Dövlət başçısının Sərəncamı ilə respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə dövlət büdcəsindən 7,0 (yeddi) milyon manat Təhsil Nazirliyinə ayrılıb
Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrlə paralel olaraq təhsil sahəsində köklü islahatlar aparılır, təhsilin məzmunu, keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Azərbaycan Prezidenti İlham Əliyev son illərdə bu sahədə çox böyük işlərin görülməsini və təhsil sahəsinin daim diqqət mərkəzində olmasını təbii hal olduğunu bildirib: "Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər".
Bildiyimiz kimi, ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Son illərdə çoxlu sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Şəhərimizin hər bir yerində məktəblər tikilir, əsaslı təmir olunur, bu proqram uğurla icra edilir. Bu məktəbin yenidən tikilməsi bizim siyasətimizi əks etdirir. Təhsil sahəsinə göstərilən diqqət, eyni zamanda, infrastrukturun yaranmasında da özünü əks etdirir".
"Deyə bilərəm ki, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub" – deyən Cənab Prezident bildirib ki, ölkəmizdə 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib: "Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır".
Əlbəttə ki. bu gün yeni tikilən və təmir etdirilən məktəblərlə yanaşı ölkəmizdə modul tipli məktəblərin də quraşdırılması davam etdirilir. Ölkə Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək. Dövlət başçısının 8 avqust 2020-ci il tarixli "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb.
Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq.
Nəzakət ƏLƏDDİNQIZI