Prezident İlham Əliyevin müsahibəsi Gürcüstan mətbuatında

11 Avqust 2020 19:15 (UTC+04:00)

Gürcüstanın newsgeorgia.ge, apsny.ge, report.ge, kavkasia.net və 24news.ge portalları Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra mətbuata verdiyi müsahibəyə geniş yer veriblər. SİA-nın verdiyi məlumata görə, məlumatlarda bildirilir ki, “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq.

Məlumatlarda Azərbaycan Prezidentinin fikirlərindən sitat gətirilir: “Əlbəttə, indi bizim əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, hesab edirəm ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir. Çünki bu, imkan verir ki, “Şahdəniz” yatağının tam işlənilməsi təmin edilsin”.