ABŞ dövlət katibi Mərkəzi Avropa turu çərçivəsində Avstriyaya səfər edib

14 Avqust 2020 02:15 (UTC+04:00)

ABŞ dövlət katibi Maykl Pompeo avqustun 13-də Mərkəzi Avropa turu çərçivəsində Vyana şəhərinə gəlib.

SİA xəbər verir ki, dövlət katibinin səfərinin üçüncü mərhələsini təşkil edən Vyanada sıx görüş qrafiki nəzərdə tutulur. M.Pompeo avqustun 14-də burada Avstriyanın dövlət rəhbərliyi ilə yanaşı, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə görüşəcək.

Avstriya rəsmiləri ilə görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunacaq, eyni zamanda, aktual geosiyasi böhran ocaqları, Qərbi Balkan və effektiv çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Avstriya tərəfi səfər öncəsi görüşlərin uğurlu keçəcəyinə əminlik ifadə etsə də, tərəflər arasında bir sıra mövzularda fikir ayrılığı mövcuddur. Onlardan ən vacibi beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) inkişaf etdirilməsində Çin şirkətlərinin iştirakını məhdudlaşdırmaqdan ibarətdir. ABŞ Avstriyadan “Huawei” kimi şirkətlərlə əməkdaşlığı dayandırmağı gözləyir. Həm bu mövzuda, həm də “Nord Stream 2” qaz kəməri layihəsində öz iqtisadi maraqlarını nəzərə alan Avstriya ABŞ-ın ümidlərini doğrultmaya bilər.