XXI əsrin sonunda dünya əhalisinin sayı 10 milyarda çatacaq

6 May 2011 21:17 (UTC+04:00)

XXI əsrin sonunda dünya əhalisinin sayı 10 milyarda çatacaq. SİA-nın xəbərinə görə, bununla bağlı BMT-nin açıqladığı hesabatda deyilir ki, əsrin birinci yarısında əhalinin sayı 9 milyarda çatacaq, 2100-cü ildə isə 10 milyardı ötəcək.

Afrikada əhalinin üç qat artımı proqnozlaşdırılır və bu da öz növbəsində sakinlərin ərzaq və su təchizatını çətinləşdirə bilər. Mütəxəssislər xatırladırlar ki, XX əsrdə qlobal siyasəti müəyyənləşdirən problemlər XXI əsrdə də öz həllini tapmayıb.

Afrikanın əhalisinin sayına görə ən böyük ölkəsi olan Nigeriyada insanların sayı 2100-cü ilə qədər 160 milyondan 730 milyona çata bilər. Çində isə əhalinin sayının 940 milyon artacağı proqnozlaşdırılır. ABŞ-da da əhali sürətlə artır. Bu ölkədə artım əsasən yüksək miqrasiyanın və ispandilli mühacirlərin sayəsində baş verir.

Hesablamalara əsasən, ABŞ-da əhalinin sayı əsrin sonuna kimi 311 milyondan 478 milyona çatacaq. Hesablamalara əsasən, potensial fəlakətlər - iqlim dəyişiklikləri, müharibələr və ya epidemiyalar əhali artımında əyləc rolunu oynaya bilməyəcək.

Mütəxəssislər hesab edir ki, yaxşı hazırlanan proqramlar hətta ən kasıb ölkələrdə artım tempini aşağı sala bilər. Banqladeş, İran, Meksika, Şri-Lanka və Tailand kimi ölkələrdə informasiya və hamiləliyə nəzarət metodlarına yiyələnən qadınlar daha az uşaq sahibi olmaq istəyiblər.

Bəzi tədqiqatlar göstərir ki, hamiləlik əleyhinə asan vasitələrdən istifadə heç də həmişə kifayət etmir. O cümlədən, təhsil qızlara ailə planlaşdırmasında yardım edir.