Belarusda 12 saat davam edən prezident seçkisi başa çatıb

9 Avqust 2020 21:09 (UTC+04:00)

Belarusda 12 saat davam edən prezident seçkisində səsvermə Bakı vaxtilə saat 21-də başa çatıb. Belarus seçki qanunvericiliyində seçkidə “exit-poll” qadağandır, o səbəbdən ilkin nəticələr üçün ancaq rəsmi məlumatları gözləmək lazım gələcək.

Seçki bitdikdən dərhal sonra gözlər müxalifət düşərgəsinə və hakimiyyətə dikilib. İnternetin gün ərzində “ölə-ölə” işləməsi xüsusilə jurnalistləri çətin vəziyyətə salıb. Bir çox telekanallar efirə canlı qoşula bilməyib, yalnız telefonla xəbərləri ötürə biliblər. Gün ərzində YouTube işləməyib, seçki bitdikdən sonra internetin ümumiyyətlə kəsilməsi xəbərləri gəlməkdədir.

Seçki məntəqələri bağlanan kimi ən müxtəlif şayiələr yayılmağa başlayıb. Bunlar sırasında Lukaşenkonun ailəsinin ölkəni tərk etməsindən tutmuş ölkənin əsas şəhərlərinə ordu yeridilməsi xəbərləri var. Bildirilir ki, güc strukturlarlı xalqın hər hansı bir etiraza qalxacağı təqdirdə hərəkətə keçmək əmri gözləyir. Məlumdur ki, ötən gecə Minskə qoşun bölmələri gətirilib və bunlarla bağlı hökumət heç bir məlumat yaymayıb. Həbslərlə bağlı da xəbərlər xeyli intensivləşib.

Məlumdur ki, Svetlana Tixanovskayanın seçki qərargahının rəhbəri də daxil olmaqla dünəndən həbsdədirlər. Bildirilir ki, Svetlana Tixanovskaya həbsdə olan bankir Viktor Babarikonun seçki qərargahındadır, amma jurnalistlərlə heç bir təması yoxdur.