GECƏNİN RƏNGİ - ROMAN

11 Avqust 2020 13:04 (UTC+04:00)

(Əvvəli bu linkdə: https://sia.az/az/news/literature/819921.html)

Cəlal Xuduyev və Xanoğlan Qasımov, eləcə də sürücü vəsiqələrini göstərdikdən sonra zabit əsgərlərə - şlaqbaumu açın - əmrini verdi. Şlaqbaum açıldıqdan sonra maşın maneəsiz yoluna davam etdi. Daha bir keçid məntəqəsində onları saxladılar və maşınla irəli getməyin mümkün olmayacağını onlara başa saldılar. Mehdi Qələndərli maşından düşərək sürücüyə - siz maşında qalın, – deyə təlimat verdi.

İki əsgər önə keçib, onları Fərəc Ağayevin işğaldan azad edilən, müvəqqəti komanda mərkəzinə müşayiət edirdi. Əsgər Fərəc Ağayevin olduğu komanda mərkəzinə çatdıqdan sonra - xahiş edirik burada gözləyin, - deyə qonaqlara dayanmaq işarəsi verdi. Digər əsgər isə Fərəc Ağayevi qoruyan mühafizəçiyə yaxınlaşdı. Qısa söhbətdən sonra həmin mühafizəçi komanda mərkəzinə daxil oldu, iki-üç dəqiqə sonra geri qayıdıb, Mehdi Qələndərliyə - buyurun, komandir sizi gözləyir, - deyə bildiridi.

Fərəc Ağayevin yuxusuz, yorğun olduğu açıqca sezilirdi. Bir az əvvəl gözünün acısını almaq, az da olsa dincəlmək üçün dəmir çarpayıya uzansa da, əsgər onu oyatmışdı. Buna baxmayaraq komandir qonaqları mehribanlıqla qarşıladı. Mehdi Qələndərli bu vəziyyətdə onunla söhbət etməyin çətin olacağını anlasa da, artıq gec olduğunu dərk edib, söhbət üçün münasib giriş aradı. Taxta stullarda əyləşincə, ordan-burdan, döyüş yolundan, ermənilərin müqavimətinin qırılmasından, Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatından söhbət etdilər. Nəhayət, Mehdi Qələndərli gəlişinin məqsədini Fərəc Ağayevə anlatmağa çalışdı.

Alay komandiri qonaqlarının gəlişinin səbəbini artıq təxmini də olsa bilirdi. Çünki Ağdamda polisdə işləyən dostu Cabbar ona Mehdi Qələndərli haqqında və onunla aparacağı söhbətin məğzi barədə üstüörtülü də olsa məlumatlar, fikirlər çatdırmışdı. Ona görə də Fərəc Ağayev birbaşa - mənlik nə lazımdır, - deyə Mehdi Qələndərliyə sual etdi.

Mehdi Qələndərli üzünü Xanoğlana və Cəlala tərəf çevirib, onların qayğılı görünən simalarına bir anlıq baxdıqdan sonra nəzərlərini Fərəc Ağayevə dikib, dedi:

- Biz sizin korpus komandiri Məmməd Cavadzadə ilə çox yaxın münasibətdə olduğunuzu bilirik və onu da öyrənmişik ki, cəbhə bölgəsində sizin böyük sərkərdəlik məharətiniz, nüfuzunuz, həm də yüksək hörmətiniz var. Xahiş edərdik ki, imkanlarınızdan istifadə edərək, Jozef Marko adlı əsirin bizə verilməsinə köməklik edəsiniz.

Fərəc Ağayev gözlərini ilk baxışdan mehriban və xeyirxah insan təsiri bağışlayan Mehdi Qələndərlinin sifətinə dikib, daha sonra sakit səslə dedi:

- Bildiyim qədər siz artıq Məmməd müəllimin yanında olmusunuz. Mənim üçün maraqldır, onun cavabı nə olub?

Mehdi Qələndərli gizlətməyin mənasız olduğunu başa düşdüyündən Cavadzadə ilə aralarında olan söhbəti dilə gətirdi:

- O, bizi əliboş yola saldı.

- Səbəb kimi nə göstərdi?

- Sadəcə, o bizə erməni dığasını vermək istəmədi. Əsirlə bağlı qərarı hərbi şuranın verəcəyini bildirdi.

Fərəc Ağayev çox çətin bir məsələnin qarşısında qaldığını anladığından duruxdu:

- Mehdi müəllim, əgər Məmməd Cavadzadə məsələni hərbi şuranın öhdəsinə buraxırsa, deməli, erməni əsirini sizə vermək çətin olacaq.

Cəlal Xuduyev söz atdı:

- Onda biz zor gücü ilə Markonu onun əlindən alarıq.

Xanoğlan Qasımov da Cəlal Xuduyevə dəstək üçün fikir bildirdi:

- Qarşıdurma olmaması üçün biz hələ ki məsələnin sakit formada həllinə çalışırıq.

Fərəc Ağayev çekistlərin hədəyə keçdiklərini anladı. Həm də dərk etdi ki, onlar deyirlərsə, deməli, hər şey əllərindən gələr. Ona görə də ciddi problemə çevrilən məsələnin həlli üçün çıxış yolu göstərdi.

- Siz bir qədər gözləyə bilərsinizmi?

Mehdi Qələndərli:

- Haradasa bir gün dözmək olar.

Fərəc Ağayev:

- Mən Məmməd Cavadzadə ilə danışaram. Elə bilirəm ki, o məni başa düşər.

Bu dəfə Cəlal Xuduyev hədəni bir az da dərinləşdirmək üçün dedi:

- Biz bilirik ki, o erməni Marko Jozef Goranboy hərbi bazasında saxlanılır. İmkanımız var ki, onu oradan götürək, özü də qansız - qadasız.

Fərəc Ağayev zəiflik göstərmək istəmədi:

- Bu, heç də asan məsələ olmaz. Çünki bizim orada çox ciddi, peşəkar, təcrübəli, hər bir müqaviməti, hər bir gücü dəf etməyə qadir əsgər heyətimiz var.

Bu dəfə Xanoğlan söhbətə qoşuldu:

- Elə onların hesabına biz o Jozefi oradan götürə bilərik.

Fərəc Ağayev başa düşdü ki, Goranboy hərbi bazasında ələ alınan və çekistlərə işləyən əsgər və zabitlər var. Əgər çekstlər hərəkətə keçsələr, bu çox təhlükəli bir vəziyyətə səbəb olardı. Ən azı, Xankəndinə yaxınlaşmaqda olan, döyüşən hərbi heyətdə bir çaxnaşma, konflikt yaradardı. Ona görə də ağsaqqal məsləhəti verdi:

- Mehdi müəllim, biz erməni kimi zibillərə, tulalara görə içimizdə olan o vətənpərvərlik hissini, döyüş ruhunu aşağı sala bilmərik. Məsləhət edərdim ki, bir az səbirli olasınız.

Mehdi Qələndərli niyyətini və iki gündür ki, ürəyində gəzdirdiyi fikrini də Fərəc Ağayevə çatdırmalı oldu.

- Biz Jozef Markoya görə, sizlərə iki milyon ABŞ dolları da verməyə hazırıq.

Fərəc Ağayev çaşqın halda onun üzünə baxıb, təəccüblə dedi:

- Bu boyda pul sizdə hardandır?

- Varlığa nə darlıq, Jozef Markonu bizdən tələb edənlər qarşılığında pul da verirlər.

Fərəc Ağayev indi hər şeyi başa düşməyə başladı. Deməli, bu çekistlər pula görə burdadırlar. Pul əldə etmək üçün Markonu tələb edirlər. Cəlal Xuduyev yenidən hədələdi:

- Ya pulu götürün, ya da ki, biz xoşagəlməz sonluqla nəticələnsə belə Jozefi əldə edəcəyik, seçim sizlərindir.

Mehdi Qələndərli də söz atmalı oldu:

- Mən rəhbərliyin tağşırığını nə yolla olur olsun, yerinə yetirməliyəm. Bunun üçün bir-iki əsgərin həyatını itirməsi də o qədər ciddi faciə sayılmaz.

Fərəc Ağayev son sözləri eşidəndə içində əsdi, coşdu, istədi onları təhqir və söyüşlərlə qovsun. Öz-özünə düşündü ki, necə yəni bir erməniyə görə, Azərbaycan əsgərinin canına qıymaq olar? Ancaq düşündüklərini dilə gətirmədi. Ağsaqqallıq etməyə, məsləhətlə bu problemin yoluna qoyulmasına, çalışdı. Bir daha Mehdi Qələndərliyə üzünü tutub dedi:

- Mehdi müəllim, siz pulunuzu cibinizə qoyun, özünüzə qismət olsun. Biz bura döyüşməyə və bu vətəni, bu dövləti yağı düşməndən qorumağa gəlmişik. Xahiş edirik bizi alçaltmağa, təhqir etməyə cəsarət etməyin. Onsuzda ermənilər qürurumuzu, mənliyimizi sındırmağa, alçaltmağa çalışırlar. Yəni, kifayət qədər ətrafımızda düşmənlərimiz var. İçimizdə düşmən yaratmaq məsləhət deyil.

Mehdi Qələndərli söz atdı:

- Biz eyni vətənin, eyni xalqın övladlarıyıq. Sizin öz işiniz , bizim də öz işimiz var. Hər kəs üzərinə düşən işi yerinə yetirməlidir.

Fərəc Ağayev bu şəxslərlə məsləhətləşməyin, fikir mübadiləsi aparmağın əhəmiyyətsiz olduğunu anladığından söhbəti yekunlaşdırmağa çalışdı. Ona görə də - Mehdi müəllim, siz zəhmət olmasa Ağdamda olun, mən məsələni yoluna qoymağa çalışacağam, - deyib ayağa durdu.

Mehdi Qələndərli də söhbətin, xoş ovqatla bitməsindən deyəsən məmnun qalmışdı. Yaxınlaşıb Fərəc Ağayevə təşəkkür etdi.

- Biz sizin xəcalətinizdən çıxmağa çalışacağıq. Xidmətlərinizin rəhbərlik tərəfindən qiymətləndirilməsi məsləhəti ilə çıxış edəcəyik.

- Xəcalətli düşməniniz olsun, - deyə Fərəc Ağayev bildirdi.

Mehdi Qələndərli:

- İnşallah bu döyüşlər bir-iki həftəyə başa çatar. Bununla da sizlər rahat, sakit həyatınıza qayıdarsınız.

Fərəc Ağayevi acı gülüş bürüdü. Bunu Mehdi Qələndərlidə sezdi. Ancaq bu barədə bir söz demədi. Əksinə, əhval-ruhiyyəni artırmaq üçün gediş etdi:

- Sizə bir informasiya verim, artıq Ermənistanın 200-ə yaxın ziyalısı Azərbayacan və Ermənistan prezidentlərinə döyüşlərin dayandırılması xahişi ilə müraciət edib.

Fərəc Ağayev:

- Bu növbəti erməni hiyləsi ola bilər.

Mehdi Qələndərli verdiyi informasiyanın ciddi olduğunu nümayiş etdirmək üçün misal göstərdi:

- Dünən artıq 16 erməni ziyalısı Azərbaycanın 1-ci şəxsinin qəbulunda olub. Qarabağdakı azərbayacanlılar və ermənilər arasındakı döyüşün dayandırılması, bölgəyə sülhün gətirilməsi üçün təkliflərini, xahişlərini çatdırıblar.

Fərəc Ağayev başını bulayıb, sərt formada dedi:

- Erməni elə bir hiyləgər, yaramaz məxluqdur ki, ilan ulduz görməsə ölmədiyi kimi onlar da bizim zorumuzu, gücümüzü, zərbəmizi görmədən, duymadan, hiss etmədən dayanmayacaqlar.

Mehdi Qələndərli dostcasına əlini Fərəc Ağayevin sağ çiyninə qoyub dedi:

- Mən sizi əmin etdim. İnanın ki, bu belədir. Yaxın günlərdə bu yerlərdə sakitlik olacaq. Azərbaycan bayrağı topsuz, tüfəngsiz Xankəndində dalğalanacaq. Arxayın olun.

Fərəc Ağayev də deyəsən, artıq yumşalmışdı, rahat nəfəs aldı. İçində bir inam kökləndiyini, bir əminlik yarandığını özündən asılı olmadan duydu, hiss etdi. Bu baxımdan da kövrək tərzdə fikirlərini dilə gətirdi:

- Kaş siz deyən olaydı. İstəmərəm gözlərimizin qarşısında körpə uşaqlar həyatlarını itirsinlər. Analar övladsız, gəlinlər ərsiz qalsınlar.

Alay komandiri sözlərini deyərkən, gözləri nəmləndi. Əli ilə gözlərinin yaşını silib, Mehdi Qələndərlini yola salmaq üçün komanda mərkəzinin qapısına doğru addımladı.

Qonaqlarını yola saldıqdan sonra Fərəc Ağayev stolda oturub, dərin xəyala daldı. Fikirləşdi ki, bu çekslərin tələbi yerinə yetirilməzsə, ciddi problemlər baş verə, hətta Məmməd Cavadzadəyə xətər yetirə bilərlər. Bu baxımdan tez-tələsik - əsgər, əsgər - deyə səsləndi. Qapının önündə uzunboylu, enlikürək, cavan bir əsgər peyda oldu:

- Eşidirəm, cənab komandir.

- Oradan Xəyyam Cəlilovu yanıma çağır, - deyə göstəriş verdi.

Az sonra Xəyyam Cəlilov içəri daxil olub, hərbi görkəm aldı, - eşidirəm cənab komandir - deyə bildirdi.

Fərəc Ağayev əsgərin çıxmasını gözlədikdən sonra Xəyyam Cəlilovu yanına çağırıb əyləşməyə yer göstərdi və dedi:

- Oğlum, sənə çox mühüm bir tapşırıq vermək istəyirəm. Ümid edirəm ki, bu tapşırığı heç kimə demədən yerinə yetirəcəksən.

Xəyyam Cəlilov bu müdrik, hər kəsdən nəvaziş və mehribanlıqla seçilən komandirə təəccüb dolu nəzərlərlə baxıb dedi:

- Cənab komandir sizin əmrinizi canımın bahasına da olsa, yerinə yetirərəm.

- Bilirəm, siz belə qoçaq övladlarsınız, belə əzmkar, döyüşkən ordunun hərbçilərisiniz, - deyə Fərəc Ağayev Xəyyam Cəlilovun çiyninə əlini qoyub, bir neçə dəfə döyəclədi.

Daha sonra əlavə etdi:

- Birbaşa burdan Məmməd Cavadzadənin yanına gedirsən. Bu kağızı da ona verirsən - deyib, əlində tutduğu məktubu Xəyyama uzatdı.

Xəyyam Cəlilov ayağa durub, - oldu cənab komandir - deyə getməsi üçün izin istədi.

Fərəc Ağayev də ayağa durub, əsgərə yaxşı yol arzuladı.

Əsgər getdikdən sonra Fərəc Ağayev xəyallara daldı. Düşündü ki, Mehdi Qələndərlinin dediyi kimi, doğrudanmı bu yerlərdə iki-üç həftədən sonra sakitlik olacaq. Bu fikirlər içində, yatmaq üçün yenidən dəmir çarpayıya uzandı.

*** *** ***

Küləyin yağan qarı sovuraraq üzlərinə vurması dəstənin irəliləməsinə çətinliklər yaradırdı. Ancaq düzəngahdan keçib, Qara qayanın ətəyinə çatanda, yerimək bir qədər asanlaşdı. Çünki külək yağan qarı dağın ətəyin-dəki dərələrə sovurduğundan cığırlarda, seyrəklik yaranmışdı. Dəstənin önündə olan Talıb ayaq saxlayıb ətrafa nəzər saldı. Bir anlıq uşaqlıq xatirələrinə daldı. Bu yerlərdə qoyun-quzu otarması, turşəng yığması, cır meyvələrdən dərməsi yadına düşdü. Yazda yaşıl libasa bürünən, gül-çiçəkli olan bu yerlərdə qarın yağması ilə, boran, çovğun başlayar və gediş-gəliş tam kəsilir…

- Talıb, buradan aşağıya enib, düzəngaha çıxmaq qorxuludur.

Bunu deyən Alı Məmmədov idi.

- Niyə ki? - deyə dəstənin sonunda dayanıb, gözlərini Alı Məmmədova dikən Oruc Muradov sual etdi.

Üzünə hopan qar dənələrini yun əlcəyi ilə silən Alı Məmmədov - ola bilsin aşağılara piyada əleyhinə minalar basdırılsın, - deyə narahatlığının səbəbini izah etdi.

Oruc Muradov başını aşağı yuxarı etməklə dostunun təklifi ilə razılaşdığını göstərdi:

- Hə, düz deyirsən, ola bilər ki, ermənilər əraziyə minalar basdırsınlar. Ona görə də yaxşı olardı ki, dağlıq hissə ilə yolumuza davam edək.

Uşaqlıq xatirələrindən ayılan Talıb, geri çevrilib, təcrübəli əsgərlərin fikirləri ilə razılaşdığını göstərmək üçün başı ilə, "hə" işarəsi verdi. Sonra da Mürsələ üzünü tutub, dedi:

- Mürsəl, səncə, burdan Erkişə nə qədər məsafə qalar?

Mürsəl başındakı qulaqlı papağını əli ilə düzəldib, nəzərlərini ucqarlara dikdi. Bir xeyli fikirləşdikdən, götür-qoy etdikdən sonra dedi:

- Təqribən 5 km metr.

Talıb da belə təxmin etdiyini deyib, məsləhət verdi:

- Kəndə səhərə yaxın çata bilərik, bu isə təhlükəlidir. Ona görə də, Erkiş kəndinə az qalmış, bir yerdə daldalanıb, gözləyərik.

Oruc Muradov bu fikirlərlə razılaşdığını göstərmək üçün, dilləndi:

- Hə, daldalı bir yerdə günümüzü keçirib, gecə Erkişə girərik.

Yorulduğu açıqca hiss olunan İlkin tövşiyyə-tövşiyyə söhbətə qoşuldu:

- Olmazmı elə gecəikən, kəndə girək?

Oruc Muradov İlkinə ani nəzər yetirib, pıçıltı ilə dedi:

- Yox, ola bilər ki, biz səhərə yaxın Erkişə çataq. Dan yeri söküləndən sonra ətraf işıqlı olur. Bizi görən olar, bu isə həyatımızın bitməsi ilə

nəticələnər. Yaxşı olardı ki, Talıbın dediyi kimi, bir yerdə daldalanıb, vaxtı, məqamı gözləyək.

Bu sözlərdən sonra İlkin susdu. Öndə olan Talıb snayperin durbini ilə ətrafa nəzər saldı, - sakitlikdir - deyib, snayperini çiynindən asdı.

Mürsəlin səsi eşidildi:

- İndi, erməni dığaları xarabalarındadır. Bu qarda, çovğunda onlarda çölə, bayıra çıxmağa hal var.

Alı Məmmədov onun sözünə qüvvət verdi:

- Əslində, bu çovğunda nəinki mülki erməni, heç əsgərləri də səngərdən bayıra çıxmazlar. Yaxşı oldu elə bu havada Talıbın pla-nının həyata keçirilməsi üçün yola çıxdıq.

(Ardı var)

İlham Əliyev,

Yazıçı-publisist