"Bu məsələni gələcək nəsillərin üzərinə atmaq fikrində deyilik" ÖZƏL - AÇIQLAMA

11 Avqust 2020 14:53 (UTC+04:00)

"Bu problemin həllini Azərbaycan xalqı heç də gələcək nəsillərin üzərinə atmaq fikrində deyil. Bu məsələ mütləq həll ediləcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olan deputatı Aydın Mirzəzadə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi bir qədər qəliz məsələdir və qısa bir zamanda, yalnız bir yolla həll edilə biləcək bir məsələ deyil: "Bu kompleks şəkildə həll edilə biləcək məsələdir. Bu məsələnin içərisində diplomatik, hərbi, iqtisadi, beynəlxalq münasibətlər var. Azərbaycan bu məsələnin həllində bütün adı çəkilən istiqamətlər üzrə işlər aparır. Məhz, düzgün dövlətçilik fəlsəfəmizin müəyyənləşdirilməsi, dekokratrik bir ölkə qurmağımız və formalaşdırmağımız, beynəlxalq layihələrdə böyük yer tutmağımız bu gün səmərəli bir iqtisadiyyat qurmağımıza səbəb oldu. Bunun sayəsində Azərbaycanda güclü Silahlı Qüvvələr yaradıldı, Azərbaycan xalqının həyat səviyyəsi qalxıb, Azərbaycanın haqq səsi dünya səviyyəsində tanınır".

Millət vəkili vurğulayıb ki, məhz bütün bunlara görə, Tovuz hadisələrində Serbiyanın satdığı silahlarından istifadə edilməsi Serbiya ilə Azərbaycan arasında əlavə danışıqların aparılmasına səbəb oldu: "Bu gün daha çox ölkələr Azərbaycanın haqq işini müdafiə edirlər. Bu özü göstərir ki, məsələnin həllini yalnız bir istiqamət üzərində qurmaq olmaz. Azərbaycan öz torpaqlarının uğrunda mübarizə aparır və buna mütləq nail olacaq".

Aydın Mirzəzadə qeyd edib ki, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair qətnamələr qəbul etməsi, həmçinin, 2016-cı ildə Aprel döyüşləri, Tovuz hadisələrindən sonra Azərbaycanın həm diplomatik, həm də hərbi üstünlüyünün ortaya çıxması Azərbaycanın düzgün yolda olduğunu göstərir: "Bu problemin həllini Azərbaycan xalqı heç də gələcək nəsillərin üzərinə atmaq fikrində deyil. Bu məsələ mütləq həll ediləcək. Bu proses çox çəkməyəcək".