“Sabitliyə, təhlükəsizliyə və rifaha gedən yol İlham Əliyev yoludur!” ÖZƏL-MÜNASİBƏT

7 Avqust 2020 16:51 (UTC+04:00)

“Pandemiyaya qarşı mübarizədə müşahidə edilən müsbət dinamika birmənalı olaraq ölkə başçısının ən ağır senariyə hazırlıqlı olmaqla yanaşı, ölkədə sabitlik və təhlükəsiz platformanın təminatı üçün əlindən gələni etməsi sayəsindədir”. Bu sözləri Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirə ilə bağlı SİA-ya verdiyi açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, məhz Cənab Prezident İlham Əliyevin operativliyi və vəziyyəti qısa bir zamanda idarə edə bilmə bacarığı sayəsində Azərbaycan sözün əsl mənasında koronavirusa qarşı görülən bütün tədbirləri, vaxtında görməyə müvəffəq olub.

“Bütün ölkələrin praktikasında görürük ki, pandemiyanın birinci, ikinci dalgası deyə şərh edilir. Azərbaycanda isə bu məsələ başladığı gündən bu günə qədər sistemli və stabil şəkildə müşahidə edilir. Çünki ölkədə vətəndaşın təhlükəsizliyi və sabitlik ən önəmli faktordur. Prinsip etibarilə pandemiya zamanı Cənab Prezident bütün qabaqlayıcı tədbirlərin görülməsiylə bağlı gərəkli göstərişləri və tövsiyyələri verməklə yanaşı, xaricdə yaşayan soydaşlarımız da daxil olmaqla, şəhid ailələri və aztəminatlı ailələrə xüsusi qayğı və diqqətin göstərilməsini öz nəzarətinə aldı. Gərəkdiyi halda buna görə icra başçılarını belə cəzalandırdı. Amma heç kəsi diqqətdən kənar qoymadı. Bu qısa zaman kəsiyində bir neçə xəstəxananı xəstələrin üzünə açdı, həkimlərin maaşlarını qaldırdı. Belə bir zamanda işğalçı Ermənistanın Toviz istiqamətindəki hücumlarına da gərəkli cavabı verməkdən çəkinmədi. Hətta sözün əsl mənasında buna Ali Baş Komandan olaraq çox layiqli cavab verilməsinə nail oldu. Bu qədər işin eyni vaxtda öhdəsindən gələ bilmək olduqca çətindir. Üstəlik ölkə daxilində öz vəzifələrindən sui-istifadə edənlərdən də xalqı qorumaq missiyasını da Cənab Prezident öz çiyinlərinə götürüb. Hesab edirəm bu qədər işin öhtəsindən gələ bilmək üçün sadəcə lider olmaq gərəkir. Ona görə də, bütün soydaşlarımıza üzümü tutub, Cənab Prezidentin ətrafında birləşməyə çağırıram. Düşünürəm ki, bizim sabitliyə, təhlükəsiz həyata və rifaha gedən tək yolumuz məhz Cənab İlham Əliyevin yoludur!”, deyə Əsli Kazımova bildirib.