Elnur Qasımov Qənimət Zahidlə Həbib Müntəziri “şərəfsizlər” adlandırdı FOTOFAKT

12 Avqust 2020 14:38 (UTC+04:00)

Həbib Müntəzirin və Qənimət Zahidin şəklini paylaşdığı və polis əməkdaşı olduğu iddia edilən Elnur Qasımov danışıb. SİA xəbər verir ki, onun hüquq-mühafizə orqanlarında çalışması ilə bağlı iddialara heç bir əsas yoxdur və ümumiyyətlə, polislə əlaqəsi mövcud deyil.

"Mən özüm taksi sürücüsüyəm, polislə heç bir əlaqəm yoxdur. Dünəndən aləm dəyib bir-birinə, bütün qohum-əqrəba mənim üstümə düşüb”, deyə bildirən E.Qasımov onun şəkillərini yayan AXCP funksioneri Qənimət Zahidi və Həbib Müntəziri tapacağını, məhkəməyə müraciət edəcəyini də bildirib. O, qəzəbini gizlədə bilməyərək, həmin adamları “şərəfsiz” adlandırıb: “Şəklimi hansı şərəfsiz yayıb, bilmirəm. Mən hüquq-muhafizə orqanlarına və məhkəməyə şikayət etməyə gedirəm. Polislə heç vaxt əlaqəm olmayıb, hazırda da yoxdur. Mən sıravi vətəndaşam, ailəmi güclə dolandıran bir şəxsəm. Mənim şəklimi yayaraq polislə adımı hallandırmaq yolverilməzdir, mənə və ailəmə böyük təhqirdir. Mən o şəkilləri yayanları tapacağam. Digər fotolarda olan şəxsləri də tanımıram”.

Xatırladaq ki, hazırda Avropa ölkələrində yaşayan və sosial şəbəkələrdə Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən şəxslər – Qənimət Zahid və Həbib Müntəzir Elnur Qasımovun guya polisdə fəaliyyət göstərdiyini və onun müxalifətçilərə qarşı işgəncə tətbiq etdiyini iddia edən saxta fotolar yayıblar. Sonradan bəlli olub ki, onun bu iddialara heç bir aidiyyatı yoxdur, eyni zamanda, Q.Zahid və H.Müntəzir növbəti dəfə Azərbaycan dövlətinin və polisinin nüfuzunu ləkələməkdən ötrü belə bir rəzil addıma əl atıblar.

Rövşən RƏSULOV