Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır

8 Avqust 2020 13:35 (UTC+04:00)

Pandemiyanın dünyanı ağuşuna aldığı bir zamanda Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər sistemi, qəbul etdiyi qərarlar hər bir vətəndaşının yanında olduğunu təsdiqlədi. Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə dövründə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın beynəlxalq aləmdə sosial dövlət kimi yeri və rolunu möhkəmləndirir. Sosial dövlətdə islahatların mərkəzində məhz vətəndaş və onun məmnunluq faktoru durur.

Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3,5 milyard manatdır.Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir.

Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir. Dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. İşsizlər və karantin dövründə iş yerlərini müvəqqəti itirmiş insanlar üçün maliyyə yardımının göstərilməsi də deyilənlərin bariz nümunəsidir. Dövlət başçısının tapşırığına əsasən işləməyən və məşğulluq mərkəzlərində qeydiyyatdan keçmiş vətəndaşlara aprel–may aylarında yardım kimi 190 manat vəsait ödənilməsinə başlanılıb.

İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Ancaq Prezident hesab etdi ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayı 600 minə çatdırılsın. Dövlət başçısının humanist siyasətinin nəticəsi olaraq, bu gün təkcə işsizlər deyil, onlarla bərabər bu vaxta qədər qeyri-formal şəkildə, yəni əmək müqaviləsi olmadan işləmiş və elə bu səbəbdən də xüsusi karantin rejimində dərhal işini itirmiş insanlar da birdəfəlik ödəmə proqramı ilə əhatə olundular. Bu məqsədlə 229 milyon manat sərf olunub. Əlavə olaraq, sonralar sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon üzrə 290 minə yaxın şəxs 190 manat ödənişlə təmin edilib, bu məqsədlə 55 milyon manat vəsait sərf olunub. Ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, sosial yardımın alınması ilə bağlı müraciət prosedurunun aztəminatlı insanlar üçün daha rahat və sadə olması üçün qanunvericiliyə dəyişiklik layihələri də artıq aidiyyəti üzrə təqdim edilib.

Ünvanlı sosial yardım alan ailələrin sayı son aylarda 15 minədək artaraq 85 min olub. Onlarda ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Pandemiya ilə əlaqədar daha da genişlənən sosial dəstək proqramları əsasında işsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri də yumşaldılacaq. Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi artıq hazırlanıb. Layihənin qəbulu imkan verəcək ki, işsizlikdən sığorta ödənişləri ilə daha çox insan əhatə olunsun. Hazırlanmış yeni qanunvercilik layihəsində əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişinin şamil edilməsi təklifi qeyd edilib.

2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparıldı. 15 000-dən çox tənha yaşlı sosial xidmətlərlə əhatə olundu. Sosial tərəfdaşlar vasitəsilə 100 min ərzaq payı aztəminatlı ailələrə (400 min ailə üzvü) verilib. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dək şəxs stasionar şəraitdə sosial xidmətlə təmin olunur. Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manat təşkil edib. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, vergi, sığorta, kredit güzəştləri üzrə icra olunan paketlər çərçivəsində də 100 minlərlə insana dəstək verilir. Görülən tədbirlər Prezident İlham Əliyevin “Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır” fikrinin bariz təzahürüdür.

Natiq Musayev, YAP Sabunçu rayon təşkilatının ərazi ilk partiya təşkilat sədri