Əli Kərimlinin sirki və Fuad Qəhrəmanlı polyaçisi MÜXALİFƏT

10 Avqust 2020 14:07 (UTC+04:00)

Donosçuların qrantalma ssenarisi pozuldu

AXCP sədri Əli Kərimlinin zaman-zaman öz ətrafı vasitəsi ilə siyasi simulyasiyalara əl atması, məhz həbsə atdırdığı insanların adları altında özünə siyasi xal toplamaq cəhdləri onun üçün bir ənənəyə çevrilib. Özü də elə bir ənənəyə ki, vaxtilə onun yanında olub, sonradan gecə də olsa istefa verənlər də bu gerçəklikləri öz açıqlama və rəylərində təkrar edirlər. Ancaq AXCP sədrinin daha bir siyasi xal toplama əməliyyatı bilavasitə onun müavinləri ilə bağlı olub. Belə ki, Gözəl Bayramlının Gürcüstan sərgüzəştlərini xatırlayaraq, bu gün də eyni maraqların mövcudluğunu deyə bilərik. Məhz G.Bayramlının həbsi ərəfələrində də AXCP sədri var-gəllər edərək, xaltoplama əməliyyatı ilə məşğul idi.

Əli Kərimli özünün sirk tamaşasında nəyə görə digər cəbhəçiləri deyil, ancaq Fuad Qəhrəmanlını baş polyaçilik roluna cəlb edib?

İndi də bənzər vəziyyətdir və onun sabiq müavini (Fuad Qəhrəmanlının ailəsinə qarşı törətdiyi şiddətindən sonra o məcbur olub müavinlikdən istefa vermişdi) təxribatçılıq əməllərinə görə saxlanıldığı zaman Ə.Kərimli onun və s. pozucu cəbhəçilərin adları altında necə deyərlər, boğazını yırtır, donoslar yazır, həmin fürsəti əldən verməməyə çalışır. Misal üçün, AXCP sədri saxlanılan cəbhəçilərə guya “işgəncə verilir” görüntüsü yarada bilmək üçün hətta ağılasığmaz sərsəm ittihamlarla çıxışlar edir. Söz yox ki, bu sirk tamaşasının baş polyaçisi də, məhz F.Qəhrəmanlıdır. Az qala onun “vəhşicəsinə döyüldüyünü” belə, həyasızcasına iddia edən Ə.Kərimli hələ də anlamır ki, bu yaxınlarda həbs olunmuş cəbhəçilərin görüntüləri televiziyalarda yayımlandı və onların üz-gözlərində bir dənə də olsa, döyülmək izi-tozu görünməyib. Fəqət, daha bir sual yaranır ki, Ə.Kərimli özünün sirk tamaşasında nəyə görə digər cəbhəçiləri deyil, ancaq F.Qəhrəmanlını baş polyaçilik roluna cəlb edib?

Cəbhəçi polyaçiyə həqiqətən də işgəncə verilsəydi, o, vəkilini bir addım da özündən kənara buraxmazdı

Əslində, bu sualın da cavabı bəsitdir. Çünki F.Qəhrəmanlı zamanında Ə.Kərimlinin müavini olmaqla yanaşı, həm də erməni lobbisinin də tərəfindən onlara işləyən adam kimi daha çox tanınır. Daha bir məsələ isə, F.Qəhrəmanlı əgər qrant əldə edilərsə, Ə.Kərimlinin onun qarşısına atdığı sümük payından belə razı qalan biri kimi tanınır. Təbii ki, AXCP sədri əldə edəcəyi gəlirin çox cüzi hissəsini digər həbs olunmuş təxribatçı cəbhəçilərə - Qorxmaz Əliyevə, Şəmsi Kəsəmənliyə təklif edərsə, ikincilər onun həmin təklifini qaytarıb üzünə vurarlar. Yəni bu da reallıqdır.

Sirk tamaşasının digər pərdəsi isə, F.Qəhrəmanlının öz şəxsi vəkilindən səsli-küylü şəkildə imtina etməsidir. Burada da təbii ki, bir biclik amili dayanmaqdadır. Məsələn, əgər F.Qəhrəmanlı şəxsi vəkildən imtina edilməsəydi, onun və sədri Ə.Kərimlinin qrantalma məqsədi daşıyan sirk tamaşaları yarı yolda pozulacaqdı. Lakin F.Qəhrəmanlının şəxsi vəkilindən imtina etməsi dolayı yolla AXCP sədri Ə.Kərimlinin “cəbhəçilərə işgəncə verilir” adlı sirk tamaşasının ssenarisini kökündən dağıdır. Daha dəqiq desək, cəbhəçi polyaçiyə həqiqətən də işgəncə verilsəydi, o, vəkilini bir addım da özündən kənara buraxmazdı. Bu faktın özü də hər şeyi gün kimi ortalığa çıxarır.

Rövşən RƏSULOV