"Zorakılığa məruz qalan qadınlarımız qınaqdan qorxurlar"

8 Avqust 2020 14:14 (UTC+04:00)

Aparıcı Zaur Baxşəliyev qadına qarşı şiddətdən bəhs edib. SİA-nın məlumatına görə, aparıcı bu sözləri deyib: "Uzun illərdir sosial layihələrin aparıcısı və layihə rəhbəriyəm. Hər gün onlarla sosial problemlər dinləyirəm. Aliment və uşaqpulu ala bilməyən tək analar... Belə ailələr yüzlərlədir desəm, bəlkə də yanılmaram. Zorakılığa məruz qalan qadınlarımız məcburən dözürlər, çünki ictimai qınaqdan qorxurlar. Dözə bilməyib ayrılan ana-bacılarımız isə illərlə aliment ala bilmirlər. Onlar haqlarını tələb edəndə, yenə qınaq, tənə olunurlar.

Bu halda bir, iki, üç, hətta bəzən beş, altı uşaqla ayrılan anaların aqibəti necə olmalıdır? Lap ərinə iki-üç dəfə xəbərdarlıq edildi, sonra həbsə girdi (hətta bunu göz önünə alan, cəhənnəm olsun, bir-iki il iş verəcəklər yatıb çıxaram deyən ərlər də az deyil) sonra nə olur? Daha böyük aqressivlik, şiddət və nəhayət, faciə. Qarşı tərəfin isə yalnız bir arqumenti olur: işim yoxdur, haradan verim? Əslində, burada da həqiqət az deyil. Ona görə də bu cür ailələr üçün bir xüsusi proqramın hazırlanmasının vacibliyini düşünürəm. O ailələrdə böyüyən uşaqlar, heç yerdən ümid olmadığını, görəndə necə böyüyəcək? Hələ körpə yaşlarından atadan zərbə alan atasını, anadan sevgi görməyən anasını, əlaqədar qurumlardan, qanuni haqlarını almayan, dövlətini, Vətənini, xalqını sevə biləcəkmi? Allah, vətən, valideyn, həyat yoldaşı, övlad borcunun nə olduğunu anlayacaqmı? Düşünək".