Bu hadisə "1994-cü il Əsrin müqaviləsi"nin dayanıqlılığını göstərir ÖZƏL - AÇIQLAMA

11 Avqust 2020 17:15 (UTC+04:00)

"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın müstəqilliyinin əsaslarından biri olan "1994-cü il neft müqaviləsi"nin bağlanması, habelə maraqlı dövlətlər və böyük neft şirkətləri arasında bölgü paylarının müəyyən olunması Azərbaycan iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərməkdədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, bugünədək “Azəri”, “Çıraq”, “Günəşli”, həmçinin “Şahdəniz 2”, “Abşeron”, “Şəfəq-Asiman” qaz kondensant yataqlarından hasil edilən neft və qazın satışından əldə olunan gəlirlərin Azərbaycan iqtisadiyyatına yatırılması yerli iqtisadiyyatın şaxələndirilməsinə də böyük kömək olmuşdur:

"İqtisadiyyatımızın əsasını təşkil edən neft və qaz hasilatının, geoloji işlərin davam etdirilməsi, yeni yataqların kəşf olunması, habelə idarə olunması prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır.

Prezident İlham Əliyevin 10 avqust tarixində Heydər Əliyev adına dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak etməsi bir daha hökumətin bu sahəyə diqqətini nümayiş etdirir, hətta bəzi ümidlərini itirmiş payçıların yeni yataqların işlənməsində Dövlət Neft Şirkəti ilə əməkdaşlığın dərinləşdirilməsini labüd edir".

Millət vəkili qeyd edib ki, nəhəng "Qarabağ" yatağının dəniz işlərinə start verilməsi əlamətdar hadisə olmaqla "1994-cü il Əsrin müqaviləsi"nin dayanıqlılığının və ölkəmizin qüdrətinin göstəricisidir:

"Eyni zamanda bildirmək istəyirəm ki, dəyişən dünyamız bu sahədə də yeni çağırışları rəhbər tutaraq mükəmməl idarəçiliyi formalaşdırmağı diktə edir və yeni inkişaf strategiyasının təkmilləşməsini ortaya qoyur.

Yaxın aylarda Azərbaycan dövlətinin təşəbbüsü ilə genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 km. uzunluğunda bir-birinə bağlı olan üç qaz kəmərinin inşası başa çatdırılacaq və Azərbaycan qazı Avropa məkanına çatacaqdır. Bu, ölkə üçün tarixi bir hadisədir və "Şahdəniz 2" yatağının tam işləməsini təmin edəcəkdir.

Bu gün neft və qaz sahəsində görülmüş işlərin nəticəsidir ki, həyata keçirilən düzgün siyasət həm Azərbaycanın inkişafda olan iqtisadiyyatının, sənayesinin tələblərini tam olaraq ödəyir, həm də digər dünya ölkələrinə ixracı (satışı) təmin edir".