"Nikol Paşinyan xalqı aldatdı" İsrael Akopkoxyan

13 Avqust 2020 18:38 (UTC+04:00)

Hazırkı hakimiyyətə qarşı birləşmək çağırışı millətin taleyindən narahat olanlara çatacaq və birləşəcəklər. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Yerevanın mərkəzindəki Qaregin Njde abidəsi önündə qeyri-müəyyən müddətə aclıq aksiyası elan edən boks üzrə dünya çempionu İsrael Akopkoxyan deyib.

“Aclıq aksiyasında məqsəd odur ki, millətin taleyindən narahat insanlar üçün dəyirmi masa toplanılsın və bu hakimiyyətin ölkəni tez tərk etməsi barədə düşünülsün. Narahat olan insanları birləşdirmək üçün bu addımı atdım. Hamının yorğanı öz üzərinə çəkməsini istəmirəm. Buna görə də razılaşıb birləşə bilmək üçün bu addımı atmaq qərarına gəldim", deyə aclıq aksiyası elan edən boks üzrə dünya çempionu bəyan edib.

Amulsarın inkişafı və digər problemlərə qarşı aclıq aksiyası keçirən Akopkoxyan xatırladır ki, hakimiyyətə gəlməzdən əvvəl indiki hakimiyyət də bu haqda danışırdılar, amma indi unudublar.

"Nikol eyni şüarlarla çıxış edirdi, sonra asan, yumşaq bir kresloda oturdu, bu məsələlərlə xalqı ayağa qaldırdığını unutdu. Amulsar istismar ediləcək. İstanbul Konvensiyası da qəbul edildi. Bir şeydən danışaraq hakimiyyətə gəldilər, amma indi başqa bir şey edirlər. Onları hakimiyyətə gətirən şəxs yəqin ki, əvvəlcədən xəbərdar edib ki, hər şey istədiləri kimi olmalıdır. Nikol Amulsar üçün necə mübarizə aparırdı və indi necə oldu ki, Jermuk sakinlərini döyür, əzir və haqlı tələblər edənlərə qarşı qoşun çəkir?", deyə İsrael Akopkoxyan sual edib.

Çempionun sözlərinə görə, vətəndaşlar onun sözlərinə inanaraq dəstəkləyib və indi başa düşüblər ki, inandıqlarına görə aldanıblar və dərk ediblər ki, Nikol Paşinyan xalqı aldatdı.