Qubada evi tərk edən koronavirus xəstəsi aşkarlanıb FOTO

10 Avqust 2020 13:40 (UTC+04:00)

Quba rayon sakini Elnur Bayramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib. Lakin həmin şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan E.Bayramovun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Həmçinin, Quba RPŞ-nin əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Bu zaman mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib.

Reydlər zamanı qaydaları pozan şəxslər barəsində İXM-nin 211.2- maddəsi ilə protokollar tərtib olunaraq həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.