Vətəndaşların çimərlik həsrəti…

10 Avqust 2020 13:40 (UTC+04:00)

Məlum olduğu kimi, 19 martdan etibarən ölkəmizdə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar bu il vətəndaşlar çimərlik arzularının üzərindən xətt çəkməyə hazırlaşırdılar. Lakin çoxsaylı istək və ekspertlərin apardığı təhlillərdən sonra Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 5-dən çimərliklərin açılması barədə qərar qəbul etdi. Avqustun 5-dən əksər çimərliklər vətəndaşların ixtiyarındadır. Uzun müddətdir dəniz arzusunda olanlar elə ilk gündən dəniz kənarına üz tutublar. Dəniz, qum, Günəş - bütün bunlar vücud və səhhət üçün qayət xeyirli nəsnələrdir. Amma və lakin, həmişə olduğu kimi, sosial şəbəkələrdəki narıncı güruh, marjinallaşmış köçəri qruplar bu qərara da özlərindən gün altında iki, kölgədə isə beş dəfə böyük "mız" qoydular. Dünəndən bəri sosial şəbəkələrdə hay-külərini bildirməkdədirlər. Bəs …

Eldar Əzizov: “Çimərliklər açılacaq, amma yeni qaydalarla işləyəcək”

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov koronavirusun yayılmasına baxmayaraq çimərliklərin açıldığını deyərək bildirib ki, çimərliklərdə sıxlıq yaşanmaması üçün elektron olaraq öncədən növbə götürmək kimi təcrübədən istifadə edilə biləcəyini də açıqlayıb. Bəli, bildirilir ki, simərlikdə insanlar məsafəni saxlamalıdırö Necə saxlayacaq? Kim qoyulmuş qaydalara düzgün riayət edəcək? Buna kim nəzarət edəcək?

Sözügedən məsələ ilə bağlı hüquqşünas Tağı Hüseynovun sözlərinə görə, çimərliklərin açılması bu günləri gündəmdə olmayan bir mövzu idi: “Bu mənim həm subyektiv, həm də obyektiv fikrimdir. Bu lazımsız bir qərar idi, çünki havalar bir qədər soyuyub. Deyərdim ki, heç kimdə çimərlik abu-havası yoxdur. Dövlətimiz tərəfindən aylardır ciddi tədbirlər görülürdü və müsbət dinamikada əldə olunmuşdu. Amma birdən-birə verilmiş bu qərar həqiqətən də düzgün olmayan qərar idi. Gəlin bir anlıq düşünək. Çimərliklər açıldı. Sabahları hardasa 2-3 adamın etdiyi səhv ucbatından xəstəlik sayı kəskin artacaq. Hamımız çox yaxşı bilirik ki, çimərlik elə bir yerdir ki, hər kəs bir-birinə rahat toxuna bilir. Aydındır ki, maska ilə çimmək, dənizdə gəzmək mümkün deyil. Hamı günün altında istirahət etmək istəyəcək. Aylardı psixoloji vəziyyət keçirən insanların az da olsa oynamağa, əylənməyə haqqı var. Bu zaman sual yaranır insanlar məsafəni necə saxlayacaq? Kim qoyulmuş qaydalara düzgün riayət edəcək? Buna kim nəzarət edəcək? Nəzarət sahildə yoxsa dənizin içində olacaq? İkimetrlik məsafələr açıq-aşkar aydındır ki, gözlənilməyəcək. Bunu heç bir formada nəzarətdə saxlamaq da mümkün olmayacaq. Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin üzərinə həqiqətən də böyük öhdəliklər düşür. Amma düşünmürəm ki, bu vəzifələrinin öhdəsindən onlar layiqincə gələ bilsinlər”.

Ancaq hər bir mənfi bir məqamın yaranması tələb olunan qaydalara əməl etməməkdən irəli gəlir. İndi insanlardan tələb olunan əsas vacib faktor gigiyena qaydalarına ciddi şəkildə əməl etmək və sosial məsafəni qəti şəkildə qorumaqdır. Çünki bu cür vacib faktorlara qətiyyətlə əməl edilməsə, dövlət tərəfindən indiyədək görülmüş bütün işlərin ciddiliyinə xələl gətirəcək. Vəziyyət dəyişərək yenidən pisləşəcək, yoluxma və ölüm sayları kəskin şəkildə artacaq. Bu qədər əzab və əziyyət hesabına yenidən müsbət dinamika əldə etdiyimiz halda, nəyə görə nailiyyətlərimizi heçə endirək?!” Deməli, hər bir vətəndaş kimi hər kəs dövlətin bütün səylərini nəzərə almalı, bunu başa düşməli və düzgün qiymətləndirməlidir. Bu gün bizdən tələb olunan əsas məsələlərdən biri də çimərliklərdə səliqə-sahmanın qalmasına riayət etməkdir. Bunun da məsuliyyəti çimərliyə gedən insanların üzərinə düşür. Onlar buna ciddi şəkildə riayət etməlidir. Çalışmalıyıq ki, hər birimiz dövlətin indiyədək gördüyü bütün işləri qaralamayaq. Nəyisə qaralamaq heç kimə başucalığı gətirməyəcək. Dövlətimizin koronavirusla apardığı bu çətin dönəmində səfərbər olaq. Qoy ölkəmiz bu mübarizədən üzüağ çıxsın. Bir də hər bir işdə mədəni hal olmalıdır.

Eyyub Hüseynov: “Çimərliklərin açılması çimərlik mədəniyyətinin formalaşması üçün fürsətdir”

"Pandemiya başladığından bu yana çimərliklərin açılması ilə əlaqədar Azad İstehlakçılar Birliyinə xeyli sayda zənglər gəlirdi. Əhali bununla bağlı narazılığını bildirirdi. Hətta insanlar var ki, onlar qış aylarında belə dənizə gedirlər. Düşünürəm ki, Operativ Qərargah Çimərliklərin açılması ilə əlaqədar vaxtında qərar verib. Öncədən açılması yolverilməz idi. Çünki əhaliyinin çimərlik mədəniyyəti ümumiyyətlə çox aşağı səviyyədədir. Bunu biz çimərliklərin çirkləndirilməsində görə bilərik". Bunu SİA-ya açıqlamasında "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, dünyanın çoxsaylı çimərliklərində, o cümlədən bütün okean sahillərindəki çimərliklərdə olmuşam: "Hətta Cənubi Afrika, Portuqaliya, İtaliya çimərliklərində təmizlik məsələlərinə diqqət yetirmişəm. İnsanlar çimərliklərdə bizdəki qədər anti-sanitariya vəziyyəti yaratmırlar. Hətta küçədə yatan insan belə, çimərlikdə öz tullantılarını yığdıqlanı görmüşəm. Belə bir vaxtda Azərbaycan əhalisinin çimərlik mədəniyyətinin aşağı olması şəraitində Operativ Qərargahın çimərliklərin açılması ilə əlaqədar qərarı heç də gec deyil və üstəlik burada ASAN könüllülərin iştirakı çox mükəmməl düşünülmüş qərardır. Fikrimcə bundan sonra açılan çimərlik sezonu ilə Azərbaycan vətəndaşlarının çimərlik mədəniyyətləri də formalaşacaq. Ona görə də, üzümü könüllülərə tutub deyirəm ki, mütləq insanlara irad bildirin".

Cəlal İsayev: “Ən əsası isə, qaydalara əməl etməklə, onunla mübarizə aparmaqla virusun var olduğunu unutmayıb, gigiyena qaydalarına riayət etməklə yaşamağı öyrənməliyik”

Elə çimərliklərin açılmasından söz düşmüşkən, Respublikanın baş infeksionisti Cəlal İsayev çimərliklərin də fəaliyyətinin bir qədər təhlükəli olduğunu söyləyir. Onun sözlərinə görə, hansı məkanlarda ki, kütləvi axın olur, sosial məsafənin qorunması çətindir, belə yerlərin fəaliyyətinə icazədən əvvəl mexanizm işlənib hazırlanmalıdır. Elə Bununla bağlı aidiyyatı qurumlar tərəfindən müəyyən tədbirlər planı hazırlanıb: “Bakı şəhər icra hakimiyyəti və FHN çimərliklərin açılması barədə tədbirlər planı hazırlayıblar, hətta Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 6 ya 7 çimərliyin istifadəyə verilməsi nəzərdə tutulub. Ən əsası isə, qaydalara əməl etməklə, onunla mübarizə aparmaqla virusun var olduğunu unutmayıb, gigiyena qaydalarına riayət etməklə yaşamağı öyrənməliyik. Ta ki bu bəla tam məhv olana qədər...”.

Onu da qeyd edək ki, Asan könüllüləri həm də fəaliyyətinə icazə verilən bütün çimərliklərin giriş-çıxışına nəzarət edirlər. İstirahətə gələn vətəndaşların öncə temperaturu yoxlanılır, daha sonra əllər spirt tərkibli məhlul ilə dezinfeksiya edilir. Bu məhlullar soyunub-geyinmə otaqlarının, o cümlədən sanitar qovşaqların qarşısına da yerləşdirilib. Çimərlik boyu ərazilərə qoruyucu maskaların atılması üçün xüsusi zibil qabları qoyulub.

Lakin vətəndaşlar diqqətli olmalı, çimərliklərin açılmasından arxayınlaşmamalıdır. Epidemiya bitmədiyindən risk və təhlükə hələ də qalmaqdadır. Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov vətəndaşları riskli ərazilərdən çəkinməyə, yalnız çimərlik.az saytında adı qeyd olunan çimərliklərə getməyə səsləyib.

Elmin İmanov bildirib ki, çimərliklərə adi vaxtlar ilə müqayisədə 50% az insan qəbul olunacaq. Yay mövsümü başa çatana kimi Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəlaqə Hallar Nazirliyi tərəfindən bütün çimərliklərə ciddi nəzarət olunacaq.

Bəli, hər şey özümüzdən aslıdır: nə qədər ki, qaydalara səlis və şərtsiz riayət etsək, gigiyena və sosial məsafə anlamlarını unutmasaq, koronavirusa yoluxma statistikası bir o qədər azalacaq, qadağalarla yasaqlar aradan qalxacaq. Kimin nə deməsindən asılı olmayaraq.

R.HÜSEYNOVA