Atılan addımlar Prezident-vətəndaş münasibətlərinin real təzahürüdür

8 Avqust 2020 13:37 (UTC+04:00)

Bu gün Azərbaycan dövləti COVID-19 pandemiyasına qarşı ən təkmil mübarizə vasitələrindən istifadə edir. Xüsusilə ixtisaslaşmış xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchizatı və yeni modul tipli xəstəxanaların inşası bu bəşəri bəlaya qarşı mübarizədə əsas faktordur. Artıq müxtəlif vaxtlarda paytaxtın Bilgəh qəsəbəsində, Xətai rayonunda, Gəncədə, Sumqayıt şəhərində, Abşeron rayonunun Saray qəsəbəsində, İsmayıllı, Qobustan rayonlarında və digər bir neçə rayonda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 10 modul tipli xəstəxanalar tam istifadəyə verilib. Bu xəstəxanalar COVID-19 pandemiyası ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranıb.

Burada əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı bu tibb müəssisələri tamamilə oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir.

Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da keçirdiyi videoformatda müşavirədə bu barədə səmərəli işlərin həyata keçirildiyini bildirib. Vurğulayıb ki, bu istiqamətdə bütün təşkilati məsələlər lazımi səviyyədə görülməli idi və biz buna nail olduq: “Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.

Prezident İlham Əliyev peşəkar tibbi personalın formalaşmasını da koronavirusla mübarizənin əsas hissəsi hesab edir. Ona görə də yerli mütəxəssislərlə bərabər, xarici ölkələrdən də həkimlərin gətirilməsi işində də dövlət ciddi addımlar atıb. Belə ki, hazırda bir neçə ölkədən həkimlər dəvət edilib və onlar Azərbaycanda xəstələrin müalicəsi ilə məşğuldurlar.

Xüsusilə Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadaları artıq koronavirusla mübarizədə öz təcrübə və peşəkarlıqlarını nümayiş etdirirlər. Bu önəmli faktdır ki, modul tipli xəstəxanaların tikintisi ilə bağlı qərar hələ ölkəmizdə pandemiyanın zəif olduğu dövrlərdə verilmişdi. Bu isə Prezident İlham Əliyevin daha bir müdrik addımının nəticəsidir. Çünki bu pandemiya elə bir bəladır ki, onun tam qarşısının alınması hələ də məchul olaraq qalır. Hətta bəzi ölkələrdə pandemiyanın başa çatdığı düşünülsə də ikinci dalğa başlayıb.

Təbii ki, modul tipli xəstəxanaların tikilməsi zəruri ehtiyacdan doğmuşdur. Orada minlərlə xəstənin müalicəsi təmin edilir, əks halda bu xəstəxanalar olmasaydı, onlar məcbur olub ev şəraitində müalicə almalı olacaqdılar. Modul tipli xəstəxanalar müasir tibbi avadanlıqlarla tam təmin olunub. Onun iqtisadi səmərəliliyi həm də ondar ki, tikilməsi qısa müddətə başa gəldiyi kimi, lazım gəldiyi təqdirdə bir yerdən başqa bir yerə daşına bilir. Pandemiya bitdikdən sonra bu xəstəxanalar hərbi səhra hospitalı kimi də istifadə oluna bilər. Yəni, bu xəstəxanalar üçün çəkilən xərc heç də hədər getmir. Eyni zamanda, modul tipli xəstəxanaların tikintisi bilavasitə səhiyyə sistemindəki infrastrukturu da ağır yüklənmədən xilas edir. Koronavirus pandemiyası ilə mübarizədə səhiyyə infrastrukturunun qurulması ilə bərabər, vətənpərvər, peşəkar və dəyanətli həkimlərimizin də əməyi yüksək qiymətləndirilir. Xüsüsilə bu dövrdə Azərbaycanın səhiyyə sisteminin dayanıqlılığı və həkimlərimizin qabiliyyəti, bacarığı və fədakarlığı bir daha isbatlandı. Həkimlər öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağlamlığını yenidən qaytarmaq üçün bütün imkanlardan istifadə edirlər.

Eyni zamanda, dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir. Məhz bunun nəticəsidir ki, ölkə başçısının göstərişi ilə həkimlərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə müəyyən edilib.

İntizar Rzayeva, Ramana bələdiyyəsinin sədri