"Biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq" İlham Əliyev

10 Avqust 2020 18:04 (UTC+04:00)

Bu gün koronavirus infeksiyası (COVID-19) bütün dünyada yaşayan insanları narahat edir. Təəssüflər olsun ki, dünyada genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, vəziyyəti sabitləşdirmək hələ ki, mümkün olmayıb. Yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası Yer kürəsini, eləcə də ölkəmizin vətəndaşlarının sağlamlığını təhlükə altına aldığı bir zamanda Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı.

Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı xalqımızı pandemiyaya qarşı mübarizədə həmrəyliyə səslədi. Dünyanın ən güclü ölkələri belə koronavirus pandemiyasının qarşısında çarəsiz qaldığı halda, dövlət başçısının tapşırığı və sərəncamları ilə təxirəsalınmaz tədbirlər həyata keçirildi və bu davamlıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən həyata keçirilir. Bu gün 46 xəstəxanada koronavirus xəstələri mülicə alır. Bu xəstəxanalar Bakıda və regionlarda fəaliyyət göstərir, onlar ən müasir avadanıqlarla təmin ediliblər. Dövlətimiz həkim çatışmazlığı ilə bağlı problemləri vaxtında həll edərək Türkiyə, Rusiya, İtaliya və Çindən həkim briqadalarının Azərbaycana gətirilməsini təmin etdi.

Dövlət başçısı tərəfindən pandemiya ilə mübarizədə sistemli tədbirlərin həyata keçirilməsi öz bəhrəsin verir və müsbət dinamika müşahidə olunur. Son günlər yoluxma sayının aşağı düşməsi bunu deməyə əsas verir. Belə ki. son həftələr koronavirus infeksiyasından sağalanların sayında müsbət dinamika müşahidə olundu. Sağalan xəstələrin sayı gündəlik yoluxma hallarını üstələdi. Prezident İlham Əliyev avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə qeyd etdiyi kimi, iyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir: "Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq".

Əlbəttə ki, vaxtında koronavirus xəstələrin müalicəsi üçün daha çox xəstəxanaların ayrılması, modul tipli xəstəxanaların istifadəyə verilməsi, həkimlərin fədakarlığı bu müsbət dinamikaya səbəb olmuşdu.

Bu gün ölkəmizdə mərhələli şəkildə təsirli tədbirlər həyata keçirilir və vəziyyət nəzarət altındadır. Epidemioloji vəziyyət dəyərləndirilir, vəziyyətə uyğun olaraq da addımlar atılır və ölkəmizdə yumşaldılma tədbirləri həyata keçirilir. Belə ki, bir sıra sahələrdə yumşalmanın tətbiqi ilə bağlı tövsiyyələr Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il avqustun 10-dan qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla), müxtəlif istehsal sahələrinin fəaliyyətinə icazə verilir.

Bu gün isə hər bir vətəndaş bu müsbət dinamikanı qoruyub saxlamaqda məsuliyyətlidir. Bütün qurumlar, müəssisələr, obyektlər hazırlanmış təlimatlara riayət etməlidirlər. Kiminsə məsuliyətsizliyi, biganəliyi, sanitar qaydalara əməl etməməsi yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalı, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl edilməlidir. Dövlət tərəfindən həyata keçirilən tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb.

Vətəndaşlar mövcud qaydalara əməl etməli, mütləq şəkildə tibbi maskalardan istifadə etməli, sosial məsafəni gözləməli və dezinfeksiyaedici vasitələrdən mütəmadi istifadəni unutmamalıdırlar.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verir və yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr əldə olunacaq.

Nəzakət ƏLƏDDİNQIZI