Azərbaycan ilə Rusiya arasında peyvəndlə bağlı protokol varmı? ÖZƏL - AÇIQLAMA

12 Avqust 2020 15:41 (UTC+04:00)

"Peyvəndin tətbiq olunması üçün onun sınaq müddətinin, yaradacağı immumnitetin, həmçinin onun fəsadlarının və yaxud peyvəndin tətbiq oldunduğu müddətdən sonra anti-tellərin əmələ gəlməsi üçün mövcud olan vaxtın və zamanın gözlənilməsinə ehtiyac var. Bu çox ciddi bir məsələdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan deputatı İlham Məmmədov deyib.

Türkiyə mediasında Rusiya ilə Türkiyə arasında ümumi peyvənd protokolunun olduğu və bu səbəbdən ÜST Rusiyada tətqiq edilən peyvəndi təsdiqləyərsə peyvəndin ilk idxal ediləcəyi ölkələrdən birinin də Türkiyə olacağı məlumat verilib.

Millət vəkili bu məsələ ilə əlaqadar öz münasibətini bildirib və qeyd edib ki, bildiyi qədərilə Azərbaycanla Rusiya arasında belə bir ümumi protokol yoxdur:

"Belə bir protokol Azərbaycanla Rusiya arasında bildiyim qədərilə yoxdur, əgər səhv etmirəmsə. Çünki, peyvəndlərin hazırlanması, onun tətbiqi bir-neçə günün və ya bir ayın işi deyil. Peyvəndin hazırlanması üçün dünyanın bir çox elmi tətqiqat mərkəzləri, laboratoriyaları, ayrı-ayrı tibbi elmi mərkəzlər bu işi öz üzərinə götürüb. Bu qəbul olunan və təbii bir prosesdir. Yəni, peyvəndin tətbiq olunması üçün özünün müəyyən bir protokolu var. Yəni, sınaq müddətinin, yaradacağı immumnitetin, həmçinin onun fəsadlarının və yaxud peyvəndin tətbiq oldunduğu müddətdən sonra anti-tellərin əmələ gəlməsi üçün mövcud olan vaxtın və zamanın gözlənilməsinə ehtiyac var. Bu çox ciddi bir məsələdir. Təbii ki, peyvəndin tətbiqi həmişə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi və protokolları əsasında həyata keçirilir. Bir ölkə bunu istehsal edibsə və bu haqda açıqlama yayırsa bu, müsbət və ümidverici bir haldır".

İlham Məmmədov vurğulayıb ki, peyvəndin özünün müəyyən fəsadlar verə biləcəyi bir təcrübə də var, bu da yoxlanılmalı və müəyyən olunmalıdır.

O qeyd edib ki, Rusiya İlə Türkiyə arasında peyvəndlə bağlı protokolun olmasından xəbərdar deyil, lakin, ola bilər ki, iki ölkənin Səhiyyə Nazirlikləri arasında niyyət protokolları var.

Deputat əlavə edib ki, peyvəndin bütün dünyada tətbiq olunması, effektiv bir peyvəndin hazırlanması üçün müəyyən vaxt lazımdır: "Şəxsi fikrimə görə, inanmıram ki, bu belə tezliklə başa gəlsin. Bu sahədə iş gedir və davam etdirilir. Bəşəriyyətin xilası peyvəndin tapılmasından asılı olacaq. Bu müddət ərzində bizim yeganə silahımız qorunmaqdır. Tibbi maskadan istifadə etməklə, sosial məsafəni gözləməklə və sanitar-gigiyenik qaydalara riayət etməklə virusdan qorunmaq mümkündür. Peyvənd hazır olana qədər biz bu qaydaları gözləməliyik. Peyvənd hazır oldu deyə virus dünyada yox olacaq demək deyil. Onun tətbiqi üçün müəyyən zaman və vaxt lazmıdır".