GECƏNİN RƏNGİ - ROMAN

10 Avqust 2020 12:54 (UTC+04:00)

(Əvvəli bu linkdə: https://sia.az/az/news/literature/819566.html)

İndi bir dost döyüşən orduda xidmət edən əsgər dostuna baş çəkməyə gəlmişdi. Gələrkən hər zaman olduğu kimi özü ilə evdə hazırlatdığı biş-düşü, dükandan aldığı azuqəni də gətirmişdi.

Keçmiş əsgər dostları ötən günləri xatırlayıb zarafatlaşırdılar.

Hərdən Qismət dəfələrlə dediyi sözləri yenidən təkrarlayırdı:

- Nahaq mənsiz Qarabağa gəldin. Gərək mənə də xəbər edəydin.

Muradov isə - ailəlisən, sən uşaqların təlim-tərbiyəsi ilə məşğul ol, onları vətənə sevgi, məhəbbət ruhunda tərbiyə et, bu elə birgə səngərdə olmağımız deməkdir, - deyə dostuna təskinlik verirdi.

Bu arada hərbi hissənin əsgərlərindən biri Alı Məmmədova yaxınlaşıb - ailən gəlib, səni məntəqənin yanında gözləyir, - deyə bildirdi. Eşitdiyi xəbərdən sevincək olan Alı dostlarından ayrılıb, əsgərin ardınca məntəqəyə doğru addımladı, yaxınlaşanda gözlərinə inanmadı. Atası, anası, qardaşı ilə bərabər sevdiyi, bütün varlığı ilə bağlandığı, ilk məhəbbəti Aysun da orda idi. Qızardı, nə qədər olmasa valideynlərinin yanında Aysunla göz-gözə gəlmək ona çox çətin görünürdü. Valideynlərinə yaxınlaşsa da gözlərini Aysundan çəkə bilmədi. İlk olaraq anası ilə görüşüb, öpüşdü. Atasına əl verib, onunla da qucaqlaşdı. Kiçik qardaşı Fəxrəddinlə görüşub, onun başını sığalladı - böyümüsən ha maşallah! - deyməyidə unutmadı.

Daha sonra Aysunla salamlaşdı. Aysun salamı alıb, oğrun-oğrun onun üzünə, vücuduna tamaşa etdi. Anası Almaz xala oğlunun qolundan tutub, özünə tərəf çəkdi. Sankı, geciksə, Aysun onu əlindən alıb apara bilərdi.

- Harda oturaq, - deyə Almaz xala hələ də oğlu ilə Aysunun ürəklərində, beyinlərində bir - biri ilə danışmalarına önəm vermədən söz atdı. Anasının atmacasından sonra Alı hələ də Aysunun sehrinin əsiri olduğunu dərk etdi. Tez özünü ələ alıb - hə, düz deyirsən gəlin o ağacın yanındakı masada əyləşək, - deyə əli ilə bir neçə addım irəlidəki masanı göstərdi.

Atası Alxas müəllim zənbili və sallofan kloku götürüb, oğlu Fəxrəddinə - sən də çantanı götür, - deyə göstəriş verdi. Yaxınlaşıb, ağacın altındakı masada əyləşdilər. Almaz xala çantadakı stəkanları çıxarınca, Aysun tez-tələsik zənbildən ağ süfrəni götürüb masanın üstünə sərdi. Sonrada yarpaq dolmasını və balondakı dovğanı çıxarıb, masanın üstünə düzdü.

Alı üzünü anasına tutub, nəvazişlə dedi:

- Ana bəlkə, lazım deyil, bayaq qələbə münasibəti ilə hərbi hissənin yeməkxanasında ziyafət təşkil olunmuşdu, bir qədər əvvəl Orucun dostu Qismət də bizə biş-düşlə qonaq gəlmişdi, o ki var yeyib-içmişəm...

- Nuş olsun, bala, bizimlə də yeyəndə, nə olar ki - deyincə Alı anasını qırmamaq üçün - yaxşı ana, sənin bişirdiyin bu yeməklərdən dadmaq mənə xoş olar, - deyə çörək dilimlərindən birini götürdü.

- Hə, bala, bu yarpaq dolmasını, aşı Aysun bişirib. Axşam gəldi qazan asdı, bu yeməkləri bişirdi. Mənə də imkan vermədi, dedi özüm bişirəcəm.

Alı gülümsəsə də utandığından anasına söz deyə bilmədi. Sadəcə, - sağ olsun - deməklə kifayətləndi.

Atası oğlunun alnına tökülmüş şabalıdı saçlarını sağ əli ilə yuxarı istiqamətə sığallayıb dedi:

- Bala, necədir vəziyyətin, öyrəşə bilirsənmi?

Alı atasının narahat üzünə baxıb dedi:

- Ata, Allah-təala insanı ən mükəmməl varlıq olaraq yaradıb. Bu varlıq istənilən mühitə öyrəşə bilir. Mən də Allahın köməyi ilə öyrəşmişəm. Əsgər dostlarımla isinişmişəm. Hətta onlardan ayrıla da bilmirəm.

Anası dilləndi:

- O, əsgər dostlarını da, səni də Allah saxlasın, bala.

Atası isə sözünə qarğışla başladı:

- Allah bu ermənilərə lənət eləsin. Allah onların cəzasını, bəlasını versin. İnşallah da verər.

- Verir ata, verir. Az keçməz, Xankəndindən sizə salamlar göndərərəm. Siz deyin görüm qohum-əqraba necədir, təzə xəbər-ətər varmı? -deyə Alı müharibə mövzusunu dəyişməyə çalışdı.

Anası dillənmək istəyərkən, atası stəkandakı çaydan bir qurtum içib, dedi:

- Hər şey yaxşıdır, Firuzə xalanın qızı Aynura tələbə yoldaşı elçi gəlib. Başqa yenilik, xəbər yoxdur. Amma...

Alxas müəllimin fikrini tamamlamadan susması, Alıda təəccüb yaratdı:

- Hə, ata nə amma?

Alxas müəllim oğlunu intizarda saxlamq istəmədi.

- A bala, şəhərdə vəziyyət rusun istədiyi kimi elə uruscadır.

Maraq dolu nəzərlərlə atasına baxan Alı sual etdi:

- Nə olub ki?

- Deyəsən, bəzi qüvvələr indikiləri devirib, hakimiyyətə gəlməyə çalışırlar. Açıq şəkildə stol davası gedir. Allah özü bu xalqa, dövlətə rəhm etsin.

Alxas müəllim sözünü bitirib, oğlunu şübhəli nəzərlə süzdü. Alı bu baxışlardan tutuldu - nəsə olub, - deyə Alı atasına sual etdi

- A bala, bilmək istəyirəm şəhərdəki qaçdı- qovdu buralara gəlib, çıxıbmı?

Alı atasına təskinlik verdi:

- Yox ata, hərbiçiləri arxada hansı qovğanın, davanın getdiyi maraqlandırmır. Biz yalnız qabağı düşünür, düşmənlə haqq-hesab haqqında fikirləşirik.

- Elə olsun bala, elə olsun. Allah eləməsin ki, siyasi hakimiyyət uğrunda mübarizə aparanlar hərbiçiləri də öz təsiri altına alsınlar. Vay onda bu xalqın, bu dövlətin halına.

- Narahat olma, ata. Korpus komandirimiz Məmməd Cavadzadə və digər hərbi komandirlər heç zaman siyasi tora düşməzlər və buna da imkan verməzlər.

Anası boşqaba çəkdiyi yarpaq dolmasını və isti təndir çörəyini oğluna uzadıb dedi:

- Ye bala, gör neçə vaxtdır ki, evdə bişirilən yeməklərdən dadmırsan.

Aysun da stəkana süzdüyü dovğanı Alının qarşısına qoydu. Gözlərini isə ondan çəkmirdi. Elə bil, ətrafda heç kim yox idi. Bir o, bir də Alı idi. Əlləri ilə çay süzüb, yemək çəksədə beynində Alı ilə söhbət edirdi, danışırdı. Alı da çaşqın idi. Bu onun əllərinin və səsinin titrəməsindən də hiss olunurdu. Sanki iti gözlərin nəzarət etdiyi bu dar məkanda ürəklərin və qəlblərin qızğın söhbəti, deyişməsi, gedirdi.

- Vəziyyətə nəzarət etməsə, valideynlərimin qarşısında biabır olacağıq, - deyə Alı düşündü. Başını qaldırıb anasının üzünə baxmadan – ana, hamı üçün çəkin ki, bir yerdə, evimizdə olduğu kimi yeyək, - deyə xahiş etdi. Aysunda işarəni başa düşdüyündən özünü yığışdırıb əl-ayaq etdi. Boşqablara yarpaq dolmasından, dovğadan çəkib, masa arxasında əyləşənlərin qarşısına qoydu. Özü də kasaya tökdüyü yeməkdən ağzına qoyub, çeynəyə-çeynəyə yenə də diqqətlə Alıya baxmağa başladı. Ürəyindən keçirtdi ki, kaş elə bir imkan, elə bir məqam yarana biləydi ki, Alı ilə ikilikdə qala, onunla söhbət edə, darıxdığını, onu çox sevdiyini dilə gətirə biləydi. Amma düşündü ki, hərbi hissədə qələbəlikdir. Çoxlu insanlar var, bir də valideynlərinin qabağında söhbət etmək, ayıb olar.

Fəxrəddin çörəyini yeyib, salfetlə əlini sildikdən sonra üzünü atasına tutub, hərbi hissənin həyəti ilə tanış olması üçün ondan izin istədi.

Atası ona etiraz etdi:

- Bala, otur, inşallah sən də hərbi xidmətdə olarsan, o zaman əyani şəkildə hər şeyi gözünlə görərsən.

Alı qardaşının hərbi hissə ilə tanış olmaq marağının onun uşaqlıq şıltaqlığı ilə əlaqləndirsə də, ona kömək etmək üçün atasından icazə istədi:

- Ata izn ver, getsin, görsün ki, formalaşan Azərbaycan ordusunun necə hərbi hissəsi, necə güclü əsgərləri var.

Alının Fəxrəddinə arxa durmasından sonra atası bir söz demədi, susdu. Bunu razılıq əlaməti kimi başa düşən Fəxrəddin ayağa durub hərbi hissənin sağ tərəfinə getdi.

Artıq nahar bitmək üzrə idi. Kasalar və boşqablar yığışdırıldıqdan sonra anası termosu götürüb, stəkanlara çay süzdü. Çay süfrəsi arxasında bir xeyli söhbət etdilər. Bu məqamda Aysun bulaşıq yemək qablarını yumaq üçün Alıya dedi:

- Burada su varmı?

Alı:

- Hə var, amma sən o yeri tapa bilməzsən. Fəxrəddindəki getdi, yoxsa ona deyərdim birlikdə gedib qabları yuyardınız.

Anası oğlunun ürəyindən keçənləri başa düşdüyündən, - bəlkə özün Aysuna yol göstərəsən, - deyə məsləhət verdi.

Bu təklif anasından gəldiyindən, Alı sevincək oldu.

- Yaxşı ana, mən gedərəm. Siz çayınızı için, biz qabları yuyub gətirək.

Aysun gözlənilməz fürsətdən sevincək olduğundan tez-tələsik qab-qacağı bir sallofona yığıb, Alının ardınca addımladı. Yaşıl çəmənliyi keçib, daşdan düzəldilmiş bulağa çatanda Alı geri çevrildi, Aysunun ağ, gözəl simasına baxıb dedi:

- Aysun, nə yaxşı gəldin, gəlişin qələbə sevincimin üstünə sevinc əlavə etdi, xoşbəxtlik bəxş etdi.

Aysun alındı:

- Necə gəlməyə bilərəm ki, axı biz bir-birimizə könül vermişik. Gör neçə vaxtdır ki, mən səni görmürəm. Dəli-divanə olmuşam. Gecələr yuxum ərşə çəkilir, gündüzlər işə necə gedib-gəldiyimi, necə işlədiyimi belə unutmuşam.

Alı ətrafda ora-bura gedən əsgərlərə, baş-başa verib söhbət edən valideyn-əsgərlərə fikir vermədən Aysunun əlindən tutub, bulağın sol tərəfində qoyulmuş, stola tərəf çəkdi, əyləşincə dedi:

- Bəlkə danışasan, işləriniz, dolanışığıniz, ailənizdəki vəziyyət necədir?

- Necə qoyub gəlmisən, indi də elədir. Bir dənə nigarançılıq və narahatçılıq səsninlə bağlıdır. Alı xahiş edirəm, özündən muğayat ol.

Alı Aysunun yanaqlarına süzülən göz yaşlarını görüncə, təlaşla - nigaran qalma Aysun, hərbi xidməti başa vurub, qayıdacam, - deyə bildirdi. Sonra cibindən çıxardığı dəsmalla onun qonur gözlərindən axan yaşı silib dedi:

- Doğrudan da gözlər nə rəngdə olursa, olsun axan yaş hər kəsdə eyni olur. Sənin gözlərin qonur, anamın gözləri isə qaradır. Ancaq hər ikinizin gözlərinizdən süzülən yaş eynidir.

Aysun dərsini bilmədiyi üçün başını aşağa əyib, dırnaqlarını didişdirən uşaq kimi dodağının altında mızıldandı. Bu Alının nəzərindən qaçmadı, söz atdı:

- Ay qız, dərsdə deyilsən ey, qarğa dili ilə danışmaqla Arif müəllimi yola verəsən. Bir açıq danış görüm nə deyirsən.

Alının sözləri Aysunun üzünə təbəssüm gətirsə də, həminki gərgin durumda Alının əlindən tutub, dedi:

- Alı Ulu Tanrıya nəzir demişəm, sağ-salamat gəl, aparıb Mir Mövsüm Ağada qoç-qurban kəsərik.

- Allah qurbanını qəbul eləsin, əzizim.

- Sağ ol, - deyə Aysun pıçıltı ilə söyləndi.

- Gələrəm, Şıxeyyub babanı da ziyarət edərik.

- İnşallah.

- İndi isə ağlama.

- Alı, mən mətbuatdan cəbhədə baş verənlərin hamısını oxuyuram. Hər gün Ermənistanın və Rusiyanın mətbuatını izləyirəm, onlar güclənirlər.

Alı ətrafa göz gəzdirdi, kimsənin onlara baxmadığını görüncə sağ əlini Aysunun çiyninə qoyub dedi:

- Əzizim, narahat olma, onların arxasında hansı güc, hansı qüvvə dayanırsa, dayansın biz qalib gələcəyik, çünki bu torpaq bizimdir. Zor gücünə bu torpaqlara əsgər gətirsələr də onlar döyüşmürlər. Çünki başa düşürlər ki, bu torpaq onların deyil.

Alı xidmət etdiyi ordunun gücünü, qüdrətini Aysuna nümayiş etdirmək üçün qürurla dedi:

- Biz üç gün ərzində 130-a yaxın kənd, qəsəbə, mərkəzi əraziləri ermənilərdən aldıq. Bu günlərdə Ağdərəni və Xankəndini də alıb, müharibəyə son qoyacağıq.

- Təki sən deyən olsun Alı. Sən Allah özündən muğayat ol. Allah eləməsin ki, sənə bir şey olsun, həmin gün özümü öldürərəm.

Alı xoşagələməz söhbəti dəyişmək üçün gülə-gülə dedi:

- Sən ölmək yox, mənə çoxlu uşaqlar vermək haqqında düşün. Başa düş ki, sən mənə ən azı 7 oğul, 1 qız verəcəksən.

Aysun gülümsədi, başını aşağı saldı. Alı isə dil-boğaza qoymadan hey danışırdı:

- Hə nə deyirsən danışdıq, 7 oğul, 1 qız?

Aysun qızardı. Bir an sonra qəh-qəhə çəkib güldü.

- Yaxşı, sən necə istəyirsən, elə də olacaq. 6,7, 10 nə qədər uşaq lazımdır, mən sənə onlara verəcəm. Yetər ki, sən bunu istə. Yetər ki, sən mənim başımın üstündə ol. Yetər ki, biz bir ailə olaq, bir yerdə yaşayaq.

Alı xoş ovqatla söbətə axar verməsindən sevindi. Bir xeyli də, söhbət etdikdən sonra Aysunla bulağa yaxınlaşıb, birlikdə qabları yudular. Sonra da valideynlərinə yaxınlaşıb, masa arxasında şirin-şirin söhbət edərək, çay içdilər. Sanki 10-15 km qabaqda müharibə getmirdi. Sanki sakit bir gün idi…

Alı nə fikirləşdisə, valideynlərindən icazə alıb, gözdən itdi. Az sonra əsgər dostları Şakir Quliyev, Cavid Axundov, Oruc Muradov və dostları Qismət İsmayılzadə ilə geri qayıtdı. Alı dostlarına - Bu mənim anam, atam, qardaşım və sevdiyim qızdır, - deyə yaxınlarını təqdim etdi. Ayaqüstü salam-kəlamdan sonra Alı onları masa arxasında əyləşməyə dəvət etdi. Aysun yenidən masa üzərinə evdən bişirilib gətirilən yeməklərdən düzdü. Əsgər yoldaşları istəməsələr də Alını qırmadılar. Çörək yedilər, çay içdilər. Bir- biri haqqında məlumatlar verdilər. Şirin söhbət xeyli çəkdi...

*** *** ***

Maşın işğaldan azad edilən Əskəranın boş, yiyəsiz küçə və meydanlarından keçib, Xramort istiqamətinə yol alanda Mehdi Qələndərli rahat nəfəs aldı. Hətta bir qədər də sakitləşmək üçün “Jiquli”nin yan şüşəsini də açdı. Qışın sərt soyuğu onun üzünə vuranda, hiss etdiki, ürəyinin döyüntüsü tamamilə kəsildi. Bu bir qədər çəkdi. Daha sonra salona soyuq hava axınının yayılmaması üçün şüşəni bağladı. Yanında oturan həmkarı Cəlal Xuduyev Mehdi Qələndərlinin narahat və qayğılı olduğunu hiss etdi-yindən ona - Mehdi müəllim, nə isə olub, - deyə sual etdi.

Mehdi Qələndərli uzun illərin dostu, həmkarı Cəlalın qarşısında acizliyini, zəifliyini göstərməmək üçün gülümsəyərək dedi:

- Heç narahat olma, hələ ki, yaxşılıqdı.

Cəlal Xuduyev yenidən sual etdi:

- Bəlkə, Bakıya qayıdaq, rəislə görüşək, məsələnin ciddiliyini onun nəzərinə çatdıraq. Qoy onun özü problemin həlli ilə bağlı bir yol tapsın.

Mehdi Qələndərli artıq qaralmaqda olan havaya şüşənin arxasından baxıb, yenidən dostuna dedi:

- 4-cü alayın komandiri Fərəc Ağayevlə görüşək, əgər bir şey alınmasa, elə sən deyən kimi edərik.

Qabaq oturacaqda, sürücünün yanında əyləşən Xanoğlan Qasımov da arxaya çevrilib, həmkarlarına məsləhət üçün dedi:

- Gərək biz Horadizə gedib, gecəni orada qalıb, sonra Xramorta gələrdik. "Gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır"- deyiblər.

Mehdi Qələndərli dostunun narahatçılığını başa düşdüyündən, ona təskinlik vermək üçün dedi:

- 10 dəqiqəlik yoldur. Görüşək hə, hə, yox, yox.

Cəlal Xuduyev əlavə eti:

- Əgər Fərəc Ağayev bizi əliboş yola salsa, Horadizə deyil, birbaşa Bakıya gedərik.

Bundan sonra maşında əyləşənlər dinmədilər. Xramorta daxil olub, küçələrlə hərəkət edəndə, yolun sağ və solunda mərmi və raketlərin zərbəsindən partlayan maşınlar, tanklar gözə dəyirdi. Əksəriyyəti də erməni tankları və avtomobilləri idi. Evlərin əksəriyyəti sağ-salamat idi. Bu o demək idi ki, müharibənin keçdiyi bu küçələr o qədər zərər görməyiblər. Bəzi evlərdə hələ də çıraqlar yanırdı.

Mehdi Qələndərli bir qədər diqqətlə baxıb, Cəlal Xuduyevə sual etdi:

- O evlərdə yanan işıqlar nə deməkdir?

Cəlal Xuduyev, söz demək istəyərkən, öndə oturan Xanoğlan Qasımov hazırcavablıq etdi:

-Yəqin Ermənistandan qaçqın düşənlərdir. Hazır evləri zəbt edib, məskunlaşıblar. Onları qınamaq da olmaz. İndi elə bir vaxtdır ki, ev-eşik tapmaq bir az çətindir.

Cəlal Xuduyevdə sözünü eyni fikirlə davam etdirdi:

- Başqa kim ola bilər ki? Ya da əsgər və zabitlərdir ki, yorğunluqlarını almaq üçün 2-3 saatlıq həmin evlərdə dincəlirlər.

Bu səpkili söhbətlər bir neçə dəqiqə davam etdi. Onların qarşısını yolun sağ və solunda tanklar saxlanmış, ortada isə silahlı dayanan əsgərlər kəsdi. Sürücü maşını saxlayınca əsgər - kimsiniz və nə lazımdır, - deyə sual etdi.

Mehdi Qələndərli - rəisiniz kimdir? - deyə açdığı pəncərədən əsgərə müraciət etdi.

Qarşısında baş leytenant peyda olunca Mehdi Qələndərli vəsiqəsini çıxarıb göstərdi. Biz Fərəc Ağayevlə görüşməliyik, - deyə zabitə bildirdi.

Baş leytenant Mehdi Qələndərlinin vəsiqəsinə fənərin işığında diqqətlə baxdıqdan sonra - oldu Mehdi müəllim, - deyə, digərlərinin də vəsiqələrinə baxmaq istədiyini bildirdi.

(Ardı var)

İlham Əliyev,

Yazıçı-publisist