Coko Vidodo: İndoneziyada koronavirusa qarşı peyvənd gələn ilin ortalarında əldə olunacaq

13 Avqust 2020 08:50 (UTC+04:00)

İndoneziya Prezidenti Coko Vidodo koronavirusa qarşı peyvəndin ölkəsində gələn ilin ortalarında əldə olunacağına ümid edir.

SİA “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə o, çinli həkimlərlə birlikdə hazırlanmış dərmanın kliniki sınaqlarının başlanması mərasimində bəyan edib.

“Biz artıq üç aydır ki, bu peyvənd üzərində işləyirik. Mən ümid edirəm ki, dərman tezliklə, yəqin ki, 2021-ci ilin ortalarına hazır olacaq”, - deyə İndoneziya Prezidenti bildirib.

Qeyd edilir ki, təqribən 20 könüllü artıq ilk inyeksiyaları alıb. Sınaqların bu mərhələsində təqribən 1600 könüllü iştirak edəcək. Proqnozlara görə, kliniki sınaqların gələn ilin yanvarında başa çatacağı gözlənilir.

İndoneziyada peyvəndin hazırlanması ilə “Bio Farma” dövlət farmasevtik holdinqi və Çinin “Sinovac Biotech” şirkəti məşğuldur. Ölkədə il ərzində bu dərmandan təqribən 250 milyon doza istehsal olunacağı proqnozlaşdırılır.

Əlavə olaraq bildirək ki, son məlumatlara görə İndoneziyada koronavirusa yoluxanların ümumi sayı 130 min 718 nəfərə çatıb. Bu xəstəlikdən 85 min 798 nəfərin sağaldığı, 5903 nəfərin isə həyatını itirdiyi bildirilir.