30 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı - FOTOLAR

7 Avqust 2020 18:41 (UTC+04:00)

Ölkə ərazisinə qeyri-leqal yollarla gətirilən külli miqdarda narkotik vasitə və psixotrop maddənin realizə olunmasının qarşısı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Emin Əhədov saxlanılıb. Üzərində şəxsi axtarış aparılan zaman ondan 2 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Emin Əhədovun Yasamal rayonunda yaşadığı evdən 21 kiloqram 508 qram heroin və 8 kiloqram 989 qram metamfetamin aşkar edilib. Bu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 30 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırma zamanı müəyyən edilib ki, Emin Əhədov şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsini təşkil edib. Həmin şəxslə “WhatsApp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan Emin Əhədov narkotik vasitələri Füzuli rayonu ərazisində əldə edəndən sonra yaşadığı evdə saxlayıb. Onun narkotik vasitələri respublikanın müxtəlif yerlərində gizlədib həmin ünvanların şəklini çəkərək İran vətəndaşına göndərməyi, sonuncunun isə həmin məlumatları şəxsiyyətləri istintaqla araşdırılan ölkə ərazisindəki narkokuryerlərə ötürməyi planlaşdırdıqları müəyyənləşdirilib. Qeyd edək ki, Emin Əhədov bir neçə dəfə bu yolla həmin şəxsin vasitəsilə narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Emin Əhədov tutularaq istintaqa təqdim olunub. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.