Ankaranın uğuru Ağ Evi hərəkətə gətirib - AÇIQLAMA

8 Avqust 2020 14:38 (UTC+04:00)

"Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra Yaxın Şərqdə yeni geosiyasi proseslərin başlanması müşahidə olunur. Başqa dövlətlərin bölgədə maraqlarını ortaya qoyması bu rəqabəti gücləndirə bilər. Əvvəllər Yaxın Şərqin əsas aktorları qismində ABŞ, İsrail, İran, Rusiya, Səudiyyə Ərəbistanəı çıxış edirdisə, indi həmin regionda Türkiyə, Fransa, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin də fəallaşdığını görmək olar. Beyrutdakı partlayışdan dərhal sonra Fransa prezidenti Emmanuel Makronun Livana səfər etməsi bu baxımdan təsadüf hesab edilmir. Fransa prezidenti Makronun Livana səfəri ilə eyni vaxtda minlərlə livanlı onlayn petisiya imzalayaraq, Fransanı növbəti 10 il ərzində ölkələrini yenidən nəzarətə götürməyə çağırıblar. Müraciətdə deyilir: “Livan rəsmiləri təhlükəsizliyin təmin edilməsində və ölkəni idarə etməkdə tamamilə səriştəsiz olduqlarını açıq şəkildə göstəriblər. Uğursuz bir sistem, korrupsiya, terrorizm və yaraqlıların tüğyan etməsi ilə ölkə son nəfəsinə çatıb”. Bununla belə, xəbər hazırlananadək sözügedən petisiyanı 48 min nəfər imzalasa da, sosial mediada bir sıra tənqidlərlə üzləşib". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Politoloq hesab edir ki, Fransanın qeyd edilən aktivliyi vaxtilə Yaxın Şərqdə malik olduğu geosiyasi mövqeləri geri qaytarmaq iddiasından irəli gəlir: “Beyrutda baş verən hadisələr Yaxın və Orta Şərqdə geosiyasi güc mərkəzləri arasında mübarizənin başlanacağından xəbər verir. Livanın paytaxtındakı partlayış yalnız məmurların diqqətsizliyindən və məsuliyyətsizliyindən irəli gəlmir. Həmin partlayışın arxasında duran şəxslərin “MOSSAD”, “Mİ-6”, ABŞ-ın xüsusi xidmət orqanları ilə bağlılığı da istisna olunmur. Hərhalda bu məsələlərə Livan hökuməti aydınlıq gətirməlidir. Prezident Emmanuel Makronun Livana səfərinə gəlincə, ümumiyyətlə, son aylar beynəlxalaq münasibətlər sistemində 100 il öncə baş vermiş hadisələrin sanki təkrarı müşahidə olunur. Bir neçə gün sonra Türkiyə ilə Antanta arasında Sevr müqaviləsinin imzalanmasının 100-cü ildönümüdür. Yaxud Lozan konfransında Türkiyənin müstəqilliyinin əldə edilməsinə münasibət sərgilənmişdi. Bu məsələyə də Türkiyə hökumətinin mövqeyi bəlli olur. Ən azı Ərdoğanın bir əsr əvvəl baş vermiş hadisələrə münasibəti Osmanlı imperiyasının dağılması və onun yerində türk xalqını təmsil edən Türkiyə Cümhuriyətinin meydana gəlməsi fonunda diqqəti cəlb edir. Birinci Dünya Müharibəsinin nəticələrinə qalib gəlmiş dövlətlərin maraqları baxımından aydınlıq gətirən Versal Konfransında bəzi ərəb dövlətlərinin idarəçiliyi Fransanın və Britaniyanın mandat idarəçiliyinə verildi. Vaxtilə, Suriya, Livan və İraq da Fransanın mandat idarəçiliynə verilmişdi. Beynəlxalq güclər arasında 100 il əvvəl bu bölgədə baş vermiş hadisələrin yenidən gündəmə gətirlməsi ilə bağlı tendensiyaları müşahidə edirik. Nə üçün Fransanın fəallaşdığını görürük? Nə üçün Türkiyənin Liviyada və Aralıq dənizi hövzəsindəki mövqelərinə qarşı Fransa və Yunanıstan çıxış edir? Xatırlamaq lazımdır ki, həmin ölkələr vaxtilə Osmanlı imperiyasının nəzarətində olub və Tripoli müharibəsindən sonra bu ərazilər İtaliyaya güzəştə gedildi. XVIII-XIX əsrlərdə Afrikanın şimal-qərbi boyunca Osmanlı dövləti ilə Fransa arasında kəskin müharibə gedib. Bu baxımdan, Ərdoğan hökumətinin həyata keçirdiyi fəal siyasət və Türkiyə dövlətinin regiondakı maraqlarını qoruması görünür, rəsmi Ankaranın uğurlarından narahat olan müttəfiqlərini hərəkətə gətirib. Fransanı bu məsələdə qabağa verməklə ABŞ bu məsələdə sanki heç bir məsuliyyət daşımadığını və Türkiyə ilə münasibətlərdə yaşana biləcək hər hansı problemdən özünü sığortalamağa çalışır".

E.Manafov bildirib ki, ümumiyyətlə, Livan məsələsinə yanaşmada nəzərə alınmalıdır ki, bu ölkənin ərəb dünyasında əlahiddə yeri var: "Livan İranın şiə inqilabını vaxtilə ixrac edə bildiyi ölkədir. Suriyada, İraqda olduğu qədər Livanda “Hizbullah” gücə malikdir. İran siyasi elitasına yaxın olan qüvvələrin Livanda hakimiyyətdən kənarlaşdırılması ABŞ-ın yeni dünya nizamı ilə bağlı planlarının tərkib hissəsidir. Bu prosesdə yəqin ki, Fransaya da yer ayrılıb. Fransanın bu məsələdə aktivliyi bölgə uğrunda Rusiya, Türkiyə və İran arasında əldə edilmiş razılıqlara münasibətdə Qərb dövlətlərinin adekvat mövqeyindən irəli gəlir. Bu gün məhz Fransanın önə çıxması 100 il əvvəl Versal konfransında beynəlxalq güclər arasında əldə edilmiş razılıqların Yaxın Şərqlə bağlı yenidən gündəmə gətirilməsi nöqteyi-nəzərindən qəbul olunmalıdır. Fransanı beynəlxalq güclər bilərəkdən qabağa verir. ABŞ-ın və Qərbin siyasətinə boyun əyməyən ayrı-ayrı ərəb dövlətlərinin elitalarını ram etmək üçün 100 il əvvəlki planlara müraciət olunub. Bu siyasətin müəllifi də ABŞ və onun müttəfiqləridir”.