"Əsas məsələ isə vətəndaşların məsuliyyətidir" - MÖVQE ÖZƏL

10 Avqust 2020 15:45 (UTC+04:00)

"Koronavirusa yoluxma, xəstəlikdən sağalma və virus səbəbindən ölüm halları ilə əlaqədar hər gün statistik məlumatları alırıq. Məlumatlara əsasən görürük ki, virusa yoluxma tempi getdikcə azalır. Artıq yoluxma sayı 100-dən aşağı enib, həmçinin virus səbəbindən vəfat edənlərin sayında da azalma tempi müşahidə edilir. Xəstəlikdən sağalanların sayı isə əks nisbətdə günü-gündən çoxalır. Sözsüz ki, bu çox sevindirici haldır və bütün bunlarla əlaqədar olaraq sərt karantin rejiminin qaydalarında da yumşalmalar tətbiq edilir. Lakin virusla əlaqədar olaraq əldə edilən müsbət dinamikaya baxmayaraq, biz bu virusla mübarizəni öz həyat tərzimizə çevirməliyik. Çünki koronavirusa qarşı hər hansı bir vaksin hazırda yoxdur. Ona görə də, bir bu həyat tərzi ilə barışmalıyıq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, həyat davam edir, insanlar daimi şəkildə sərtləşdirilmiş karantin rejimində də yaşaya bilməzlər: "Bütün bunların tənzimlənməsi və vəziyyətə uyğun qərar verilməsi üçün Operativ Qərargah fəaliyyət göstərir ki, orada mütəxəssislər oturur. Vəziyyəti götür-qoy edir və lazımı qərarları verirlər. Bildiyiniz kimi bir neçə gündür artıq sərt karantin rejimində qaydaların yumşaldılması sisteminə keçilib. Bununla əlaqədar çimərliklərin açılmasına icazə verilib. Çimərliklərdə sosial məsafənin qorunması, dezinfeksiyaedici məhlullardan istifadə kimi qaylara riayət olunmasına da təbii ki, nəzarət edilir. Geriyə qalan əsas məsələ isə vətəndaşların məsuliyyətidir. Pandemiyanın ilk günlərindən dövlət siyasətinin əsas prioritet istiqaməti vətəndaş sağlamlığı oldu. Yəni, vətəndaşın sağlamlığının qorunması, vətəndaşın sosial vəziyyətinin pisləşməsinin qarşısının alınması, virusa yoluxan xəstələrin yaxşı şəraitdə müalicə alması üçün yeni klinikaların istifadəyə verilməsi kimi bir çox addımlar atılıb".

K.Əliyeva vurğulayıb ki, hazırki, müsbət dinamikanı saxlamaq bizim öz əlimizdədir: "ÜST 7-14 avqust tarixlərini maska taxmaq həftəsi elan etdi. Bu isə hər birimizə sağlamlığımızın qorunması üçün bir mesajdır. Bəli, maska taxmaq bizim həyat tərzimizə çevrilməlidir. Sosial məsafəni gözləmək, maska taxmaq, gigiyena qaydalarına əməl etmək bizlərin virusa qarşı qalxanıdır. Bu 3 əsas şərtə əməl etmək bizim normal yaşam tərzimizə qayıtmağımızın zəmanətidir. Xəstəliklə mübarizədə müsbət tempin görülməsindən sonra sərt karantin rejiminin yumşaldılması bunun əyani sübutudur. May ayında karantin rejiminin yumşaldılmasından sonra bəzi insanların məsuliyyətsizliyi nəticəsində yoluxma sayının artmasını müşahidə etdik. Biz bir də bu səhvə yol verməmək, özümüzü və yaxınlarımızı virusdan qorunmaq üçün qoyulan tələblərə əməl etməliyik. Əgər hamılıqla mübarizəmizi sağlam şəkildə davam etdirsək, normal yaşam tərzimizə qayıtmağımız daha qısa zamanda olacaq".