri mövqelərin üst-üstə düşməməsi ilə bağlı məqamlardan irəli gəlir. Məsələn, Pakistanın İranla münasibətləri, Fələstin probleminin həlli ilə bağlı irəli sürdüyü təkliflər, o cümlədən şiə inqilabının ayrı-ayrı ərəb ölkələrinə ixracı ilə bağlı İranın mövqeyinə baxışları Səudiyyənin baxışlarından fərqlidir. Amma onu da qeyd etmək lazımdır ki, hər iki dövlət “Soyuq müharibə” və sonrakı illərdə ABŞ-ın strateji mütəfiqləri sırasında olub. Məhz Səudiyyə Ərəbistanının vasitəsi ilə ABŞ SSRİ kimi dövlətin çökməsinə nail olub".

Politoloq qeyd edib ki, Pakistan isə həm də Əfqanıstan olaylarında ABŞ hərbçilərinin yetişdirildiyi ölkələrdən biri olub: "Pakistan ərazisində diskolasiya olunmuş, diversiya məqsədiləri ilə istifadə olunan qrupların çox böyük rolu olub. Pakistan da buna göz yumur və şərait yaradırdı. Hesab edirəm ki, indi məhz ABŞ-ın yanında yer almış bu iki dövlətin arasındakı anlaşılmazlıq həm də ABŞ Yeni Dünya düzəni ilə bağlı planlarına hər iki ölkənin siyasi elitasının fərqli mövqelərindən irəli gəlir. Digər tərəfdən isə bəlli məsələdir ki, Hindistan özünün enerji təhlükəsizliyini təkcə İran faktoru üzərində həll edə bilməz. İrana tətbiq olunan sanksiyalar konteksində hətta Çin kimi ölkə də İranla enerji məsələləri ilə bağlı münasibətlərini ABŞ-a “boylanaraq” qurur. Bu baxımdan da Hindistanın İrana tətbiq edilən sanksiyalarla bağlı Səudiyyə Ərəbistanına müraciət etməsi və özünün əsas enerji mütəfiqi sayıla bilən Hindistana dəstək vermək məqsədilə Səudiyyənin Pakistana kreditlər verməkdən imtina etməsi dolayısı ilə Hindistanın leyinə işləyən faktordur. Bu kreditlər müəyyən mənada Pakistan dövlətinin iqtisadi inkişafına töhvə verə biləcək maliyyə resursları anlamında qəbul edilməlidir".