Qida Təhlükəsizliyi Agentliyi sahibkarları əməkdaşlığa dəvət edir

10 Avqust 2020 18:08 (UTC+04:00)

Qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlara dəstək layihəsi”nin icrasına başlanılır. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, layihənin həyata keçirilməsində məqsəd qida zənciri boyu fəaliyyət göstərən subyektlərin öz müraciəti əsasında uyğunsuzluqların aradan qaldırılmasında sahibkarlıq subyektlərinə dəstək göstərməkdir. Eyni zamanda, ölkəmizdə istehsal olunan məhsulların beynəlxalq tələblərə cavab verməsi üçün müasir idarəetmə sistemlərinin tətbiqi, beynəlxalq sertifikatların alınması və ümumilikdə, qida zəncirinin bütün mərhələləri üzrə sahibkarlıq subyektlərinə dəstək göstərilməsi layihənin qarşıya qoyduğu məqsədlər sırasındadır.

Layihə çərçivəsində sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun qiymətləndirilməsi, aşkar olunan nöqsanların aradan qaldırılmasına dəstək verilməsi, infrastruktur və idarəetmə üzrə təlim və məsləhət xidmətlərinin göstərilməsi, texniki normativ hüquqi aktların tələbləri barədə təlimlərin keçirilməsi, Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən müvafiq laboratoriyalarda məhsulların laborator analizlərinin aparılması, Global G.A.P., İSO 22000 və digər beynəlxalq sertifikatların alınmasına köməklik göstərilməsi və dəyər zəncirinin bütün mərhələləri üzrə sahibkarlıq subyektlərinə dəstək göstərilməsi nəzərdə tutulub.

Layihə qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərini əhatə edir.

Layihə üzrə sahibkarlara göstəriləcək xidmətlər çərçivəsində sahibkarlıq subyektləri öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmağa, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqinə, istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin yerli, eləcə də xarici bazarlarda rəqabətqabiliyyətliliyini artırmağa, beynəlxalq sertifikatlar əldə etməyə, xarici bazarlara çıxışın asanlaşmasına nail olacaqlar. Həmçinin sonradan aparılan yoxlamalar çərçivəsində inzibati tənbehvermə və məhdudlaşdırıcı tədbirlərə dair qərarların verilməsi riski azalacaq.

Layihədə iştirak etmək üçün sahibkarlar Qida Təhlükəsizliyi İnstitutuna (Əlaqələndirici şəxs: Emin Bəylərov, tel.: 5651272, daxili: 980, mob.: 0556709492, e-poçt: emin.beylerov@afsa.gov.az; Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 185b, AZ1029) müraciət etmək olar.