Mən bir susmaz duyğuyam ki!

13 Avqust 2020 16:06 (UTC+04:00)

Bakının yüz kilometrliyində, dağların ətəyində öz füsünkar, səfalı, gözəl təbiəti ilə göz oxşayan Xızı rayonu yerləşir. Artıq neçə onilliklərdir ki, bu rayonu tanimayan, onun adını eşitməyən azərbaycanlı tapmaq mümkün deyil. Yox, bu rayonda neft yataqları kəşf olunmayıb, orada qızıl da yoxdur, pambıq da əkmirlər, dağın–daşın içində yaşayan zəhmətkeş camaatı sadə təm-təraqsız həyat keçirir.

O dağlar diyarı, XX əsr Azərbaycan ədəbiyyatına sərt və eyni zamanda ən həzin hisslər məskəni olan o dağların yetirməsi kimi, tanrıdan vergili-zəngin hissiyatlı, iti gözlü, geniş ürəkli, həm məğrur, həm də kövrək, bu dağlara vurulmuş və həmin vurğunluq hissi ilə bütün Azərbaycanı öz içində yaşadan iki şəxsiyyət vermişdir - Cəfər Cabbarlı və Mikayıl Müşfiq.

Qəribədir, bu sənətkarların həm şəxsi həm də yaradıcılıq taleləri bir-birinə çox bənzəyir. Hər ikisi az yaşamışdir - Cabbarlı otuz beş il, Müşfiq isə iyirmi doqquz il, amma hər ikisinin odlu–alovlu, ehtiraslı yaradıcılığı bütün xalqın ürəyinə yol tapmış, millətə, vətənə xidmət etmiş və elə buna görə də bu gün mənəvi bir qüvvə, böyük bir dayaq kimi, bizimlə bir yerdədir, hər bir azərbaycanlının yaxını və doğmasıdır.

Müşfiq qısa və faciəli ömrünün sonlarında öz şerinə xitab edərək yazırdı:

Varlığın rəngi sənsən, ahəngi
Çiçəklərin, nurların çələngi sənsən.
Bülbülün qarşında açıl, şirinləş
Qızıl gül kimi!
Hər şey dərinləşmədə, sən də dərinləş
Bir könül kimi!

Bu rənglər aləmi, bu ahəng, həmin çiçəklər, o nur eyniylə də Cabbarlı yaradıcılığı üçün xas olan bir cəhətdir və bütün bunlar onun yaradıcılığına genetik olaraq o saf Xızı dağlarından süzülüb gəlib, amma mənə elə gəlir ki, dərinliyin meyarı o sıldırım qayalar, dibi görünməyən dərələr yox, könüldür, xislətin dərinliyidir. Elə buna görə də Cabbarlı düşüncələri və hissiyatı, Cabbarlı sevinci və kədəri, Cabbarlı çağırışı və harayı sərhədlər və milli çərcivələr məhdudluğu tanımır, o bəşəri yüksəkliyin, bəşəri aliliyin ifadəsidir.

Beləliklə, mən bir susmaz duyğuyam ki, ürəklərdə gəzərəm, deyən - Böyük Cəfərə tariximizə, taleyimizə xoş gəlmisən, deyirəm!

CƏFƏR CABBARLININ HƏYATI

O, dünyaya baharda gəlmişdi – Novruz bayramı gecəsində, 1899 cu ullin mart ayının 20-də, Bakı quberniyasının Xızı kəndində (hazırda rayon mərkəzidir). O gecə dünyaya gələn oğlan uşaqlarının çoxusunu Bayram, Novruz adlandırırdılar. Taleyin ona oğul payından çox-çox məmnun qalan Qafar kişi oğlunun adını Cəfər qoymuşdu. Qafar kişinin heç ağlına da gəlməzdi ki, bu uşaq gələcəkdə böyük istedad sahibi olacaq və anasının arzuladığı kimi yüz il əvəzinə cəmi 35 il ömür sürəcəkdi.

Kömürçülüklə ailəsini dolandıran Qafar kişiyə qəza üz verir: meşədə odun doğradığı zaman gözünə şax dəyir, bir gözü kor olur. Beləliklə o, artıq kömür yandıra bilməyib, ailəsi ilə birlikdə Bakıya köçür.

Kömürçülüyə alışan və Bakıda müştəriləri olan Qafar kişi gözü şikəst olduqdan sonra da bir neçə vaxt Xızıdan Bakıya kömür gətirən kəndlilərə kömürlərinə müştəri tapmağa kömək edir. Lakin bu da uzun sürmür: o biri gözüdə də yavaş-yavaş işıqdan düşdüyü üçün daha işləyə bilmir və ömrünün son günlərin evdə oturmağa məcbur olur.

Cabbarlının atası 1901-1902-ci illərdə ürək tutmasından vəfat edir.

Yazıçının anası Şahbikə çox çalışqan qadın idi. Əri öldükdən sonra ailənin bütün ağırlığı onun üzərinə düşür. Şahbikənin on dörd uşağı olmuşdur; bunlardan ancaq dörd oğlu sağ qalmışdır.

Şahbikə əvvəllər Hacı Xırda xanım adlı bir qadının evində qulluqçuluq edir, sonra isə çörəkçilər üçün təndirə çörək yapmaqla güzəranını keçirir.

Bu vaxtlarda 7-8 yaşlarında olan Cəfər anasının bişirdiyi çörəkləri alverçilərin dükanına daşımaqda ona kömək edirdi. Şahbikə heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhlə mollası Umnisənin yanında “çərəkə” oxumağa, bir az sonra isə Molla Qədirin yanında quran oxumağa qoyur. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər, başqa şəhər uşaqları ilə birlikdə 7-ci “rus–tatar məktəbinə“ daxil olur. Cəfərin ilk müəllimləri pedaqoq - yazıçı Süleyman Sani Axundov, Rəhim Bəy Şıxlinski, Abdulla Şaiq, Əliməmməd Mustafayev idi. Uşaqlıqdan cox dözümlü və inadkar olan Cəfər məktəbi bitirdikdən sonra Bakıda Alekseyev adına 3-cü ali-ibtidai məktəbə girir. 1915–ci ildə oranı bitirib, sənət öyrənmək məqsədi ilə Bakı sənaye məktəbinin elektrik–mexanika şöbəsinə daxil olur.1920-ci ilin mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və atestat alir. Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakultəsinə daxil olur.Lakin o ,ərizə yazıb o fakültədən çıxır. Cəfər Cabbarlı 1920-ci ilin ikinci yarısında “Kommunist“ (indiki “Xalq qəzeti”) qəzetində ədəbi işçi və tərcüməçi vəzifəsində çalışıb. 1923-cü ilin sentyabrında Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq üçün Bakı Türk Teatr məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924–ci ildə Bakı Dövlət Universitetinin Şərq fakultəsinin tarix şöbəsində də təhsilini davam etdirir.

1924-cü ildə Cəfərin böyük qardaşı Hüseynqulu vəfat edir. Cəfər bu itkidən cox sarsılır. Çünki, Hüseynqulu ona qardaşlıqla yanaşı atalıq da etmişdir. Cəfər 1922-ci ildə əmisi qizi Sona xanımla ailə həyatı qurur və bu evlilikdən Aydın və Gülarə adlı iki övladı olur. Aydin Cabbarlı 1924-ci ildə anadan olmuşdur; O tibb elmlər namizədi idi. Gülarə Cabbarlı isə filoloq, həmçinin Cəfər Cabbarlı ev-muzeyinin direktoru işləmişdir. 1929-cu ildən Milli Dram Teatrında ədəbi hissə müdiri işləyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. 2018-ci il dekabrın 17–də Azərbaycan prezidenti Cəfər Cabbarlının 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. 2019-cu ilin fevralında Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının mərkəzi qərargahında görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə konfrans keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019–cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəfər Cabbarlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Görkəmli dramaturq 31 dekabr 1934-cü ildə ürək çatışmazlığından qəfildən vəfat edib.Məzarı Fəxri xiyabandadır.

C.Cabbarlının qızı Gülarə xanımın iddiasına görə, həkimlər anası Sona xanıma deyiblər ki, Cəfər Cabbarlı öldükdən sonra onun beyni çıxarılıb. Moskvadya, ordan da Sankpeterburqa aparıblar.

Orada hansısa muzeydə Maksim Qorkinin, Leninin beyinləriylə birgə saxlanılıb. Çəkisi də 2.5kq-a qədər imiş. Sona xanımın iddiasına görə bütün bu şeylər o vaxt Dövlət Təhlükəsizlik Komutəsinin diqqətində olan məsələlər olduğuna görə heç kimə demirmiş.

Bakıda və Xızıda ev muzeyləri, müxtəlif şəhərlərdə adına küçələr, kinoteatrlar var. Azərbaycan Dövlət Teatr Muzeyi, İrəvan Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, “Azərbaycanfilm“ kinostudiyası Cəfər Cabbarlının adını daşıyır.

CƏFƏR CABBARLININ YARADICILIĞI

Cəfər Cabbarlı yaradıcılığı üç dövrə bölünür.

İlk dövr (1915-1920-ci illər)

Cabbarlı ədəbiyyata şeirlə gəlmişdir və ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində dərc olunmuşdur. 1915-ci il aprelin 3-də “Məktəb “jurnalının 6-cı nömrəsində “Bahar“ adlı ilk şeiri nəşr olunmuşdur. ”Məktəb” jurnalı onun yaradıcılığa başlamasında böyük rol oynamışdır. 1915-ci ildə Cəfər “Qürub çağı bir yetim” şeiri ilə “Qurtuluş “jurnalının elan etdiyi müsabiqədə birincilik qazanaraq Sabirin “Hophopnamə”si və jurnalın birillik abunəsi ilə mükafatlandırılır. Cəfər Cabbarlı 1916-cı ildə “Aslan və Fərhad” ,”Mənsur və Sitarə “ adlı hekayələrini, həmçinin “Sitarə” adlı operasını yazmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir birinin ardınca gözəl sənət əsərləri yaratmış, incəsənətin müxtəlif sahələrində fəaliyyət göstərmişdir. O, yaradıcılığının ilk dövrünə aid etdiyi “Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş“ əsərini 1915-ci il dekabrın 30-da yazaraq, cəmiyyətdəki ədalətsizliyi, haqsızlığı böyük bir qəzəb və nifrətlə ifadə etmişdir. Yazıçı əsərdən sonra “Solğun çiçəklər”i yaratmışdır ki, yaşadığı burjua-mülkədar cəmiyyətinin zidiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışmışdir.

1916-cı ildə yazılması ehtimal olan böyük söz ustasının, “Qəlblər mühəndisi“nin məşhur “Ana” şeri təkcə Cabbarlının poetik yaradıcılığında deyil ümumilikdə Azərbaycan ədəbiyyatında bir əbədi hadisədir. Düzdür, C.Cabbarlıya qədər bu əbədi və zərif mövzuya dünyanın, o cümlədən Azərbaycanın bir cox görkəmli söz ustası zaman-zaman müraciyət edib, lakin onlardan heç biri Ana obrazının poetik təsvirində Cabbarlı zirvəsinə qalxa bilməmiş və bu mövzuda qələmə aldıqları ədəbi məhsullar C.Cabbarlının “Ana”sı qədər sənət hadisəsinə çevrilməmişdir. Şairin “Ana” şeri sənət şedevridir, Anaya, Vətənə, Torpağa məhəbbət himnidir. Anaya Vətənə saf, sonsuz övlad məhəbbəti təşkil edən bu şerin nüvəsində güclü enerji qərar tutub və biz şerin isti, canlı misralarından şairin coşqun, təlatümlü ürəyini görürük

Ana! Ana!..O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi- istirahətdir.

“Ana“ şeri oxucusunu sehirləndirməklə yanaşı həm də ona yüksək əxlaqi mənəvi keyfiyyətlər aşılayır. Əsəri oxuduqca yadımıza Peygəmbərimiz Məhəmməd sələvatullahın “Cənnət anaların ayaqları altındadır” məşhur mübarək kəlamı düşür. Bu sənət möcüzəsi yazıçıdan sonrakı ədəbi nəsrlərin yaradıcılığına böyük təsir göstərmiş zaman-zaman aktyorlarımızın, bədii qiraət ustalarımızın, repertuarlarının bəzəyi olmuşdur. Həmişəyaşar sənət əsəri S.Rüstəmin “Ana və poçtalyon“, S.Vurğunun “Ananın öyüdü“, Ə.Kərimin “Qaytar ana borcunu“, İ.Səfərlinin “Ana”, C.Novruzun“ Gözum görə-görə qocalır anam” kimi dillər əzbəri olan şeirlərinin yaradılmasına sanki bir təkan vermişdir. Bir əsrə qədər yaşı olmasına baxmayaraq C.Cabbarlının “Ana” şeiri nəinki qocalıb qarımış, öz təravətini və aktuallığını itirmiş, əksinə dövlət müstəqilliyimizə qovuşduğumuz bu günlərdə daha yeni məna və məzmun kəsb etmişdir. Torpaqlarımızın 20%-dən çoxu işğal olduğu indiki bir vaxtda “Ana “şeiri həmişəkindən daha aktual, daha gərəkli və ibrətamizdir. Şeiri oxuduqca diqqətimiz müəllifin aşıladığı əsas ideyaya – Ana, Torpaq, Yurd məhəbbətinə yönəlir və gözümüzün önündə bu məhəbbət uğrunda öz əziz canlarını qurban vərən qəhrəmanlarımızın nurlu siması canlanır. Azərbaycan dramaturgiyasında və C.Cabbarlı yaradıcılığında tarixi mövzunun işlənilməsi “Nəsrəddin şah“la yeni mərhələ idi. Cabbarlı 1917-ci ildə Osmanlı tarixinə (1911-1913–cü illər) dair “Trablis müharibəsi“ və ya “Ulduz“ və “Ədirnə fəthi“ pyeslərini yazmışdır. Sovet tənqidi hər iki pyesin, mövzusun türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürüldüyünü əsas tutaraq “pantürkist” meyilli əsərlər kimi qarşılamış və bir müddət sonra səhnədən çıxartmışlar.

C.Cabbarlı “Trablis müharibəsi“ tarixi faciəsi ilə Nuri Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqdur.

Yazıçının “Bakı müharibəsi“ əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr erməni daşnaqlarının azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı. Bu faciə 1919-cu il sentyabrın 16-da A.M.Şərifzadənin rəhbərliyi ilə “Türk ocağında” (Türk Dövlət Teatrı) tamaşaya qoyulmuşdur. Lakin əsər sonradan tapılmamışdır. Yaradıcılığının ilk dövründə Cabbarlı realizm yoluna düşmüş və ictimai-məişət mövzularını işləməyə başlamışdır. Bu dövr gənc yazıçının yaradıcılıq yolunda bir mərhələ, ciddi ədəbi təcrübə əhəmiyyətinə malik idi. Ədib yazdığı hekayələrində hələ cəsarətsiz bir şəkildə olsa da, xarakterlər yaratmağa təşəbbüs etmişdir.

İkinci dövr (1920-1927)

Cəfər Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin nəticəsi “Aydın “ və “Oktay Eloğlu” pyesləri olub. Hər iki əsər 1921-1923-cü illərdə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuş və teatrın repertuarında yer tutmuşdur. Yazıçı bu əsərlərdə pulun hökmranlıq etdiyi bir cəmiyyəti ,bu cəmiyyətdə əzilən zəhmətkeşlərin faciəsini göstərmişdir.

X-cu əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr olunmuş “Od gəlini” əsərinin ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda,Cabbarlı onun üzərində tam üç il işləmiş,bunu daha sonra teatra vermişdir.1922-1923-cü illərdə üzərində işlədiyi “Araz çayı” mənzum faciəsini Cabbarlı oynamaq üçün Dövlət Dram Teatrına təqdim etmişdir.Çox güman ki,bu faciə Azərbaycan xalqının vəhdəti məsələsinə həsr edilmişdir. Bu dövrdə ağızlarda gəzən “Araz çayı, qalx aradan, qoy birləşsin Azərbaycan!” misrasının da həmin faciədən olması ehtimal edilir. Çox təəssüf ki, bu əsərin taleyi də qaranlıq qalmışdır.

Cəfər Cabbarlı 1922-1923-cü illərdə yazdığı “Qız qalası” əfsanəvi poemasını “Maarif və Mədəniyyət “ jurnalında dərc etdirmişdir.

Görkəmli ədib 1925-ci ildə dövlət teatrı üçün Şekspirin “Hamlet“ faciəsini tərcümə etmişdir və biz burada C.Cabbarlının dilin zənginliyini səfərbər etmək istedadını görürük: ”Hələ Hamletin məşhur monoloqundakı “Olum və ölüm“. Axı həmin monoloqu ondan əvvəl də tərcümə etmişlər. Birisi “Həyat, ya matəm“, ikincisi “Qəbir, ya səbr“, üçüncüsü “Varlıqmı yoxluqmu“ yazmışlar. O isə “ölüm“ müqabilində “olum“ kəşf etmişdir . Vaxtilə “Kommunist “qəzeti redaksiyasında işləmiş qocaman jurnalistlərin dediyinə görə, indi dilimizə möhkəm daxil olmuş “Bildiriş” (Elan əvəzinə), ”Düzəliş“ (Təshih əvəzinə) kimi sözlər məhz Cabbarlının tərcüməçilik vaxtı “ixtira etdiyi“ sözlərdəndir .

1927-ci ilin əvvəlində “Dilbər” hekayəsini çap etdirmiş, eyni zamanda F.Qlatqovun “Sement” əsərindən bir parça tərcümə etmişdir. 1928-ci ildə L.Tolstoyun “Uşaqlıq“ povestini və M.Qorkinin “Üzügülər“ hekayəsini tərcümə edərək, çapa vermişdir.

Üçüncü dövr (1928-1934)

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bir müddət dram yaradıcılığına ara verən yazıçı 1927-ci ildə “Sevil“ əsərini yazır. Qadın derdi C.Məmmədquluzadə kimi Cabbarlı üçün də “köhnə bir dərd” idi.1928–ci ildə “Sevil”in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı. Əsərdə Azərbaycan qadınının dünənki, büngünki, hətta gələcək həyatı Sevilin simasında əks etdirilmişdi.

1930–cu ildə Cabbarlı Türk Dövlət Teatrında bədii hissə müdiri və rejissor vəzifəsində işləməyə başlayır və “Almaz“ əsərini yazır. 1931-ci ildə əsərin tamaşası böyuk müvəfəqiyyətlə səhnəyə çıxarılır.

Türk Dövlət Dram Teatrı 1931-ci ilin mövsümünü edibin “1905-ci ildə” pyesi ilə başlayır və əsərin quruluşçu rejissoru Lyütse işi yarımçıq qoyub getdiyi üçün quruluş üzərində Cabbarlı özü işləmişdi. Yazıçı bu əsərdə erməni-müsəlman qırğınının çarizim tərəfindən törədildiyini göstərməklə milli problemlərin kökündə sinfi maddi mənafelər durduğunu əsaslandırır. Həyat yoldaşı Sona xanıma yazdığı məktubda ədib bunları deyirdi: ”Bir balaca pyes yazmağa başlayacam. Burda qurtara bilməsəm, gerisini gəlib bağda qurtaracam...”. Cabbarlının 1932-ci ilin yayında yazdığı bu məktubda göstərdiyi balaca pyes – “Dönüş” pyesi idi. Əsəri yazmaqda yazıçının əsas məqsədi ədəbiyyat və sənət aləmindəki nöqsanları meydana cıxartmaq, zərərli və yaramaz fikir və nəzəriyyələrdən teatr mühütini təmizləmək idi.

C.Cabbarlı 1932–ci ildə yazdəğı “Yaşar“ pyesində köhnə elmi normalara, köhnəlmiş üsullara pərəstiş edən elmin əleyhinə cıxan, öz ixtirası ilə vətən torpağını abad etmək isdəyən yeni Azərbaycan ziyalısınıı obrazını yaratmışdır. Bu əsər yazıçının son tamamlanmış əsəri idi.

C.Cabbarlının kino fəaliyyəti

1933-1934-cü illərdə Cabbarlı səhnəyə əsər verməsə də, həm dram teatrında, həm opera teatrında, həm də kinoda işləyirdi. O, teatra böyük qiymət verir və onun başlıca rolunu xalqa xidmətdə görürdü. Teatr haqqında yaqzdığı qeydlərindən birində oxuyuruq: ”Teatro-yüksək bədii bir dərəcədədirsə ölkə də ümumən gözəl inkişaf edəcəkdir. Mədəniyyət – elm və sənətdən ibarətdir. Teatro isə sənətin başqa qisimlərini birləşdiriyor”.

Bütün həyatını teatra bağlamasına baxmayaraq dramaturq incəsənətin vacib sahələrindən biri olan kinoya da cox böyük əhəmiyyət verir, Azərbaycan milli kinosunun yaranması və inkişafı üçün əlindən gələni əsirgəmirdi .
1928–ci ildə Bakı kino fabrikində Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə “Hacı Qara “əsərinin motivləri əsasında “Sona“ adlı kino-film çəkilir. “Hacı Qara “bədii filmi ilə Azərbaycanın ilk milli kino senaristi kimi taninan Cabbarlı Azərbaycan qadınlarını qara çadradan xilas edən siyasi, iqtisadi və ictimai həyata çıxartmaq üçün kinematoqrafın böyük imkanlarından istifadə etmək fikrində idi. O, bu arzusunu “Sevil “filmi ilə həyata keçirdi.

“Sevil“ filmi 1929–cu iidə Cəfər Cabbarlının senarisi üzrə çəkilmişdir. Azərbaycan ilk qadın rejissoru Qəmər Salamzadə öz xatirələrində C.Cabbarlının aktirisa axtarışını qeyd edərək yazırdı ki, o öz qəhrəmanının ekranda surətini canlandıracaq azərbaycanlı qızını tapmaq üçün Bakının küçələrinə düşüb qapı-qapı gəzərək evlərdə, idarələrdə, ali məktəblərdə, ümumiyyətlə, hər yerdə axtarırdı. Beləliklə, Cəfərin axtarışları öz nəticəsin verir: Sevil rolunu Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tələbəsi İzzət Orucova oynayır. O, yazıçının ən böyük kəşfiydi və sonralar İzzət xanım “Almaz” filmində də Almaz rolunda çəkilir, bu onun son rolu olur.
Sona xanımın xatirələrindən: burada Almazi İzzət xanım oynayırdı. Təəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu bu işindən də vaxtsız ayırdı. Cəfərin sənət dostları “Almaz” filmini Cəfərsiz çəkib qurtardılar və 1935-ci ilin axırında, onun ölümünün birinci ildönümündə, işi müvəffəqiyyətlə qurtardıqları haqqında raport verdilər.

Azərbaycan milli kinosunun yaranmasında, bu sahədə milli kadrların yetişdirilməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında Cabbarlının xidmətləri əvəzsizdir.

O Azərbaycanin ilk milli kino ssenaristi olmuş, kinomateqrafiya tariximizin qızıl fonduna “Sevil”, “Almaz “kimi filmlər bəxş etmişdir.

C.Cabbarlı yaradıcılığı və zaman

C.Cabbarlının sənətə gəldiyi gündən bu günə qədər üç dəfə ictimai formasiya dəyişmiş, ədibin tərənnüm etdiyi milli dövlət –Azərbaycan Xalq Cümhuriyyəti işğal olunmuş, nəhayət, 70 il sonra Azərbaycan xalqı öz müstəqilliyini bərpa etmişdir. Bir-birindən kəskin fərqlənən belə zaman hüdudlarında C.Cabbarlı sənətinin təravəti, bədii sənət kimi yaşarlığı nədədir və müasir meyarlar mövqeyindən onun həmşəyaşar, müasir tutum qazanan hansı keyfiyyətləri əbədi yaşamaq haqqı qazanıb?

C.Cabbarlı irsinə dəyərləndirmə üsulu ilə yanaşma onun müasirliyinin, yaşarllığının həm ictimai, həm də ədəbi –bədii zəminini üzə çıxartmaqa imkan verir: müasir ədəbi–siyasi reallıqdan tarixə qayıdış, bu qayıdışın fonunda tarixi bədii gerçəkliyin yaşamlı məqamlarının dövrəyə gəlməsi.

Y.Qarayev yazir: “C.Cabbarlının həyat və sənət taleyi ilk dəfə deyil ki, belə tarixi imtahan, əxlaqi sınaq qarşısında dayanır. Onun bu sınaqdan tamam zədəsiz və yan keçəcəyini düşünmək qeyri–səmimi olardı. Ancaq bir şeyi qəti və tərəddüdsüz hökm vermək olar: Cabbarlı ədəbi irticanın, siyasi ehkamın və inzibati terrorun salamat çıxıb, aşkarlığın və yeni təfəkkürün sınağından çıxmaq onun üçün qat-qat asan olacaqdır. Əksinə, bu sınaqda onu gözləyən kəşflər və tapıntılar zədədən və itkilərdən qat-qat artıq olmağa vəd edir.
Tale elə qismət etmişdir ki, gənc Cabbarlı Azərbaycan Cümhuriyyətini yaradanlarla çiyin–çiyinə Parlamentdə işləmiş, Azərbaycanın taleyüklü məsələlərinin, dövlət atributlarının müzakirəsində yaxından iştirak etmişdir. O , 1919-cu ildə yazdığı “Azərbaycan bayrağına“ şerində milli bayrağa vurulduğunu acıq–aydın ifadə etmişdir. C.Cabbarlının “Azərbaycan bayrağına“, ”Sevdiyim“ seirləri türk insanının bayraq sevgisinə yazılan bəlkə də ən gözəl seir nümunələridir.
Buraxınız, seyr edeyim, düşünəyim,
Oxşayayım ,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

-daha sonrakı bənddə isə bayrağımızda öz əksini tapmış rənglərin mənasını açmağa çalışmışdır :
Bu ay yıldız boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək !
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı
Ürəklərə dolmalı!
Şu al boya azadlığın ,təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.

C.Cabbarlı sənəti ilk növbədə yerinə yetirdiyi ədəbi–tarixi missiyası baxımından dəyərlidir. “Xalqın tarixi sənətkara məxsusdur“. Bu mənada C.Cabbarlı Azərbaycan xalqının XX əsrin əvvəlləri tarixi mərhələsinin keçid dövrünün, yeni ictimai görüşlərin formalaşma prosesinin mahiyyətini bütün tərəfləri ilə əks etdirir. C.Cabbarlı romantizmi bu gün daha real, yaşarlı görünür. XX əsrin 90–cı illərinə qədər qarşı-qarşıya duran iki ictimai formasiya tipi, iki ədəbi–fəlsəfi dünyagörüş aradan götürüldü. Əxlaqi–mənəvi münasibətlərin mərkəzində altun,biznes əsas mövqeye keçdi. “Aydın“da, “Oktay Eloğlu”da, “Solğun çiçəklər“də ifadə olunan şəxsiyyət və cəmiyyət problemi çağdaş reallıqlarla səslənir. Dramaturqun yaratdığı obrazlar sanki bu gün harınlanmış məmur əxlaqına, altun hərisliyinə üsyan edir. Aydının dilindən səslənən “Bəli, zənginlik elə şeydir ki, ağ gözü qara, qara üzü ağ göstərir“, yaxud, “siz əlinizi belinizə atmaqdansa, cibinizə atın. Çünki Sizin silahınız ordadır, kişiliyiniz elə ordadır“.

C.Cabbarlı haqqında mövcud elmi ədəbiyyatda onun “Od gəlini“, ”Sevil “,”Almaz” kimi əsərləri din və qadın azadlığı, çadra əleyhinə mübarizə, ”1905-ci ildə“ xalqlar dostluğunun təbliği kimi dəyərləndirilmişdi. Ənənəvi təsəvvür etibarilə belədir, lakin bu əsərlərin mətnaltı qatları tarixən kənarda qalıb, duyulubsa da, məlum səbəblər ucbatından şərh olunmayıb. Cabbarlı Elxanın dilindən bütün dünyaya dünən də, ötən əsrdə də, bu gündə - XXI əsrdə meydan oxuyur. ”Elxan ... Qoy hər kəs özü öz yaşayışınının tanrısı olsun. Artıq yetməzmi? Din adına törətdiyimiz bu qədər qırğınlar, tökdüyümüz bu qədər qanlar yetməzmi? Neçin zavallı insanlığı bir –birindən ayırıb bir–birinə çeynədirsiniz? Bəs deyilmi içdiyiniz qanlar? Qandan daymadınızmı? Bu qanlar bir gün coşacaq və mizraq lar ucunda yaratdığımız bütün bu əski dünyanı öz acıqlı dalğalarında boğacaqdır“.
C.Cabbarlı şəxsiyyətinin böyüklüyünü sənətinin qüdrətini şərtləndirən amillərdən biri də odur ki, bütün təzyiqlərə və təpkilərə baxmayaraq 30–cu illərin qasırğaönü Azərbaycanın qara cildli tarix kitabını vərəqləməyə cəsarətli addım atmış, qaranlıq səhifələrə həqiqət işığı salmağa bacarmışdır. O, NKVD zindanını görmüşdü. Cəfər həm uşaqlıq dostu və AXC-nin ən önəmli simalarından olan Mirzəbala Məmmədzadənin olkədən qaçışına yardım etməsi bəhanəsi, həm də 1922-1923–cü illərdə əksinqilabi fəaliyyətinə görə 2 dəfə həbs olunmuşdur. Onun 1934–ci ildə Moskvada Ümumittifaq Yazıçılarının Qurultayında alovlu çıxışından sonra da gözümçıxdıya salmışdılar. Buna səbəb onun “yazıçı sifarişlə yazmamalı“ fikri əsas götürülürdü.

C.Cabbarlı ətrafda baş verenlərə biganə qala bilməzdi: o “1905–ci ildə “əsərində elə məqamlara toxunur ki, onların hər biri həm tarixən, həm də bu gün də müşahidə etdiyimiz, qarşılaşdığımız məsələlərdir.

Bu mənada yazıçının “1905–ci ildə“ əsəri erməni məsələsi ilə baqlı dəyərli bir mənbədir. Bu mənbəni dönə-dönə oxumaq, dönə-dönə təhlil etmək dönə-dönə gənc nəslə çatdırmaq lazımdır. Erməni məsələsinin belə aydın şəkildə işıqlandırılmasına görə hər birimiz C.Cabbarlıya minnətdar olmalıyıq. Sanki Cabbarlı bizə - gələcək nəsillərə əsərləri ilə “məktub“ yazmlşdır: hər cümləsi hər sözü böyük bir ümmandır ki, oxuduqca onun səhnələri titrədən qalib səsi “Zərərli vərdişlərdən, mühafizəkarlıqdan, meşşanlıq azarından, zəhər damcılarından özünüzü qoruyun, həyatdan geridə qalmayın, əsrin yavruları olun, od yavruları olun!”, deyib bizi ayıldır.

C.Cabbarlı “1905–ci ildə “əsəri haqqında yazırdı: bu iki xalqı qanlı toqquşmalara itələyən nədir? Mən bu mövzu haqqında dərindən düşündüm, həyatı oyrənməyə başladım və beləliklə, pyesin üzərində işləməyə başladım, harada ki, rus avtokrasiyasının müstəmləkə siyasətinin, kütlələrin diqqətini inqilabdan yönəltmək üçün iki qardaş xalqı bir birinə vurulmasından bəhs olunur.

Əsər Qoca Baxışının tar çalması və “Sarı gəlin “xalq mahnısını oxuması ilə başlıyır:
Saçın ucun hörməzlər,
Neynim aman, aman sarı gəlin .
Səni mənə verməzlər,
Neynim aman, aman sarı gəlin .

Əsər boyu tarın və “Sarı gəlin”in səsi duyulmaqdadır. 30-cu illərdə tarın “sıxma–boğma”ya salındığı və “Sarı gəlin”ə gəlmələrin bu gün də iddialı olduğunu nəzərə alsaq sənətkar uzaqgörənliyini təsdiq etməklə yanaşı C.Cabbarlı həssaslığını, narahatçılığını duymaq, dərk etmək və dəyərləndirmək bu gün həmişəkindən daha zəruridir. Erməniləri “Sarı gəlin “mahnısına şərik edənlər cox yanılırlar, onların bu mahnınıi oxumaqları, hələ bu mahnını özlərinin yaratmasına dəlalət etmir. Sığındıqları türk xalqının nəinki mahnılarını, hətta tar, kaman kimi xalq çalğı alətlərini mənimsədikləri barədə də tarixdən onlarla misal çəkmək olar.

O insan xoşbəxtdir ki,sözünü və əməlini qəlbini və zəkasını xalqının tərəqqisinə ,onun hərtərəfli inkişafına həsr edə bilir. Belə adam on illərlə, yüz illərlə nəsillərin, vətən övladlarının xatirəsində yaşayır, bəzən isə milli sərhədləri aşaraq yer üzünün bütün xalqlarının urəyinə, zehninə yol tapır. Mənəvi ucalığın əbədiyyətinə gedən müqəddəs yol istedad və zəhmət körpüsündən keçir. İstedad və zəhmət şəxsiyyətdə qoşa qanad kimi birləşərək onu mənəvi ucalığın əbədiyyət üfüqlərinə qaldırır. Tanrı vergisi olan istedad, insanın tanrıya qovuşmaq cəhdi olan zəhmətlə birləşərək adi – öləri insanı şəxsiyyət səviyyəsinə, əbədiyyət məqamına ucaldır. Şəxsiyyətin böyüklüyü onun cəmiyyətlə və tarixlə təmasının sıxləğı ilə ölçülür. C.Cabbarlı vəfatıyla “tarixə daxil oldu”, onun haqqında bundan tutumlu söz söyləmək çətindir. Tarixə daxil olmağın mənası bir, üsulları, yolları isə müxtəlifdir. İnsan tarixə əməlləri ilə daxil olur. Əməl insanin şəxsiyyətini, mövqeyini və taleyini müəyyən edir. Sağlığında əməlləri ilə ömrünü gəldi-gedərliyin cəngindən xilas etmiş, yaradıcılığı ilə özünə əbədiyyat abidəsi ucaltmış, irsi ilə tarixə daxil olmuş - böyük sənətkar cəmi 35 il ömür sürüb, 35 il! Dramaturq ömrü, şair omrü, nasir ömrü, tərcüməçi ömrü, jurnalist ömrü, rejissor ömrü və bir də musiqi ilə nəğmə ilə süslənmiş nəğməkar ömrü.

Yazıçı–dramaturqlarımız arasında musiqini C.Cabbarlı qədər sevən, onu canlı obraza çevirən, əsərlərinin ruhuna, qanına hopduran sənətkar az olmuşdur. Ömür–gün yoldaşı Sona xanım Cabbarlı “Onu kim unudar“ xatirələr kitabında yazırdı: ”Cəfərin belə xüsusiyyəti var idi: bir pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi. Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü yeni bir mahnı yaradırdı. Bu mahnını uzun zaman dodaqaltı oxuyur, pianoda çalırdı. Sonra pyesi yazmağa başlayırdı. Məsələn: ”Od gəlini“ndə Solmazın “Mən bir solmaz yarpağam ki...”, “1905-ci ildə”də Sonanın “Azad bir quşdum“, “Almaz”da Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi“, ”Yaşar“da Yaqutun “Sənin dərdindən“, “Sevil”də “Sənə nə olub zalım yar“ mahnıları belə yaranlb.

C.Cabbarlı yaradıcılığı, lirik dünyası susmaz duyğular səltənətidir ki, bu səltənətin “məhəbbət aləmi–qəm diyarıdır“ və bu “qəm diyari“nın qaranlığına düşmək “həyat ləzzətidir“. ”Hicran həyat ləzzəti “olsa da C.Cabbarlının pak, müqəddəs duyğularının kükrəyib – çağladığı poeziya nümunələrinin, indi də böyük şövqlə oxuduğum bədii əsərlərinin vüsalına qovuşmaq daha ləzzətli idi.

Təranə Talıbova,

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin metodisti