Ermənistanın Sevr sazişini gündəmə gətirməyə cəsarət etməsi absurddur - Türkiyədən Ermənistana

11 Avqust 2020 14:12 (UTC+04:00)

“Bu gün öz xalqının qayğısını çəkməkdə belə aciz qalan Ermənistan iqtidarının 100 il sonra türk millətinin cırıb atdığı Sevr sazişini gündəmə gətirməyə cəsarət etməsi absurddur. SİA-nın məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi Sevr sazişinin 100 illiyi bəhanəsilə Ermənistan hakimiyyəti tərəfindən yayılan açıqlama ilə bağlı bəyanat yayıb.

“Birinci Dünya müharibəsinin sonunda vətənimizi parçalayaraq müstəqilliyimizə və suverenliyimizə son qoymaq məqsədi daşıyan Sevr sazişi işğal və məhv planlarının həyasızca ortaya qoyulduğu bir ibrət vəsiqəsidir.

Türk milləti qəhrəmanlıq göstərdiyi Qurtuluş savaşından sonra 1923-cü ilin iyul ayının 24-də imzaladığı Lozanna sülh müqaviləsi ilə Sevr sazişini cıraraq tarixin zibilliyinə atıb. Aradan bir əsr keçməsinə baxmayaraq tarixdən dəsr çıxarmaq əvəzinə düşmənçilik yaradanların bu sənəddən mədət umması təəccüblü deyil.

Türk millətinin Anadolunu işğal etməyə cəsarət edənlərə verdiyi dərs və imperializmə vurduğu ağır zərbə tarix kitablarında “dərs” olaraq öyrədilir. Bu şərəfli mübarizə digər məzlum millətlərə nümunə olub.

Bu gün öz xalqının qayğısını çəkməkdə belə aciz qalan Ermənistan iqtidarının 100 il sonra türk millətinin cırıb atdığı Sevr sazişini gündəmə gətirməyə cəsarət etməsi absurddur.

Belə məkrli əməllərə qapılanlar bilməlidirlər ki, Türkiyənin vətəni və milləti ilə bölünməz birliyini davam etdirmə qərarlılığı qarşısında həvəsləri qursaqlarında qalacaq.

İllərdir Azərbaycan torpaqlarında qeyri-qanuni işğalı davam etdirən Ermənistan regional sülhün və sabitliyin bərqərar olmasına əngəl yaradır. Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkərək ağıllarını başlarına almasının vaxtı gəlib”, - bəyanatda deyilir.