Koronavirusla mübarizədə yenidən müsbət dinamika əldə olunub

8 Avqust 2020 13:32 (UTC+04:00)

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirələr, iclaslar, etdiyi çıxışlar, söylədiyi nitqlər özü bir tarixdir, tarixə həkk olunur. Çünki hər birində xalqın, dövlətin, yerləşdiyimiz bölgənin, regionun, bütövlükdə dünyanın taleyüklü məsələləri ilə bağlı dərin, məzmunlu, geniş və əhatəli fikirlər səsləndirilir, mesajlar verilir. Hər biri də inkişafa, tərəqqiyə, sülhə, təhlükəsizliyə, insan sağlamlığının və rahatlığının təmin edilməsinə yönəlik fikirlər, mesajlar, bəyanatlardır.

Avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə dövlətimizin başçısının həm giriş, həm yekun nitqləri, səsləndirdiyi fikirlər, mesajlar bir daha deyilənlərin təsdiqi oldu. Azərbaycan koronavirus pandemiyasının qarşısının alınması, onun genişlənməsinə imkan verilməməsi istiqamətində böyük işlər görüb. Dövlətimizin gördüyü işlər, atdığı bu addımlar hər bir dövlət üçün nümunə ola bilər. Pandemiyanın xüsusilə, iqtisadi inkişafa, iqtisadiyyata böyük zərbələr vurmasına rəğmən, Azərbaycan dövlətinin bu çətin və ağır situasiyada da başlıca, əsas xətti, hədəfi Azərbaycan vətəndaşları, onların sağlamlığı, təhlükəsizliyi, bu bəladan az maddi və mənəvi itkilərlə çıxması olub və bunlara da nail olunub.

"Bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. Mən bir daha qeyd etmək istəyirəm, - bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”, - deyən dövlətimizin başçısı çıxışında onu da bildirib ki, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülüb. Yəni, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub, 760 min insana lazımi maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub. Həmçinin son bir neçə ay ərzində 600 mindən çox insana 190 manat birdəfəlik müavinət verilib və hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir ki, həmin rayonların bu kateqoriyaya aid insanlarına avqust ayında da 190 manat birdəfəlik müavinət ödəniləcək. Bununla bağlı çıxışında dövlətimizin başçısı hökumətə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq tapşırığını verdi. Dövlətimizin başçısı müşavirədəki çıxışında bir daha hər bir kəsi məsuliyyətli olmağa, koronavirus pandemiyasının aradan qaldırılması ilə bağlı görülən işlər nəticəsində əldə edilən müsbət dinamikanı qoruyub, saxlamağa dəvət edərək dedi: “Əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq”.

Bu bəladan tezliklə birlikdə xilas olmaq, qurtulmaq istəyiriksə, bu dönəmdə də səbirli, təmkinli, soyuqqanlı olmalı, Operativ Qərargahın, TƏBİB-in, mütəxəssislərin bütün tövsiyələrinə, çağırışlarına, qərarlarına bir nəfər kimi, əməl etməliyik. İnanıram və əminəm ki, biz bunu da bacaracağıq və birlikdə daha da güclü olacağıq.

Məşədihüseynov Eyyub, YAP Sabunçu rayon təşkilatının ərazi ilk partiya təşkilat sədri