Azərbaycan diasporu dövlətin, xalqın yanındadır

12 Avqust 2020 17:03 (UTC+04:00)

Diaspor quruculuğu sahəsində dövlətimizin apardığı ardıcıl siyasət, ölkə başçısının tapşırıqlarına uyğun olaraq tətbiq edilən yeni proqramlar bəhrəsini verir. Görülən ardıcıl tədbirlər, dövlət tərəfindən işlənib hazırlanan konkret strateji istiqamətlər həmvətənlərimizin məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirməyə imkan yaradır. Tarixin dönəmlərindən aydın olur ki, dünya ölkələrinə səpələnmiş soydaşlarımız milli düşüncəni, ziyalı mövqeyini ortaya qoysa da diasporun təşkilatlanmasına uzun illər müvəffəq ola bilməmişdilər. Ümumbəşəri sivilizasiya xəzinəsinə misilsiz töhfələr bəxş etmiş yüzlərlə azərbaycanlı düha dünyanın bir sıra ölkələrində yaşamış və şöhrət tapmışdılar. Etiraf edək ki, Azərbaycan dünyaya səpələnmiş ziyalıların qismində elm, sənət ocağı kimi tanınsa da, dünya ictimaiyyətinə həqiqi ictimai-siyasi-mədəni palitrasını tanıtdıra bilməmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə Ümummillli Lider Heydər Əliyevin xalqın təkidi ilə, yenidən hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahədə xüsusi dövlət qurumunun yaradılması ilə nəticələndi. Ulu Öndər Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı Fərmanı Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd oldu. Azərbaycan diasporu yeni inkişaf yoluna qədəm qoydu. Dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması, lobbiçiliyin təşkili xarici siyasətin prioritet istiqamətlərindən birinə çevrildi. Bu isə, əslində, respublikamızda aparılan dövlət siyasəti ilə ümummilli mənafelərin ortaqlaşması deməkdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birliyin və həmrəyliyin təmin olunması istqamətində ardıcıl işlər görüldü. Ötən zamanda azərbaycanlıların təşkilatlanması istiqamətində müəyyən işlər görüldü, türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələr quruldu və birgə fəaliyyət strategiyası qəbul olundu. Dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyillərinin güclənməsi bu gün diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir. Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində uğurla davam etdirilir.

Mövcud vəziyyət belə deməyə əsas verir ki, yeni dünya düzəni və qloballaşma prosesləri nəticəsində diasporlar yalnız müəyyən dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi də tanınırlar. Bu gün Azərbaycan diasporu dünyanın bütün qitələrində ABŞ, Fransa, Misir, Avstraliya, Gürcüstan, Moldova, Avstriya, İslandiya, Almaniya, İspaniya, Qazaxıstan, İtaliya kimi onlarla dövlətdə fəaliyyət göstərir. Dünya ölkələrində Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası, Avstraliya-Azərbaycan-Türk dostluq birliyi, Azərbaycan-İsveçrə Türk Cəmiyyəti, Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi, Hyuston Azərbaycanlıları Cəmiyyəti, Amerika-Azərbaycan Şurası və onlarla belə qurumlar diaspora quruculuğu siyasətinin məntiqi olaraq təşəkkül tapıb. Diasporun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlib.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışların birində vurğulayıb ki, mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. "Belə olan halda, onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq", - deyərək birliyin əsas məsələlərdən olduğunu diqqətə çatdırmışdır: "Xüsusilə, nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin".

Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edən erməni diasporunun uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya apardığını və bu kampaniyanın tərkib hissəsinin Azərbaycanı antidemokratik, Ermənistanı isə yazıq, "blokada" şəraitində olan ölkə kimi təqdim etmək məqsədi daşıdığını qeyd etmişdi. Artıq Azərbaycan diaspor təşkilatları daha da formalaşıb, coğrafi məkanı genişlənib. Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, Skandinaviya və Amerika Birləşmiş Ştatlarında Azərbaycanlıların Koordinasiya Şuraları təsis edilib. Eyni zamanda, dünyanın müxtəlif şəhərlərində artıq fəaliyyətə başlayan, gələcəkdə digər ölkələrdə də açılması nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəzləri və Azərbaycan dili məktəbləri diasporumuzun imkanlarını daha da artırır.

Bu gün qətiyyətlə deyə bilərik ki, dünya ilə sərhədsiz münasibət quran Azərbaycan müxtəlif qitələrdə öz sözünü əməli çərçvəsində deyə bilir. Müasir dövrümüzdə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır. Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Azərbaycan torpaqları olduğunu diaspor tşkilatları, nümayəndələri yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırırlar. Dünya birliyindən Xocalı kimi dəhşətli soyqırımı törədən Ermənistanın ciddi şəkildə cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılması tələb edilir. Faşist mahiyyətli Ermənistanın törətdiyi təxribatlarla bağlı tarixi faktlar diqqətə çəkilir. Erməni lobbisinin və onların havadarlarının Azərbaycana, bütövlükdə Türk Dünyasına qarşı yönəlmiş işğalçı, təcavüzkar siyasətini, beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd davranışını sərt şəkildə pisləyirlər. Dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqaz bölgəsində ədalətli sülhün bərqərar olması naminə qətiyyətli addımlar atılmasını tələb edilir.

12 iyul tarixində Ermənistanın Azərbaycan torpaqlarına etdiyi növbəti təxribat və işğal cəhdlərini qətiyyətlə keçirdikləri yürüşlərlə, aksiyalarla bir daha pisləyərək, etirazlarını bildirdilər. Dünya ölkələrində yaşayan soydaşlarımızın səsi eşidildi. Azərbaycanla həmrəylik nümayiş etdirdilər. Azərbaycanın Tovuz rayonunda təxribat törətməsi bir daha Ermənistanın riyakarlığını ortaya qoymuş oldu.

Azərbaycan yaşayış məntəqələrinin atəşə tutulması beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, Ermənistan dövlətinin təcavüzkar xarakterini bir daha nümayiş etdirdi. BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və digər beynəlxalq təşkilatların Azərbaycanın işğal edilmiş 20 faiz ərazisinin, o cümlədən Dağlıq Qarabağ bölgəsinin dərhal və qeyd-şərtsiz azad olunması tələbi ilə bağlı müvafiq qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan təcavüzkar siyasətini davam etdirir. Soydaşlarımız, diaspora təşkilatlarımız Ermənistanın müxtəlif təxribatlara əl atmasına baxmayaraq, Azərbaycan dövlətinin hər zaman sülhün tərəfdarı olduğunu bəyan etmişlər. Ermənistanın tükənməyən təxribatları isə Azərbaycan ordusunu cavab tədbirləri görməyə vadar edir. Bir daha aydın oldu ki, dünya ölkələrində yaşayan hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad olunması və xalqımıza qarşı törədilən istənilən təcavüzün qarşısının alınması naminə Azərbaycan hökümətinin və ordumuzun atdığı bütün addımları dəstəkləyir. Niderlandda, Avstraliyada, Kalifoniyada, Almaniyada və neçə-neçə dünya ölkələrində Azərbaycanın haqq səsini dünyaya çatdırmış oldular.

Əlbəttə ki, Prezident Cənab İlham Əliyevin bu sahədə ardıcıl, qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması, deməyə əsas verir ki, Azərbaycan diasporu güclənib, doğma Vətənin taleyüklü problemlərinin həllində yaxından iştirak edir, dünyada birlik, həmrəylik nümayiş etdirir.

Nəzakət ƏLƏDDİNQIZI