Belarusda keçirilən seçkilərdə seçici fəallığı 41,7 faiz olub

9 Avqust 2020 11:55 (UTC+04:00)

Belarus prezidenti vəzifəsinə seçkilərdə növbədənkənar səsvermənin nəticələri açıqlanıb. Belarus Mərkəzi Seçki Komissiyasının saytı xəbər verir ki, 5 gün ərzində keçirilən növbədənkənar səsvermədə seçici fəallığı 41,7 faiz olub.

Brest vilayətində region üzrə seçicilərin siyahısına daxil edilmiş vətəndaşların 38,40 faizi səs verib. Vitebsk vilayətində bu göstərici 39,34 faiz, Qomel vilayətində 54,44 faiz, Qrodno vilayətində isə 38,60 faiz təşkil edib.

Minsk vilayətində növbədənkənar səsvermənin keçirildiyi beş günü ərzində seçicilərin 39,66 faizi, Mogilyov vilayətində 49,42 faizi, Minskdə isə 33,40 faizi səsvermə məntəqələrinə gəliblər.

Adı siyahıya daxil edilən seçicilərin ümumi sayı 6 milyon 836 min 585 nəfər olub.

Növbədənkənar səsverməyə avqustun 4-də start verilib və proses avqustun 8-dək (həmin tarix də daxil olmaqla) davam edib.

Bu gün isə yerli vaxtla 08:00-dan prezident seçkilərinə əsas sesvermə prosesi başlayıb.

Belarus Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb.

Səsvermə prosesini 248 beynəlxalq və 50 minə yaxın yerli müşahidəçi izləyir. Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları da var.