Bir günün nəticələrinə əsasən mağazalarda sıxlıq müşahidə olunmayıb EKSKLÜZİV - AÇIQLAMA

11 Avqust 2020 11:44 (UTC+04:00)

“Tam səmimi şəkildə deyə bilərik ki, bir günün nəticələrinə baxılarsa mağazalarda sıxlıq müşahidə olunmayıb”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov qeyri-ərzaq mağazalarında aparılan monitorinq işlərindən danışarkən deyib.

“Artıq Nazirlər Kabinetinin bununla bağlı qərarı tətbiq edilir. Qərara əsasən, artıq dünəndən qeyri-ərzaq mağazaları öz fəaliyyətlərinə başlayıblar. Bakı Şəhər İcra Hakimiyyətinin bir qrup şəxsləri bu məsələ ilə bağlı şəhərdə artıq monitorinqə başlayıb. Hazırda vəziyyət qənaətbəxşdir. İlkin olaraq maarifləndirmə və məlumatlandırma işləri aparılır. Vətəndaşlarımız da, sahibkarlarımız da və orada fəaliyyət göstərən personal da artıq məlumatlıdır. Çalışırıq ki, pandemiyanın yayılmaması tövsiyyə olunan məsələlər müsbət mənada hərtərəfli həllini tapsın” – deyə, o bildirib.

Mağazaların sahəsi mağazaya daxil olan vətəndaşların sayına təsir edir? - sualına İntiqam Məmmədov belə cavab verib: “Bəli. Tam dəqiq deyə bilərəm ki, burada sosial məsafə nəzərə alınır. Mağazada olan vətəndaşlar arasında 2 metr məsafə saxlanılmalıdır. Məsələn, 200 kvadrat metr sahəsi olan mağazada vətəndaş sıxlığı sosial məsafə ilə ölçülür. Personal isə mağazada sıxlıq yaranmasın deyə girişdə dayanaraq sosial məsafəni nizamlayacaq şəkildə nəzarət aparır”.

Monitorinqə cəlb edilən əməkdaşların sayı haqqında məlumat verən direktor bildirib ki, əməkdaşların sayı kifayət qədər çoxdur: “Monitorinqə cəlb edilən əməkdaşların sayı deyərdim ki, kifayət qədərdir. Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyətinin Aparatı da bu prosesə qoşulub. Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə Ticarət və Xidmət Departamenti paralel olaraq qrup şəklində şəhərdə fəaliyyət göstərən bütün adı çəkilən obyektlərin hamısında monitorinqdə iştirak edəcək”.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktorunun sözlərinə görə, tam səmimi şəkildə deyə bilərik ki, bir günün nəticələrinə baxılarsa mağazalarda sıxlıq müşahidə olunmayıb.