Axalkalakidə etirazlar: - 1 nəfər öldürülüb, bir neçə ev yandırılıb

9 Avqust 2020 23:03 (UTC+04:00)

Etnik ermənilərin üstünlük təşkil etdiyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin inzibati mərkəzi olan Axalkalakidə avqustun 8-də baş verən qətl hadisəsi şəhərdə qarışıqlıq yaradıb. Polis qəsəbəyə xüsusi təyinatlıları cəlb etməli olub.

Axalkalakidə qətldə şübhəli bilinən şəxs saxlanılıb

"Novosti-Georgia" agentliyi ölkənin daxili işlər nazirliyinə istinadla xəbər verir ki, Axalkalakidə iğtişaşlara səbəb olan qətldə günahlandırılan şəxs saxlanılıb. Avqustun 8-də yayılan məlumatlara görə, 27 yaşlı Kulikam kənd sakini münaqişə zəmnində gülələnib və o xəstəxanaya çatdırılandan bir qədər sonra ölüb. Qəsdən adamöldürmə və qanunsuz olaraq odlu silah əldə etmə və saxlama ittihamları ilə 37 yaşlı A.G. tutulub. Saxlanılan şəxsi 7 ildən 15 ilə qədər həbs cəzası gözləyir.


Axalkalaki, 8 avqust 2020

Gürcüstanın daxili işlər nazirinin müavini Vladimir Bortsvadze avqustun 9-u səhər saatlarında Axalkalakiyə gəlib. O, hazırda şəhərdə sakitlik olduğunu deyib. “Gördüyünüz kimi, vəziyyət sabitdir. Polis ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün səfərbər olub ”deyə Bortsvadze jurnalistlərə bildirib.

***

Gürcüstanın cənubundakı Axalkalaki bölgəsində bir neçə saatdır küçə iğtişaşlarının davam etdiyi - bir nəfərin öldürüldüyü, ən azı bir nəfərin də yaralandığı bildirilir. Bu barədə Cavaxeti İnformasiya Mərkəzi məlumat yayıb.

İlkin məlumatlara görə, Kulikam kəndinin 27 yaşlı sakininin qətlinin ardınca qarətlər baş verib. Bir qrup gənc şəhərin mərkəzindəki "Artsek" otelini yandırıb, binanın pəncərələri və qapıları qırılıb. Bundan başqa ərazidə çəkiliş aparan yerli xəbər agentliyi müxbirinin kamerası zədələnib.

Yerli KİV-in məlumatlarına görə, "Artsek" otelinin sahibinə məxsus üç ev yandırılıb, bir avtomobilə də zərər vurulub.

Samtsxe-Cavaxetinin qubernatoru Besik Amiranashvili hadisə yerinə gəlib. Onun sözlərinə görə, Axalkalakiyə əlavə polis və xüsusi təyinatlılar yerləşdirilir. O, vəziyyətin nəzarət altında olduğunu bildirib: “Axalkalakidəki vəziyyətə Daxili İşlər Nazirliyi, kriminal polis qüvvələri, patrul polisi və Təcili Xidmət tərəfindən nəzarət olunur. Xüsusi tapşırıqlar şöbəsinin qüvvələri də səfərbər edilmişdir”.

Qubernatorun açıqlamasına görə, iğtişaşlara "cinayət hadisəsi" səbəb olub. O deyib ki, "Artsek" otelinin sahibi hansısa formada Kulikam kənd sakininin qatilləri ilə əlaqəli ola bilər. Onun sözlərinə görə, hazırda polis həm nəzarətin qurulması, həm də cinayətdə iştirak etmiş şəxslərin tutulması üçün çalışır.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin iki maddəsi: "qəsdən adam öldürmə" və "qanunsuz olaraq odlu silah əldə etmə və saxlama" maddələri cinayət işi başlanılıb.

Bundan əvvəl də Axalkalakidə silahlı toqquşma olub, özü də münaqişədə deputat da olub

"Axalkalaki" Xəbər Agentliyi hələ bu il martın 26-da Gürcüstan parlamentinin deputatı Enzel Mkoyanın əlində tapança kimisə təqib etdiyini göstərən video yayıb. Həmin kadrların yer aldığı yazıda qeyd olunur ki, əlində silah olan adam hakim "Gürcü Arzusu Partiyası"nın üzvü, deputat Enzel Mkoyandır və o tapançanı dolduraraq kimisə təqib edir. Məlumatda vurğulanır ki, həmin vaxt hadisə yerində olan polis silahlı deputatı dayandırmağa çalışsa da bu mükün olmur. "Novosti-Georgia" saytının yazır ki, polislərdən biri silahlı adama yaxınlaşıb nə isə deyir, amma o polisi itələyir.

Gürcüstan, Axalkalaki, Enzel Mkoyan

Məlumata görə, martın 26-da baş verən hadisədən sonra iki nəfər tutulub. Onlar Axalkalaki bələdiyyəsinin Sakrebulo (rayon məclisi) "Gürcüstan Vətənpərvərlər İttifaqı Partiyası"ndan olan üzvü, Gürcüstan parlamentinin sabiq deputatı Samvel Petrosyan və Mkoyanın qardaşı oğlu Armen Mkoyan. Onlara xuliqanlıq və qanunsuz silah saxlamaq ittihamı verilib. Məhkəmə qərarı ilə hər ikisi istintaqın sonuna qədər girov müqabilində sərbəst buraxılıb. Bir versiyaya görə, hadisə Enzel Mkoyan ilə Samvel Petrosyan arasında uzun müddət davam edən qarşıdurma səbəbində olub. "Gürcü Arzusu" partiyasının üzvü Enzel Mkoyan deyib ki, Samvel Petrosyan ona hücum edərək öldürməyə cəhd etdiyi üçün o da özünü müdafiə edib.

Atışmadan sonra müxalifət Enzel Mkoyanın deputat mandatından məhrum edilməsini və ona qarşı cinayət işi başlanmasını tələb edib. Amma partiyadaşları siyasətçini müdafiə ediblər. "Gürcü Arzusu"nun icra katibi, parlamentin sabiq spikeri İrakli Kobaxidze Mkoyanı məsuliyyətə cəlb etmək üçün heç bir əsas olmadığını bildirib. Enzel Mkoyan 1999-cu ildən bəri Gürcüstan parlamentinin üzvüdür.