“Seroloji-testlərin keçirilməsinin çox böyük əhəmiyyəti var” ÖZƏL-MÜNASİBƏT

13 Avqust 2020 16:35 (UTC+04:00)

"Təsadüfi seçimlə belə bir tədqiqatın, seroloji-testlərin keçirilməsi çox vacibdir və bəzi ölələrdə də bu keçirilir. Məsələn, mənim rəhbərlik etdiyim Mərkəz il ərzində Azərbaycanın xarici, daxili siyasəti ilə bağlı bir neçə sorğu keçirir. Dünyada da müxtəlif sorğular keçirilir. Bu sorğular əsasında müəyyənləşdirilir ki, əhalinin bu və ya digər məsələyə münasibəti necədir". Bunu SİA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, Azərbaycanın əhalisi 10 milyon nəfərdir. İstənilən peşəkar sosialoji sorğu mərkəzi 2 min, 3 min arasında sorğu keçirməklə bilir ki, 10 milyon nəfərin məsələyə münasibəti necədir və dünyada bu cür qəbul olunub sosioloji sorğular: "Eyni ilə virusla mübarizədə testlər də eyni effekti verir. Yəni, tutaq ki, min, 2 min arasında təsadüfi seçimlə insanlar arasında test götürülür. Deyək ki, min nəfərdən 20 nəfərdə pozitiv çıxır testin cavabı. Bu nəticəyə görə müəyyənləşdirmək olar ki, 10 milyon əhalisi olan Azərbaycanda əhalinin nə qədəri virusa yoluxub, amma bundan xəbəri yoxdur və bunun qarşısı necə alınmalıdır. Bu baxımdan testlərin çox əhəmiyyəti var. Yəni bu testlərə bir elmi ad qoymaqdansa əslində mən tərəfdarıyam ki, insanlara bunu daha anlaşıqlı dildə izah etsinlər. Məsələn, buna təsadüfi seçim əsasında test adı qoymaq olar. Buna belə ad vermək də olar və bu könüllülük əsasında həyata keçirilir. Bu əslində könüllü şəkildə testdə iştirak edən vətəndaşın özü üçün xeyirlidir. Beləki, ödəniş etmədən, pul ödəmədən testdən keçir, qan analizini verir və əgər neqativdirsə, rahatlanır, pozitivdirsə, nəticədən xəbərdar olur və ən azı iki həftə özünü karantində saxlayır. Çünki, artıq sübut olunub ki, virusa yoluxanların 80 faizi bu virusu, belə deyək ki, təsirsiz keçirirlər və özlərinin də xəbərləri olmur. Bəlkə də bir çoxumuz bu virusa yoluxmuşuq və sağalmışıq, amma xəbərimiz yoxdur. Məhz təhlükə də bundadır ki, virusdan xəbəri olmayan və simptomsuz keçirən insan başqalarını bu virusa yoluxdura, başqaları isə daha ağır vəziyyətdə keçirə bilər. Ona görə də bu təsadüfi seçimlə testin, seroloji-testlərin keçirilməsinin çox böyük əhəmiyyəti var”.