Bizim əsas məqsədimiz yoluxmanın sürətinin azaldılmasıdır - Prezidentin köməkçisi

8 Avqust 2020 11:21 (UTC+04:00)

Gələn həftənin birinci günündən etibarən qeyri-ərzaq dükanları açılacaq və digər məhdudiyyətlər yumşaldılacaq. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu, nəticə etibarilə digər ölkələrin də təcrübəsinə uyğundur: "Yumşalmaya getdikcə risk artır, yoluxmalar artır, bunu digər ölkələrin təcrübəsində görürük. Yumşalmalara getdikcə yoluxmaların artması mümkündür, böyük ehtimal ki, bu, baş verəcək. Bizim əsas məqsədimiz yoluxmanın sürətinin azaldılmasıdır. Bunun üçün 3 əsas istiqamət var. Birincisi karantin rejiminin tələblərinə riayət etməkdir. Bu qaydalara riayət etsək, yoluxma sürəti azalacaq.

İkinci əsas istiqamət bu qaydalara nəzarətin həyata keçirilməsidir. Bu gün Baş nazir tərəfindən böyük bir iclas keçiriləcək və bu istiqamətdə tapşırıqlar veriləcək.

Üçüncü istiqamət isə yoluxanların tez aşkar edilməsidir".