Azərbaycan səfirinin müsahibəsi Niderland saytında dərc edilib.

11 Avqust 2020 20:50 (UTC+04:00)

Niderlandın “Live i Live BV” və “Proost” şirkətləri tərəfindən ənənəvi olaraq hər il təşkil edilən “Səfirliklər festivalı” çərçivəsində Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fikrət Axundovun www.embassyfestival.com saytında ingilis dilində müsahibəsi dərc edilib.

SİA Səfirliyə istinadən bildirir ki, müsahibədə F.Axundov Azərbaycanın tarixi, mədəniyyəti, qədim abidələri, musiqisi, milli adət-ənənələri və mətbəxi haqqında geniş məlumat verib. Səfir xalqımızın tolerantlığından söhbət açaraq, Azərbaycanın dünyada multikulturalizm nümunəsi olduğunu, ölkəmizdə çoxsaylı məscid, kilsə və sinaqoqların fəaliyyət göstərdiyi, o cümlədən qədim Qafqaz Albaniyasının dini abidələrinin, 200 il əvvəl Azərbaycana gəlmiş alman icmasının kilsəsinin, rus pravoslav və katolik kilsələrinin olduğunu bildirib.

F.Axundov Niderland ictimaiyyətini Novruz bayramı ilə tanış edərək, od, su, yel və torpaq çərşənbələri, Novruz adət-ənənələri və nemətləri ilə bağlı geniş məlumat verib. O, Azərbaycanın Odlar Yurdu, Zərdüşt məkanı kimi dünyada məşhur olduğunu qeyd edib, Atəşgah, Yanar Dağ, Qız qalası kimi mədəniyyət abidələri haqqında danışıb və 2020-ci ilin İçərişəhərin UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilməsinin 20 illiyi kimi qeyd olunduğunu bildirib.

Festivalın dünya ölkələrinin mədəniyyət və mətbəxinə həsr olunduğu nəzərə alınaraq, məqalədə, eyni zamanda, Azərbaycanın “Şah plov”, qutab kimi milli yeməkləri və çay ənənəsindən söz açılıb. Müsahibəyə Azərbaycanın milli geyimində bir çox əcnəbi gənclərin ifasında “Sarı gəlin” mahnısının videoyazısı da əlavə edilib.

“Səfirliklər festivalı”nın “Azərbaycan qutusuna” ölkəmizin “Savalan” şərabları və “Balxurma” kimi nemətləri daxil edilərək, yerli və əcnəbi qonaqlara nümayiş etdirilib.

Müsahibənin tam mətni ilə linkdə https://embassyfestival.com/2020/08/07/interview-ambassador-azerbaijan-fikrat-akhundov/ tanış olmaq mümkündür.