ÜST Rusiyadakı peyvəndlə bağlı açıqlama verdi TƏCİLİ - AÇIQLAMA

12 Avqust 2020 15:39 (UTC+04:00)

Rusiyada qeydiyyatdan keçmiş COVID-19-a qarşı peyvəndlə bağlı ÜST açıqlama yayıb. Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən SİA-ya verilən açıqlamaya əsasən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı peyvəndin Rusiya Federasiyasının yerli dərman vasitələrinin reyestrində qeydiyyatdan keçməsi haqda məlumatlıdır.

Təşkilat Rusiyadakı tədqiqatçılar və səlahiyyətli şəxslərlə təmasdadır və aparılan sınaqların təfərrüatını nəzərdən keçirməyə hazırlaşır.

Bu, COVID-19-a qarşı ilk qeydiyyatdan keçmiş peyvənddir, digər ölkələr namizəd peyvəndlər üzərində kliniki sınaqlar aparmağa davam edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı peyvəndin tədqiqatına və inkişafına dair bütün irəliləyişləri alqışlayır. Təşkilat 2020-ci ilin yanvar ayından etibarən qlobal səviyyədə aparılan elmi-tədqiqat işlərinə rəhbərlikdə və prosesi sürətləndirmədə aktiv iştirak edir.

Peyvənd tədqiqatını sürətləndirərkən, istehsala gedəcək peyvəndin təhlükəsiz və səmərəli olması üçün müəyyən olunmuş prosedurlar və inkişaf mərhələsindəki bütün addımlar həyata keçirilməlidir. ÜST dünyada bu peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığın təminatını təşviq edir.